Diaspor gənclərinin yay düşərgələri: Şəki, Şamaxı, Şuşa... - Xankəndiyə gedən yol...
Ölçü:

Məlum olduğu kimi, bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 50-dən çox ölkəsindən 100-dən çox gənc Şuşa şəhərində bir araya gəlib. Artıq III-sü keçirilən yay düşərgəsinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilməsi Şuşanın əsl sahibinin kim olmasını bir daha dünyaya bəyan etdi. Şuşa beynəlxalq tədbirlər məkanına çevrilib və dünyada yaşayan azərbaycanlı gənclərin də Şuşada bir araya gəlməsi xüsusi siyasi əhəmiyyətə malikdir.     
 
Ümumiyyətlə, gənc nəslin vətənpərvər böyüməsi, müəyyən sosial qayğılarının qarşılanması, istedadlı gənclərimizə dövlət dəstəyinin göstərilməsi kimi istiqamətlər daim dövlətimizin daxili siyasətinin prioritetlərinə aid olub. Məhz, bunun nəticəsidir ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəninə, dövlətinə bağlıdır. Necə deyərlər, harada azərbaycanlı varsa, orada kiçik bir Azərbaycan var.   
 
Bu gün dünyada yaşayan milyonlarla azərbaycanlılar arasında, artıq üçüncü nəsil formalaşır ki, Azərbaycan diasporunun inkişafı və uğurunda da, məhz bu nəslin öz payı vardır.  Milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənclərin uğurları ümummilli lider Heydər Əliyevin onlar haqqında olan düşüncələrini bu gün əyani şəkildə sübut edir: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Son illərdə Azərbaycan diasporunun fəaliyyətində də gənclərin fəallığı xüsusi hiss olunur. Gənclərin bir çoxu Azərbaycan diaspor təşkilatlarında təmsil olunur, diaspor təşkilatlarında rəhbər vəzifələrə yiyələnir və s.. Diasporla iş sahəsində dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlərdə gənc həmyerlilərimizi bu işə yaxından cəlb etməyə nail olur ki, bu işdə də artıq ənənəvi hal almış Yay düşərgələri xüsusi rol oynayır.

Bütün sahələrdə olduğu kimi, diaspor sahəsində də gözləntilərin, ümidlərin daha çox olduğu təbəqə gənclərdir. Ölkəmizin dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsində, həqiqətlə-rin təbliğində, ölkəmiz və xalqımız haqqında müsbət təəssüratın, ədalətli mövqenin formalaşdırıl-masında ən çox məsuliyyət gənclərin üzərinə düşür. Bu gün həmin gənclərin sayəsində Azərbaycan sözü dünyada daha çox səslənir, bütün dünya Azərbaycana dair həqiqətləri bilir, ölkəmizi daha yaxından tanıyır və milli-mədəni dəyərlərimiz təbliğ edilir.

Diaspor hərəkatında başlayan bu mərhələnin əsasında həm də gənclərin bir araya gəlməsi, vahid platformada birləşməsi dayanır. Ölkə rəhbər¬liyinin tapşırıqları və Heydər Əliyev Fondunun dəstəyi əsasında bu istiqamətdə ardıcıl işlər görülür, davamlı layihələr həyata keçirilir ki, belə layihələrdən biri də Diaspor Gənclərinin Yay Düşərgələridir.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, ilk dəfə, 2018-ci il 22-28 avqust tarixlərində ŞƏKİ ŞƏHƏRİNDƏ “CÜMHURİYYƏTİN 100 İLLİYİ” adı ilə keçirilən düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə həsr olunmuşdur. Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə,  İsrail, bir sözlə, 37 ölkədən 140 gənc iştirak etmişdir.
 
Düşərgə ərzində vətənpərvərlik mövzusuna həsr olunan panel təşkil edilmiş,  gənclər Xocalı soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə, həmçinin Qarabağ qaziləri ilə tanış olmaq imkanı qazanmışdılar. O cümlədən, hər gün düşərgə iştirakçılarına “Mənim dilim” adlı dərslər təşkil olunmuş, onlar üçün“Azərbaycan diasporu beynəlxalq arenada” , “Dövlət Gənclər siyasəti”, “ölkəmizin siyasi inkişafı və azərbaycanlı gənclərin bu prosesdə rolu” mövzularında panellər təşkil olunmuş, müxtəlif mövzularda müzakirələr aparmışlar. “Vətəni tanı” adı altında keçirilən viktorina da gənclərimizin böyük marağına səbəb olmuşdu. Eyni zamanda, onlar Şəkinin və ətraf rayonların tarixi, mədəni abidələri, görməli yerləri ilə tanış olmaq fürsəti də əldə etmişlər.
 
Xaricdə yaşayan gənclərimizin tarixi Vətənləri ilə əlaqələrinin gücləndirilməsinə xidmət edən növbəti - “NƏSİMİ 650” adlı II Yay Düşərgəsi 8-14 iyul 2019-cu il tarixində Şamaxı şəhərində keçirilib. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib.
 
