Zaqatala, Lənkəran, Qəbələ hava limanları niyə işləmir? – ARAŞDIRMA
Ölçü:


Laçında tikilən, 2024-cu ildə tamamlanması nəzərdə tutulan Laçın beynəlxalq aeroportunun saatda 200 sərnişinə xidmət edəcəyi planlaşdırılır.

Hava limanını inşa edən “Azvirt” şirkətinin nümayəndəsi Ceyhun Səfərov mediaya deyib ki, Laçınla yanaşı tikintisi gedən Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq terminalda işlərin tamamlanması bu ilin avqust ayına nəzərdə tutulub.

Bununla da – işğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı tikməklə Azərbaycan ölkə üzrə beynəlxalq hava limanlarının sayını doqquza çatdırmış olur. Qarabağda Füzuli hava limanından sonra daha ikisinin tikilməsi diqqəti illər öncə açılan və fəaliyyəti indi o qədər də hiss olunmayan Zaqatala, Qəbələ və Lənkəran beynəlxalq aeroportlarına yönəldir.

Rəsmilər yeni tikilən hava limanlarının turizm məqsədilə tikildiyini desələr də, yerli iqtisadçılar düşünür ki, rəqabətli mühitin olmaması və kasad turizm infrastrukturu imkan vermir ki, hava limanları məsələsində uğurlu nəticə əldə edilsin.

BBC-yə danışan müstəqil iqtisadçıların fikrincə, yeni tikilən beynəlxalq hava limanlarının da taleyi 14 ildir fəaliyyətsiz olan Zaqatala, o cümlədən indi mütəmadi beynəlxalq uçuşlar həyata keçirilməyən Qəbələ və Lənkəran beynəlxalq hava limanları kimi ola bilər. Amma bəzi şərhçilərin fikrincə, Azərbaycan hələ də Ermənistanla sülh əldə etməməsinə görə Qafqaz hərbi cəhətdən sabit deyil və bu hava limanları həm də hərbi məqsədlərə xidmət edə bilər.

Hazırda Azərbaycanda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli bölgələrində beynəlxalq aeroportlar var. 4 il əvvəl Prezident İlham Əliyev “regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrası ilə bağlı konfransda beynəlxalq hava limanlarının faydalarına toxunmuşdu: “Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala – altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir”,- İlham Əliyev demişdi.

Hazırda bu hava limanlarından yalnız Bakı, Gəncə və Naxçıvana beynəlxalq və yerli uçuşlar həyata keçirilir. Zaqataladan ümumiyyətlə beynəlxalq uçuş olmur, digər aeroportlarda da çox az və qısa müddətlərdə hansısa beynəlxalq uçuşlar baş tutub.
Azərbaycanda yeddi hava limanı fəaliyyətdədir daha ikisi də tikilir

Məsələn, FlightRadar beynəlxlaq uçuşları izləmə xidmətinin məlumatına görə, bu ilin aprel ayında Azərbaycandan ümumilikdə 1400-dən çox beynəlxalq uçuş həyata keçrilib ki, onların 97 faizi Bakı Beynəlxalq Hava limanından edilib. Qalan yeddi beynəlxalq hava limanının ümumi uçuşda payı 3 faiz olub, onlardan da Zaqatala və Füzuli hava limanlarından heç bir uçuş olmayıb.

Müqayisə üçün, aprel ayında qonşu Gürcüstandan 1100-dən çox beynəlxalq uçuş həyata keçirilib ki, onların təqribən 35 faizi bölgədə olan beynəlxalq hava limanlarının payına düşüb.

Azərbaycandakı bölgə aeroportlarının idarəçisi olan AZAL Zaqatala, Lənkəran və Qəbələ hava limanlarının niyə bütün gücü ilə işləməməsi, onlardan mütəmadi yerli və beynəlxalq uçuşların olmaması ilə bağlı BBC-nin suallarını cavablandırmayıb.

Yalnız Lənkəran aerportundan BBC-yə verilən məlumata görə, artıq Moskvaya həftədə iki dəfə uçuşlar başlayıb, gələn ay Sankt-Peterburqa da uçuşlar olacaq.

FlightRadar-ın aprel ayı məlumatına görə, iki uçuş Lənkəran, biri isə Qəbələ hava limanından olub. Bu aeroportlardan BBC-yə bildirilib ki, beynəlxalq sərnişin uçuşlarından başqa digər uçuşlar barədə onlar məlumat verə bilməzlər.

