İnflyasiya 35 faiz, pensiyalar 9-10 faiz, əməkhaqqı isə 12-13 faiz artıb
Ölçü:


Azərbaycanda 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksinin 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 13 faiz artdığı bildirilir.

Koordinat.az xəbər verir ki, bu barədə avqustun 10-da Dövlət Statistika Komitəsi  məlumat yayıb. Məlumata görə, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 18.7 faiz bahalaşıb. Bu rəqəm, rəsmi açıqlamaya görə, qeyri-ərzaq məhsulları üzrə 7, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.1 faiz təşkil edib.

İqtisadçı Nemət Əliyev isə "Azadlıq Radiosu"na bildirib ki, inflyasiya ilə bağlı Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, yanvar-iyul aylarında gerçək inflyasiyanın səviyyəsi 35-40 faiz təşkil edib: “Bəzi ərzaq məhsullarında ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiya 50-60 təşkil edib. Bəzən isə qiymətlər iki dəfə artıb”.

İqtisadçı qeyd edib ki, ötən dövrdə pensiyalar 9-10 faiz, əmək haqları isə 12-13 faiz artıb deyə, rəsmilər inflyasiya artımını 13 faizdən artıq yaza bilmir: “Əslində isə vəziyyət qat-qat pisdir”.

10.08.2022 16:53:00
Oxuma sayı: 1068