Azərbaycan Londandakı səfirlikdə təxribat törədənlərin adlarını istəyir
Ölçü:

"Avqustun 4-də radikal dini qrup Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Orada vandalizm aktı törədiblər. Rəsmi olaraq bunu pisləyirik, qəbuledilməzdir. Bir çox ölkələr, xüsusilə qardaş Türkiyə hücuma etirazını bildirdi. Bu prosesdə səssiz qalmayan bütün ölkələrə təşəkkür edirəm”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib: “Böyük Britaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Böyük Britaniyadan ilk xahişimiz ciddi təminat verilməsidir. Bu, Böyük Britaniyanın Vyana Konvensiyasına görə öhdəliyidir. Diplomatların təhlükəsizliyi Vyana Konvensiyasını qəbul etmiş hər bir dövlətin məsuliyyətidir. Azərbaycan olaraq biz bu məsələyə ciddi yanaşırıq. Azərbaycanda bütün diplomatik nümayəndəliklər ən yüksək səviyyədə qorunur. Biz Böyük Britaniyadan da eyni yanaşmanı gözləyirik. Digər gözləntimiz Böyük Britaniyanın müvafiq qurumlarının bu hücumun səbəbkarlarının məsuliyyət daşıması və bunun arxasında duran adların müəyyənləşdirilməsi üçün çox ciddi araşdırmaların aparılmasıdır. Onlardan nəticələri gözləyirik”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.
09.08.2022 17:22:00
Oxuma sayı: 3188