Muğam msabiqəsinin qala konserti sabah Şuşada keçiriləcək
Ölçü:


Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

Koordinat.az xəbər verir ki, final gecəsi bu gün, qala-konsert isə avqustun 6-da keçiriləcək. Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə bu gün saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, bu gün və sabah saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlamış, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə etmişdi. Yarışmanın final mərhələsi isə mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

05.08.2022 10:47:00
Oxuma sayı: 179