Potensialı olmayan bölgə aeroportları...

Qaxda yaşayan iqtisadi məsələlər üzrə müstəqil tədqiqatçı Elmir Muxtarov xatırlayır ki, Zaqatala beynəlxalq hava limanı tikiləndə yerli əhali arasında turizmin inkişafı, yeni iş yerləri, gediş-gəlişin rahatlaşması bardə çox danışılıb, amma uzun illər keçməsinə baxmayaraq, bu işlər reallaşmayıb.

“2008-ci ildə tikilən aeroporta 14 il keçməsinə baxmayaraq, xaricdən heç bir uçuş olmayıb. Daxili uçuşlar da 2010-cu ildən bəri dayandırılıb. 100 milyon manata yaxın pul xərclənən layihə istifadəsiz qalıb”, – Emil Muxtarov deyib.

Müstəqil tədqiqatçı Zaqatala beynəlxalq hava limanı timsalında Azərbaycandakı bölgə hava limanlarını araşdırıb və bu qənaətə gəlib ki, onların tikintisi zamanı nəzərdə tutulan ticari-iqtisadi faydalılıqla bağlı düzgün analiz aparılmayıb.

“Şəki-Zaqatala bölgəsi nə daxili, nə də xarici turizm məqsədilə bir aeroportu təmin edəcək potensiala malik deyil. Əsas daxili reys Bakıya idi və bu, avtomobillə səfərdən çox baha idi, vaxt fərqi də az idi. Avtomobillə Qaxa 4 saat yarıma çatmaq olursa, təyyarə ilə bu, [aeroporta və oradan gediş və gözləmə də daxil] 3 saat yarım çəkir, üstəlik bilet və nəqliyyat xərci 85 manat olurdu ki, bu da rayon əhalisinin əksəriyyəti üçün baha idi, əlverişli deyildi”, – Elmir Muxtarov deyib.

Onun sözlərinə görə, Gürcüstanın Kutaisi kimi ucuz hava limanının olması da Zaqatala, Qəbələ, Gəncə hava limanlarını kölgədə qoyur: “Azərbaycanın bölgələrində turizm infrastrukturu o qədər inkişaf etməyib ki, avropalı bir turist durub Zaqatalaya və ya Qaxa gəlsin”.

Cənab Muxtarov deyir ki, hazırda Qarabağın bərpası hökümətin prioritetidir, ora “milyardlarla vəsait” sərf olunur,  amma onun fikrincə, burada “çox yox, cəmi bir aeroport” kifayət edərdi ki, hava nəqliyyatı ehtiyacını qarşılasın.

Tədqiqatçı hesab edir ki, Füzuli, Zəngilan və Laçın hava limanlarının bir-birindən o qədər də uzaq olmayan, təxminən 120 km-lik məsafədə yerləşməsi  aeroportların iqtisadi səmərəliliyini şübhə altına alır.
 
Türkiyənin “Pegasus” ucuz büdcəli aviaşirkəti 2016-cı ildə Qəbələdən uçuşlara başlayanda 33 yaşlı Mingəçevir sakini Sənan Mehdinin artıq Bakıya gəlməsinə ehtiyac qalmırdı. O, lazım olanda Qəbələdən İstanbula, oradan da magistr dərəcəsi üzrə təhsil aldığı Romaya səfər edirmiş. Üstəlik, aviaşirkət azbüdcəli olduğundan biletlər də onun üçün sərfəli imiş.

“Pegasus” Qəbələdən uçanda təkcə ətraf bölgələrdən yox, elə Gəncə və Bakıda yaşayanlar da Qəbələ-İstanbul reysindən istifadə edirdi. Ancaq “Pegasus” müştəri azlığından uçuşları dayandırdı. Sənan Mehdi kimi müştərilər isə artıq Romaya uçuş biletini Gürcüstanın Kutaisi aeroportundan 150 manata almağa başladı.

Şirkətdən BBC Azərbaycancaya bildirilib ki, hazırda Gəncəyə həyata keçirilən uçuşlarla da bağlı problemlər yaşanır, “hava limanın iş saatları elədir ki, oradan İstanbula uçan sərnişinlər yaxın vaxta olan bütün beynəlxalq reyslərə çata bilmirlər”.