Bu gün böyük fəxarət hissi ilə deyə bilirik ki, öz peşəkar faəliyyətlərini xarici ölkələrdə qurmağı seçən gənclərimiz Ana Vətənlə bağlarını qırmır, əksinə, Azərbaycanın adını uğurla təbliğ və təmsil edirlər. Xaricdə yaşayan həmvətənlərimiz arasında dünyaca məşhur alimlər, həkimlər,  musiqiçilər,  memarlar yetişir. Nəhəng şirkətlərdə, beynəlxalq təşkilatlarda, böyük auditoriyalarda istedadlı azərbaycanlıların adları çəkilir, dünya gənclərinə nümunə olaraq təqdim edilir. Onların arasında əvvəllər NASA-da, indi isə “Mersedes” şirkətində çalışan Teymur Sadıxov, “Tvitter” sosial şəbəkəsində işləyən Tural Bədirxanlı, Dünya Atletika Çempionatının birincisi Ramil Quliyev, məşhur cərrah Samir Babayev, Azərbaycanın ilk qadın dirijoru, musiqiçi Turan Manafzadə, violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev, dirijor və musiqiçi Mustafa Mehmandarov , tanınmış kinoaktrisa Nəsrin Cavadzadə, şahmatçılar Mirağa Ağayev, Nərgiz Umudova, moda dizayneri Şərvin Nəcəfpur  və digər yüzlərlə uğurlu və peşəkar gənclər var. Onlar yaşadıqları ölkələrdən, təmsil etdikləri peşələrdən asılı olmayaraq azərbaycanlı olduğunu unutmur, qazandıqları uğurları həm də Azərbaycan adına təqdim edirlər.

Diaspor gənclərinin artıq ənənəvi hal almış növbəti – III Yay Düşərgəsi “Şuşa-270” adı altında Şuşa şəhərində keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilən III Yay Düşərgəsində 50 ölkədən 115 gənc iştirak edib.  
 
Mirzə Ələkbər Sabir, Pənah Əli xan nəslinin davamçılarının və digər məşhur nəsillərin nümayəndələrinin, eləcə də müxtəlif ölkələrdə yaşayan aktiv azərbaycanlıların bir araya gətirildiyi Yay düşərgəsində maraqlı görüş və müzakirələr, təsirli panellər təşkil edilib. Düşərgə ərzində keçirilən tədbirlərin ölkəmizlə bağlı məlumatlılığının artmasında, gənclərin Vətənlə bağlılığının daha da möhkəmləndirilməsində xüsusi əhəmiyyəti var. Belə bir möhtəşəm tədbirin Şuşa şəhərində keçirilməsi isə xüsusi qeyd edilməlidir.
 
Təbii ki, gənclərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin gücləndirilməsi çox vacibdir və bütün bunlar nəticədə Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin formalaşmasına xidmət edir. Başqa sözlə desək, gənclərin bir həftəlik düşərgədə iştirakı davamlı əlaqələrin, davamlı diaspor fəaliyyətinin özəyini təşkil edir. Bunun üçün virtual birliklər, aktiv sosial şəbəkə səhifələri formalaşdırılır, gənclərlə yalnız düşərgə öncəsi və düşərgə müddətində deyil, düşərgədən sonrakı müddətdə də davamlı əlaqələr qurulur.        
 
İstər I, istərsə də II Yay düşərgəsində iştirak edən gənclərin təəssüratları, düşərgə sonrası fəaliyyətləri belə deməyə əsas verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi bu cür irimiqyaslı layihələr harada yaşamasından asılı olmayaraq HƏR BİR AZƏRBAYCANLIYA BU ÖLKƏNİN, BU TORPAĞIN, BU XALQIN BİR PARÇASI OLDUĞUNU hiss etdirir.

Məsələnin önəmli tərəflərindən biri də odur ki, həmin gənclər daha sonra müxtəlif təşkilatlarda birləşir və şəbəkələşirlər. Diaspor Gənclərinin Yay düşərgələri vasitəsilə bir araya gələn, xaricdə doğulan, xaricdə yaşayan onlarla gənc “MƏN DƏ AZƏRBAYCANLIYAM” deyir və ana VƏTƏNİNİ tanıtmağa başlayır.
 
Yaxın illər üçün nəzərdə tutulan daha bir iri layihənin - TÜRKDİLLİ DÖVLƏTLƏRİN DİASPOR GƏNCLƏRİNİN YAY DÜŞƏRGƏLƏRİNİN TƏŞKİLİ isə türk dünyasına böyük bir ərməğan ola bilər. Ona görə ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər”.
 
Məhz, ölkə başçısının fikirlərindən qaynaqlanır ki, Azərbaycan Respublikası¬nın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da çıxışlarında “Ümumtürk diasporu zamanın tələbidir” fikri xüsusi vurğu ilə qeyd olunur.
 
Bu baxımdan da, yaxın gələcəkdə ənənəvi Yay Düşərgələrinin bütün türkdilli dövlətləri də əhatə edəcəyini ehtimal etmək olar. Bütün hallarda isə yay düşərgələri xaricdə yaşayan gənclərin Azərbaycanla bağlılığı, şəbəkələşməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə 2018-ci ildə Şəkidən başlayan, sonrakı illərdə isə Şamaxıda, Şuşada davam edən bu yolun tezliklə Xankəndiyə çatacağına inanırıq.   
 
Aqil ƏSƏDOV,
İqtisad üzrə fəlsəfə doktoru, dosent


09.08.2022 13:46:00
Oxuma sayı: 1121