21 saylı Kəlbəcər məktəbində IV sinif şagirlərinin "Son dərs"i – FOTOLAR
Ölçü:


Bakıda fəaliyyət göstərən 21 saylı Kəlbəcər məktəbində ibtidai sinif müəllimi Gültəkin Cəlilovanın rəhbəri olduğu IV sinifdə "Son dərs" tədbiri keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Şəmsi Nəbiyev, dərs hissə müdiri Nailə Ələsgərova, valideynlər iştirak edib. Bildirilib ki, bu il 21 saylı Kəlbəcər məktəbində IV sinifini 13 şagird bitirib.

Direktor Şəmsi Nəbiyev məzunları təbrik edib, təhsilin növbəti mərhələsində onlara uğurlar arzulayıb. O, direktoru olduğu məktəbdə öz işinin öhdəsindən layiqincə gələn təcrübəli müəllimlərin çalışdığını xatırladıb, ibtidai sinif müəllimi Gültəkin Cəlilovanı bacarıqlı pedaqoq kimi xaraketizə edib, onun fəaliyyətini yüksək qiymətləndirib.

Direktor Ali Baş komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etdiyini qürur hissi ilə xatırladıb. O, 28 ilə yaxın erməni işğalında qalan Kəlbəcər rayonun da düşmən tapdağından azad edildiyini, doğma yurdlarımızda bərpa işlərinin başlandığını söyləyərək şagirdləri vətənpərvər ruhda tərbiyə almağa, yaxşı təhsil almaqla layiqli vətəndaş kimi böyüməyə çağırıb.

Kəlbəcər rayonundan olan tanınmış ziyalı, vaxtilə həmin məktəbdə ibtidai sinif müəllimi işləmiş Sabir Mirzəyev də ibtidai təhsili başa vuran şagirdlərə müvəffəqiyyətlər arzulayıb. O, 1998-ci ilədək çalışdığı məktəbə 22 ildən sonra qonaq kimi qayıdışını xoş hadisə kimi dəyərləndirib: "İyirmi iki ildən sonra burada gördüklərim məndə xoş təəssürat yaratdı. Artıq Kəlbəcər məktəbləri 1990-cı illərdəki kimi hansısa yerli təhsil müəssisələrinin qoltuğunda deyil, indi məcburi köçkün soydaşlarımızın sıx məskunlaşdıqları yerlərdə kəlbəcərlilərin öz məktəbi var. Heç  şagirdlər də 22 il əvvəlki  uşaqlar deyil, onların hamısının üzü gülür, təhsil üçün yaradılan şəraitə görə fərəhlidirlər. O zamanlar müəllimlər arasında da ruh düşkünlüyü vardı, üzümüz gülmürdü, ailəni dolandırmaq çətin idi. Hətta əlamətdar günlərdə daha çox sıxıntı keçirərdik . Yerli məktəbin şagirdləri şənlik edəndə bizim uşaqlarımız, müəllimlər utanırdılar. Şükürlər olsun ki, indi məcburi köçkün rayonların məktəbliləri həm təchizata, həm də tədrisin keyfiyyətinə görə yerli məktəblərdən seçilmir, müəllimlərin və şagirdlərin də təhsillə bağlı çətinlikləri demək olar ki, yoxdur".

Sabir Mirzəyev Kəlbəcərin işğalından sonra fəaliyyətə başlayan bu tədris ocağının Başlıbel kənd orta məktəbinin rəhbərliyi tərəfindən yaradıldığını xatırladıb. Onun sözlərinə görə, 21 saylı Kəlbəcər məktəbi Bakının Nizami rayonundakı 214 saylı məktəbin nəzdində fəaliyyətə başlayarkən Başlıbel kənd orta məktəbinin 6 müəllimi orada məcburi köçkün şagirdlərin təlim-tərbiyəsi məşğul olub: "Məktəbin direktoru mərhum Məhiyəddin Əsədov, dərs hissə müdiri Nicat Səlimov, mərhum Hacı Mirzəyev, Hüseyn Şahbəndəyev, Ziyafət Səlimova və mən - Sabir Mirzəyev. Bu gün mən 22 il geriyə qayıtdım, doğma məktəbimizin nailiyyətlərini görüb sevindim, duyğulandım. Məni IV sinifin "Son dərs" tədbirinə dəvət etdiyinə görə Gültəkin müəllimə minnətdaram. Həm də ona görə ki, məni sevimli məktəbimizə dəvət etmklə keçmişimlə yenidən qarşılaşdırdı".

Sabir Mirzəyev 21 saylı Kəlbəcər məktəbi və onun pedaqoji kollektivi ilə bağlı acılı-şirinli xatirələrini danışıb, ibtidai təhsili başa vurub ilk məzun kimi tədrisin növbəti pilləsinə keçən şagirdlər tövsiyələrini verib, onlara xoş arzularını bildirib.  

İbtidai sinif müəllimi Gültəkin Cəlilova isə 1998-ci ildən gənc müəllim kimi 21 saylı Kəlbəcər məktəbində fəaliyyətə başladığı dövrü xatırladıb: “Yenicə məzun olmuş bir gəncin böyük təhsil ənənəsi olan Başlıbel kənd orta məktəbinin müəllimləri, saçını-saqqalını məktəbdə ağartmış təcrübəli pedaqoqlarla birgə işə başlaması asan deyildi. Yenicə müəllimlik etməyə başlayan gənc və təcrübəsiz kadrlara dəstək onun inkişafında və gələcək karyerasında çox mühüm rol aynayır. Bu mənada indi məktəbimzdə qonaq kimi qarşıladığımız Sabir müəllimin əməyini qeyd etməmək mümkün deyil. 2000-ci ildən hörmətli ziyalı-pedaqoq Sabir Mirzəyev dərs dediyi IV sinifi könüllü olaraq mənə əmanət etdi. Aradan 22 il ötəndən sonra onu öz məktəbimizə dəvət etdim. O, məktəbə daxil olanda yenicə məzun olmuş gənc müəllim kimi pedaqoji fəaliyyətə başladığım dövrü xatırladım. Sabir müəllim doğma məktəbinə qayıdanda vaxtilə çalışdığı məktəb də, şagirdlər də dəyişib, onunla çiyin-çiyinə işlədiyi müəllimlər də yaşa dolub".

Tədbirdə iştirak edən valideynlər yeni tikilmiş binada fəaliyyət göstərən 21 saylı Kəlbəcər məktəbin təlim və tədris üçün münbit şəraitin yaradılmasına görə bu təhsil ocağının pedaqoji kollektivini və aidiyyəti dövlət strukturlarının rəhbərliyinə minnətdarlıq ediblər. 

"Son dərs" tədbiri həm də valideynlər və müəllimlər, eləcə də qonaqlar üçün maraqlı görüş kimi yadda qalıb. IV sinif şagirlərinin "Son dərs" tədbiri əyləncəli proqramla başa çatıb.


13.06.2022 10:28:00
Oxuma sayı: 10850