Sənan Mehdinin sözlərinə görə, tez-tez xarici səfərlərə gedən sadə vətəndaşları daha çox birbaşa və ucuz uçuşlar maraqlandırır: “Növbəti ay Türkiyəyə Gəncədən “Pegasus”la uçacam: 122 avro (218 manat ) gediş, 150 (268 manat) avro da geri qayıdış oldu. Çox baha sayılmasa da, Qəbələdə olan qiymətlə müqayisədə ucuz deyil”.

“Aeroport işləsə, rayonda dirçəliş olar”

65 yaşı olan Çingiz Kərimov o vaxt Qəbələ beynəlxalq hava limanının tikintisində çalışarkən ümidliymiş ki, aeroportun tikintisi bölgəyə yeni, çoxlu iş imkanları gətirəcək, onların maddi vəziyyəti düzələcək.

“Aeroport işləyir, insanlar işə gedib-gəlir, amma uçuş yoxdur. 10-dan çox adam çalışır. Düzdür, uçuş yoxdur, ancaq rəsmi və dövlət nümayəndələri gəlib-gedəndə uçuş olur. Hər dəfə deyirlər ki, beynəlxalq reyslər olacaq, Moskvaya, İstanbula, amma bu elə söz olaraq da qalır”, – Çingiz Kərimov deyib.

Onun sözlərinə görə, hava limanı tam gücüylə işləsəydi, bu, həm aeroportun işçi qüvvəsinin artmasına səbəb olardı, həm də bölgənin iqtisadi vəziyyətinə müsbət təsir edər, xidmət sektorunu dirçəldərdi.

Rəqabətli mühitinin olmaması...

İqtisadi məsələlər üzrə təhlilçi Nazim Bəydəmirli hesab edir ki, Azərbaycanda idarəetmədə, iqtisadiyyatda, siyasətdə rəqabətli mühit olsaydı, ölkədə regional hava limanları da istifadəsiz qalmazdı, digər sahələrdə də “Azərbaycan qabağa getmiş olardı”.

Nazim Bəydəmirliyə görə, regional aeroportların faydası ancaq “AZAL şirkətinə, onun podratçılarına, bu layihələri udanlara dəyib”. AZAL bu ittihamlara cavab verməyib. Ekspertin fikrincə, bu aeroportlar tikilən zaman vəd edilən bölgə əhalisinin bir çox ölkələrə gediş-gəlişini asanlaşdırmaq, qiymətləri optimallaşdırmaq baxımından hökümətin apardığı siyasət adekvat deyil.

Keçmiş millət vəkili deyir ki, Azərbaycanda bir-birinə yaxın ərazilərdə çoxlu aeroport tikmək iqtisadi cəhətdən faydalı, rentabelli deyil, amma o istisna etmir ki, həmin hava limanları həm də hərbi məqsədlər üçün istifadə oluna bilər: “Azərbaycanla Ermənistan da hələ ki, sülhə nail olmayıblar və Qafqazda hərbi münaqişələr alovlana bilər. Regional müharibə olduğu halda bu aeroportlardan istifadə oluna bilər”.
“Qarabağda hava limanı tikilməsi vacibdir”

Millət vəkili Vahid Əhmədov hesab edir ki, Azərbaycanın bölgələrindəki hava limanlarını “Qarabağdakılarla qarışdırmaq lazım deyil” və onlar siyasi və iqtisadi, “ola bilsin ki, həm də hərbi cəhətdən” vacibdirlər: “Mən fikirləşirəm ki, daha çox hərbi sahə ilə əlaqədardır. Belə obiyektlərin tikilməsində ictimaiyyətə məlumat verilməyən məsələlər də ola bilər”.

Onun fikrincə, Qarabağdakı aeroportlar turizm bölgəsində inşa edilir və oralarda sanatoriyalar, istirahət zonalarının tikilməsi nəzərdə tutulub deyə belə aeroportların tikilməsi lazımlıdır. Amma millət vəkili Zaqatala, Qəbələ və Lənkəran hava limanlarının fəaliyyətsiz qalması fikrilə razılaşmır: “Hava limanları işləmir” demək düz deyil. Ola bilər ki, kifayət qədər daşınma yoxdur, amma mən hansısa hava limanının işləməməsi barədə eşitməmişəm”, – Vahid Əhmədov deyib.

30.06.2022 12:50:00
Oxuma sayı: 1292