Keçmişə kədərlə, bu günə sevinclə, gələcəyə inamla...

Elxan SALAHOV
Türkiyə və Azərbaycan şahinlərinin Bakı səmasındakı manevrlərini izlədikcə bu günümüzə görə sevinir, çox da uzaq olmayan keçmişi xatırlayıb kədərlənirəm...
Qoy deyim, bilməyənlər də bilsin. Axı, hər ikisi tarixdir!
1993-cü il aprelin 1-i idi, erməni-rus hərbi birləşmələri Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almışdı. Üç istiqamətdən - Basarkeçər, Laçın və Ağdərədən amansız hücuma məruz qalan Kəlbəcər köməksiz vəziyyətdə idi. Bombardmançı təyyarələrin, "Qrad" qurğularından atılan raketlərin şaqqıltısından qulaq tutulurdu. Hamı öz canının hayında idi. Dövlət də, xalq da çarəsiz durumda idi, sanki təklənmişdik...
Kəlbəcər əhalisinin xilas olması üçün bircə yol vardı - Murov aşırımı. Minik avtomobilləri demək olar ki, yox idi, yük maşınları isə qarda- palçıqda ilişib onsuz da dar olan yolları bağlamışdı. Xilas olmağa çalışan rayon sakinləri Murovun qarlı-şaxtalı sərt dolaylarını piyada aşmalı idi. Əlsiz-ayaqsızların, qoca, qadın və uşaqların təcili evakuasiyası üçün cəmi bir neçə helikopter vardı. Onlardan da biri normadan artıq yüklənmə səbəbindən qəzaya uğrayaraq Tərtər çayının qırağına düşmüşdü, ölənləri və yaralıları hadisə yerindən götürmək müşkülə çevrilmişdi. Elə həmin günlərdə Prezident Əbülfəz Elçibəy türkiyəli həmkarı Süleyman Dəmirəldən Kəlbəcər əhalisinin təxliyəsi üçün helikopter istəsə də, onun xahişi nəticəsiz qalmışdı...
O zaman Türkiyə hökuməti Azərbaycana qardaş əlini uzatmaqdan çəkinmişdi! Bu imtina neçə-neçə kəlbəcərlinin ocağını söndürmüş, uşaqların yetim, gəlinlərin ərsiz, bacıların qardaşsız qalmasına vəsilə olmuşdu...
Zaman hər şeyi yoluna qoydu. Fərdlərin soyuq və laqeyd münasibətləri Türkiyə-Azərbaycan birliyində dərin çatlar yarada bilmədi. Əksinə, illər ötdükcə "Bir millət, iki dövlət" tezisi reallığa çevrildi, Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq səviyyəsinə yüksəldi!
İndi Azərbaycan və Türk helikopterlərinin Bakının üzərində birgə manevrləri, qırıcı təyyarələrin aydın səmada çəkdiyi Ay-Ulduz və ürək şəkilləri yaralara məlhəm, canı-qanı, dili-dini bir olan qardaşlığın sarsılmaz rəmzidir. Bu görüntülər Kəlbəcərin işğalı zamanı parçalanmış ürəklərə həyat verir!
Tanrı Türkü qorusun!
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Qoy dostlar sevinsin, düşmənın bağrı çatlasın!



27.05.2022 17:11:00
Oxuma sayı: 9389