İki universitetin adı rüşvət qalmaqalında - tələbələrdən imtahanlara görə pul yığırlar
Ölçü:


Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.

Koordinat.az xəbər verir ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri "Oxu.az"a müraciət edərək bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib. Tələbələr redaksiyamıza müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

BDU-dan bildirilib ki, qeyd edilən məsələ ciddi araşdırılır: “Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pul almaq üçün tələbələrin imtahandan kütləvi şəkildə kəsilməsi iddia edilib. İkinci kurs tələbələri  bildiriblər ki, universitetdə tələbələrə qarşı ədalətsizlik hökm sürür: “İmtahandan qəsdən kəsirlər, daha sonra pul tələb edirlər. Tələbə təqaüdünə ehtiyacı olanlar var, amma buna əhəmiyyət verən yoxdur. İmtahan zamanı tələbənin birindən telefon, birindən isə “şparqalka” tutdular, amma müəyyən səbəbdən bir tələbəni bağışladılar, digərini yox”.

Eyni zamanda, iddia edilib ki, pul almaq məqsədi ilə Teatr sənəti fakültəsinin Aktyorluq ixtisasında multikulturalizm fənnindən yüksək balla imtahana daxil olan 22 tələbəni də imtahandan qəsdən kəsiblər.

Qeyd edilib ki, universitetdə yeməkxanaya kənardan yemək gətirilməsi qadağası da var. İddialarla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən açıqlama almaq istəsək də, saytımıza bildirdilər ki, bu barədə heç bir açıqlama verilməyəcək.
17.06.2022 17:48:00
Oxuma sayı: 10665