Arif Əliyev: "Son iki ildəki toqquşmalar, itkilər yaxın müddət üçün siqnaldır" - MÜSAHİBƏ
Ölçü:

Tanınmış jurnalist, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi olmuş Arif Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, informasiya müharibəsi və sentyabr döyüşləri ilə bağlı sosial şəbəkələrdə səsləndirilən fikirlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

Koordinat.az həmin müsahibəni oxucularına təqdim edir: 

- Arif bəy, sentyabrın 12-dən Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 80 hərbçisi şəhid oldu. Qarşı tərəf də xeyli itkilər verdi. Əvvəlcə, sərhəddə baş verənlərə münasibətinizi bilmək istərdik...
- Hadisələr faciəvidir. Müharibədən sonra hər iki tərəfdən bu qədər itki verilməmişdi. Döyüşlərdə gənclərin həyatını itirməsi böyük rezonans doğurdu. Eyni zamanda sərhəddə baş verənlər Azərbaycana qarşı müxtəlif daxili və xarici reaksiyalarla müşahidə edildi. Hərbi aspektdə əlbəttə ki, Azərbaycanın üstünlüyü göz önündədir. İnformasiya aspektində isə bunu demək çətindir. Mətbuat bəzən susmaq məcburiyyətində qalır. Hadisələrlə bağlı ilk məlumat Ermənistan tərəfindən gəlir. Bizdə yazanlara da ciddi xəbərdarlıq olunur. Digər tərəfdən sosial şəbəkələrdə paylaşılan videolar rezonans doğurdu. Kənardan heç kim gəlib, video çəkilişlər edib, yaya bilməz. Bəzi görüntüləri ermənilər səfirliklərə, beynəlxalq təşkilatlara daşıyırlar, Azərbaycana qarşı güclü “silah” kimi istifadə edirlər. Bu, birinci dəfə deyil. 2020-ci ildə müharibə zamanı bu problemlər üzə çıxdı və bəzi müdafiə təklifləri səsləndirildi, qəbul edildi. Amma yenə də informasiya məkanında boşluqlar qalır.

- Bu qədər itkilərdən sonra sülhün olacağına inanırsınızmı?
- Mənim mövqeyim dəyişmir. Burada ən radikal və düzgün addım, bir çox sualların qalmasına baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bu, qarşılıqlı ərazi bütövlüyünün tanınması deməkdir. Ermənistanda da artıq ciddi narahatlıqlar var. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi regionda güclü imkanları olan bəzi xarici qüvvələrin manevr şanslarını da xeyli azaltmış olar. Müqavilənin imzalanması vacibdir. Hətta delimitasiya və demarkasiyanı gözləmək də lazım deyil. Çünki delimitasiya və demarkasiya olduqca çox “su aparan” məsələlərdir. Çünki bizim digər qonşularımız - Rusiya, heç bir münaqişəmiz olmayan Gürcüstanla da sərhədlərimizdə vaxtaşırı anlaşılmazlıq olur. Xüsusilə, Ermənistanla belə durumun qalması istisna deyil.

- Xaricdə Azərbaycana qarşı informasiya qarşıdurmasının aparılması həmişə ön planda olub. Son təxribatlar zamanı bunu hansı şəkildə müşahidə etdiniz? Ümumilikdə, informasiya müharibəsində vəziyyət necədir?
- Hər şey daxildən başlanır. Elə bir ölkə tanımıram ki, daxildə media zəif olsun, informasiya siyasətində problemlər yaransın, amma xaricdə qarşıdurma güclü olsun. Əgər daxildə dayaq yoxdursa, danışmaq fayda verməyəcək. Əlbəttə, informasiya savaşında Azərbaycanın uduzduğu fikrində deyiləm. Müəyyən dövrlər olur ki, Azərbaycan çox yaxşı nəticələr əldə edir. Məsələn, Qarabağ savaşının son dövrlərində və ondan sonrakı ilk vaxtlar xaricdən gələn təzyiqlərə qarşı üstünlük əldə etdik. Xaricdə heç kim “qara qaşımıza, qara gözümüzə” vurulmayıb. Hamı düşmənimiz də deyil. Onların konkret maraqları var, həmin maraqlar dövrə uyğun olaraq dəyişir. Bu dövrdə onların hansı materiallarla təmin olunması çox vacibdir. Son döyüşlər haqqında xaricdə yayılan materialların bəziləri Ermənistanda istehsal edilməyib. Bunlar Azərbaycanın sosial şəbəkələrində, informasiya məkanında yayılıb. Bu informasiyaların mənbəyini dəqiqləşdirmək çətin deyil. Amma buna görə cəzalanan yoxdur. Daxildə işlərimizi qaydasına sala bilsək, xaricdə uğurlarımız olacaq.

- Azərbaycanın erməni təxribatlarına tutarlı cavabı sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün vacib addımlar kimi qiymətləndirilir.  Siz bu barədə necə düşünürsünüz?
- Bu haqda dəqiq fikir söyləmək çətindir. Çünki sərhədlər real olaraq bilinmir. Sərhədlərin hansı dövrə uyğun olaraq müəyyənləşdirilməsi haqqında razılıq yoxdur. Rəsmi səviyyədə konkretlik yoxdur, hər kəs fərqli illərə aid xəritə irəli sürür. Həm Azərbaycan, həm Ermənistan tərəfdən buna ehtiyatla yanaşılmalıdır. Müqavilə imzalanmamış, delimitasiya və demarkasiya başlamamş hər kəs əlverişli mövqe seçmək istəyir. Çalışılan odur ki, daha əlverişli mövqe seçilsin, sonrakı danışıqlar prosesində bundan üstünlük kimi istifadə olunsun.

- Bəs, bundan sonrakı proseslər nə vəd edir? Gözləntiləriniz nədən ibarətdir?
- İndiki səviyyədə tərəflərin davranışı göstərir ki, hələ uzun müddət gərginlik davam edəcək. Bunun çözülməsi Azərbaycandan və Ermənistandan çox regionda marağı olan Rusiyadan, Avropa İttifaqının cəsarətindən də asılı olacaq.Ermənistana olan təzyiqlər təkcə Azərbaycanla sərhəddən, Qarabağ məsələsindən gələn təzyiqlər deyil.  Ərazi iddiaları, ölkənin daxili məsələləri və digər problemlər var. Ortada siyasi qərar olmadığı halda, indiki şəraitdə proqnoz vermək çətindir. Yaxın müddətdə problemin fundamental həlli imkanları çox kiçik görünür. Müharibənin dayanmasından iki ilə yaxın vaxt keçib. Bu müddət ərzində baş verən toqquşmalar, itkilər ən azı yaxın müddət üçün siqnal olmalıdır.

20.09.2022 13:47:00
Oxuma sayı: 235