Bayrağımız Xankəndində - sülhməramlılar erməniləri Azərbaycan ərazisində yaşadıqlarını başa salmağa çalışır
Ölçü:


Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov ötən gün Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib. General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Koordinat.az xəbər verir ki, toplantıda əsas diqqət çəkən məqam rus generalın Xankəndi erməniləri ilə görüşündə Rusiya və Ermənistan bayrağı ilə yanaşı, Azərbaycanın dövlət bayrağının masa üzərinə qoyulmasıdır. Bayrağımızın Xankəndi şəhərində olması maraqlı müzakirə predmetinə çevrilib.Bəzi siyasi ekspert və politoloqlar hesab edir ki, Rusiya komandanının görüşündə Azərbaycan bayrağının qoyulması Xankəndi, Xocalı, eləcə də digər ərazilərin tezliklə Bakının nəzarətinə keçəcəyindən xəbər verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Modern.az-a bildirib ki, bizim üçün ən böyük mesaj Azərbaycan Ordusunun qələbəsi olub: “Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərin hamısı Azərbaycan torpaqlarıdır. Rusiya bu yerləri Azərbaycan ərazisi kimi tanıyır və rəsmən qəbul edir. Bu ərazilərdə Azərbaycan bayrağı çoxdan dalğalanmalı idi”.

Deputatın sözlərinə görə, Qarabağda yaşayan ermənilər artıq həqiqətləri qəbul etməlidirlər: “Qarabağda yaşayan və indiyədək vətəndaşlığını təsdiqləməyən ermənilər də bilməlidirlər ki, bura Azərbaycan ərazisidir və orada Azərbaycan bayrağı dalğalanacaq. Torpaqlarımızda Azərbaycan dövlətçiliyinin simvolları olacaq. Artıq bunu ermənilər, xaricdə yaşayan və vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışan dairələr bilməlidir. Azərbaycan bayrağının Xankəndi şəhərində olmasına artıq normal hal kimi baxmalıyıq. Eyni zamanda mən gözləyirəm ki, müəyyən vaxtdan sonra Azərbaycan manatı istifadə olunacaq, orada qurumlarımız fəaliyyət göstərəcək. Bunları etməyin vaxtı çoxdan çatıb”.

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, görüşdə Azərbaycan bayrağının olmasını sülhməramlı qüvvələrin ermənilərə mesajı kimi dəyərləndirmək olar. Onun fikrincə, sülhməramlılar erməniləri Azərbaycan Respublikasının ərazisində yaşadığını yavaş-yavaş başa salmağa çalışır.

 Ermənilərin mövqeyinə gəlincə, Zərdüşt Əlizadə iki xalq arasında normal münasibət qurmağın vacibliyinə diqqət çəkib: “Qarabağda yaşayan ermənilərə öz vətəndaşımız kimi xoş münasibət göstərməliyik. İnsana xoş münasibət bəsləyəndə, o da buna qarşılıq verməyə məcbur qalır. Əlbəttə, ermənilərin hamısı eyni fikirdə deyil. Onların arasında düşmənlik eşqinə düşənlər də var. Lakin bunu hamısına şamil etmək olmaz. Hamısı xəstə deyil ki?! Bəli, dəlilər, xəstələr, xəbislər var. Ermənilər bizdən xoş münasibət görsələr, onlar da yavaş-yavaş dəyişərlər. Onları 150 ildir xəstələndiriblər. İndi yavaş-yavaş sağaltmaq lazımdır”.

05.08.2022 16:13:00
Oxuma sayı: 185