Hədəflərə doğru inamla: Prezidentin Kəlbəcərə səfərinin tarixi və strateji əhəmiyyəti
Ölçü:

Azərbaycanın bütün diyarları cənnətdir,  amma indiki mərhələdə Şərqi Zəngəzur iqtisadi zonası xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident İlham Əliyevin Qarabağa, işğaldan azad olunmuş ərazilərə səfəri mühüm əhəmiyyət daşıyır və xüsusi anlarla tariximizə həkk olunmaqdadır. Ali Baş Komandan Kəlbəcər və Laçın rayonlarına ötən ilin yayına təsadüf edən ilk səfərləri zamanı tarixi qələbəmizdən sonra qarşıda duran əsas vəzifələri, hədəfləri açıqlamışdı. Bu hədəflərə Vətən müharibəsində əldə olunmuş qələbənin daha da möhkəmləndirilməsi, Azərbaycan-Ermənistan sərhədində mövqelərimizin daha da gücləndirilməsi, azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıdışının həyata keçirilməsi daxil idi. Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına növbəti səfəri də elə bu məqsədlərə xidmət edir.

Prezidentin Kəlbəcərə və Laçına ikinci səfəri zamanı açılışlar, söylədiyi çıxışlar Qarabağımızın dilbər guşələri ilə bərabər Şərqi Zəngəzurun da sürətlə inkişaf edəcəyini göstərir. Bu gün Ali Baş Komandanın qəti iradəsinin sayəsində  bir il yarım ərzində 10 il müddətdə görülməsi mümkün olmayan işləri sürətlə görüb irəliyə doğru addımlar atılmışdır. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda aparılan bu işlər - “İstisu” sanatoriya kompleksinin yenidən bərpası, "Komando" hərbi birliklərinin yaradılması, su elektrik stansiyalarının tikilməsi kimi məqsədyönlü tədbirlər bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilər qısa müddət ərzində cənnətə çevriləcək.

İşğalçı Ermənistanla həmsərhəd olan və 30 ilə yaxın düşmən tapdağında qalan Kəlbəcər kimi strateji bölgədə "Komando" tipli hərbi kontingentin olması olduqca vacibdir. Çünki indiki dövrdə güc amili önə çıxmaqdadır və mənfur qonşumuz hər vəchlə beynəlxalq öhdəliklərdən, rəsmi imza ilə təsdiqlənmiş müqavilə və anlaşmalardan yayınmağa çalışır. Belə olan halda kim gücülüdürsə, o önə keçir və öz istəyini yerinə yetirir. Bu baxımdan qalib ordumuzu arxayınlaşdırmamalı, daha da gücləndirməliyik, onu hər gün yeniləşən müasir standartlara uyğunlaşdırmalıyıq. Bu da özünü Müzəffər Ali Baş Komandanın Kəlbəcərdə N saylı komando hərbi briqadasına döyüş bayrağını təqdimetmə mərasimində açıq-aydın göstərdi. 

26 iyun Silahlı Qüvvələr günündə Kəlbəcərdə komando hərbi hissəsinin açılışı böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev öz çıxışında birinci "Komando" hərbi hissəsinin dekabrın 24-də azad edilmiş Hadrutda istifadəyə verildiyini söyləmişdir. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və "Komando" qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Aydın görünür ki, yeni açılan hərbi hissələr Azərbaycan–Ermənistan sərhədinə yaxın məsafədə yerləşir. Bu isə həmin ərazilərdə baş verə biləcək təhdidlərin qısa müddətdə aradan qaldırılması məqsədi daşıyır.

Prezident İlham Əliyevin Kəlbəcərə ikinci səfərində önəmli hadisələrdən biri də “İstisu” sanatoriyasının təməlqoyma mərasimi idi. Dövlətimizin başçısının Kəlbəcərin bərpası, eləcə də “İstisu ” sanatoriyasının qurulması istiqamətində verdiyi göstərişlər təkcə kəlbəcərliləri yox, bütöv Azərbaycan xalqını sevindirir. “İstisu” mineral bulağı öz kimyəvi tərkibi, fiziki xüsusiyyətlərinə və müalicəvi əhəmiyyətinə görə dünyada məşhur olan Çexiya bulaqlarından daha üstündür. İstisuda suyun hərarəti 58,80C dərəcədir. Tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. İstisu mineral bulaqlarının suyundan alınan duzlar qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

Qeyd edək ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Beləliklə, Kəlbəcər faydalı qazıntıları, səfalı təbiəti ilə yanaşı mineral suları və İstisu sanatoriyası ilə yaxın vaxtlarda dünyaya yenidən səs salacaq. 

Saniyə SALAHOVA,
 Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
06.07.2022 16:17:00
Oxuma sayı: 4157