“Əsrin müqaviləsi”ndən 162 milyard dollar mənfəət qazanmışıq
Ölçü:

"Əsrin müqaviləsi" sayəsində Azərbaycan 1 sentyabr 2022-ci ilə qədər 162 milyard dollar mənfəət əldə edib.

Koordinat.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib. O, qeyd edib ki, son 28 ildə həmin müqavilədən həm hökumət vergilərdən qazanc götürüb, həm də Dövlət Neft şirkəti özünə düşən paya görə vəsait qazanıb: "Hazırda Dövlət Neft Fondunda 45 milyard ABŞ dolları mövcuddu. Yerdə qalanların hamısı xərclənib. Xərcələmələrin 90 faizindən çoxu dövlət büdcəsinə transfer edilib: "Neftdən bizə nə gəldi” deyən vətəndaşlar bilməlidir ki, həmişə büdcəmizin yarısından çoxunu Dövlət Neft Fondundan gələn vəsaitlər təmin edib. Neft Fonduna gələn gəlirlərin 95 faizini təkcə bu layihə təmin edir. Bu vəsait təbii ki, hər kəsin şəxsən cibinə daxil olmur. Ancaq hazırda nə görürüksə, nə ediriksə, həmin 162 milyarddan geriyə qalan 120 milyardın sayəsindədir. “Azəri”, “Çıraq” və “Günəşli” layihəsi olmasa, həmin 120 milyardı haradan tapacaqdıq? Ölkəmizin, paytaxtımızın dəyişdirilməsini nəyin hesabına edəcəkdik? İxracı cəmi 3-5 milyon dollar olan kənd təsərrüfatı ilə bunları etmək mümkün deyil. Bu gün həm də qazdan gələn gəlir çox yüksəkdir. Bu il qazdan 20 milyard dollar vəsait əldə edilib”.

İlham Şaban deyib ki, bu müqavilə sayəsində Azərbaycan neft-qaz sazişlərində beynəlxalq şirkətlərə özünü ciddi oyunçu kimi təqdim edə bildi: "Bundan sonra Azərbaycan daha 36 müqavilə imzaladı. Onların realizə etapında nadir hadisə yaşandı. Belə ki, nə hökumət, nə Dövlət Neft Şirkəti, nə də müqaviləni imzalayan xarici şirkətlər sənədin icrası zamanı ona hansısa dəyişiklik və korrektə etdilər. Bu isə indi cənab Prezidentin dediyi kimi, bizim sözümüzün imzamız qədər kəsərli olması faktını hələ o zaman sübut etdi”.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanaraq, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.

"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak edib. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı nəzərdə tutulub. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlanıb.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib.
20.09.2022 15:27:00
Oxuma sayı: 196