“Vaşinqton Post”: Paşinyan Türkiyə və Azərbaycanla anlaşmağın vaxtı çatdığını dərk edir
Ölçü:


Amerikanın nüfuzlu “Vaşinqton Post” qəzetinin bugünkü sayında Ermənistandakı vəziyyətlə bağlı geniş məqalə dərc edilib.

Koordinat.az
-ın məlumatına görə, məqalədə qeyd edilir ki, Qarabağdakı 44 günlük müharibədə acınacaqlı məğlubiyyətlə üzləşən rəsmi İrəvan hazırda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır, ancaq Ermənistan müxalifəti buna qarşı çıxır.

Qəzet ABŞ rəsmilərinin fikirlərinə istinad edərək yazır ki, İrəvanda keçirilən etiraz aksiyaları ilə baş nazir Nikol Paşinyanı iqtidardan uzaqlaşdırmaq mümkün deyil. Məqalədə vurğulanır ki, Avropa Birliyi və ABŞ Ermənistanla qonşuları arasında münasibətlərin normallaşmasına dəstək verir. Hətta bu məsələdə Rusiya ilə ABŞ-ın mövqeyinin üstü-üstə düşdüyü bildirilir.

“Vaşinqton Post” qeyd edir ki, Ermənistanın qonşuları ilə anlaşmaq cəhdi Ukrayna-Rusiya münaqişəsi üçün də münbit şərait yarada bilər: “Dünyanın diqqəti Ukraynadakı gərgin döyüşlərə yönəldiyi bir vaxtda Qafqazda diplomatik məsələlər şou kimi görünə bilər. Ermənistanın Türkiyə və Azərbaycanla anlaşa bilməsi həm də ABŞ və Rusiyanın maraqları üçün ümumi dialoqun faydalı yollarını aça biləcək potensial yaxınlaşma nöqtəsidir".

Məqalədə Rusiyanın təkbaşına Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək cəhdinə də toxunulub. Qeyd edilib ki, Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana təsir etməyə çalşır: “Şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putin şəxsi mənafeyini güdən etibarsız vasitəçidir”.

Məqalədə bildirilib ki, Ermənistan-Azərbaycan sülh danışıqlarında ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupunun dirçəldilməsi müsbət addım olardı: “Lakin Moskva bu qrupu boykot edir. Əvəzində Brüsseldə Paşinyan-Əliyev görüşünə ev sahibliyi edən Avropa İttifaqı danışıqların həmsponsoru kimi Rusiyaya qoşulub. Bu, normallaşma üçün Qərbin dəstəyini təmin edir”.
 
Yazıda Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycanla apardığı diplomatik siyasətə də toxunulub: “Bu diplomatik raundda ən maraqlı, lakin eyni zamanda qeyri-müəyyən oyunçu Paşinyandır. O, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistana rəhbərlik edən korrupsioner isteblişmentə qarşı etiraz hərəkatına rəhbərlik etdikdən sonra 2018-ci ildə baş nazir oldu. Az siyasi təcrübəsi olduğu üçün islahatları həyata keçirmək üçün mübarizə apardı. Daha sonra 2020-ci ildə fəlakətli müharibə baş verdi və bu, qanuni olaraq Azərbaycanın bir hissəsi olan, lakin etnik ermənilərin məskunlaşdığı bölgəyə təxminən 30 illik nəzarətdən sonra Ermənistanı Qarabağın böyük hissəsini tərk etməyə məcbur etdi”.

Məqalədə qeyd edilir ki, Paşinyan erməni nəsillərinin ağlasığmaz hesab etdiyi şeyləri gerçəkləşdirir. Baş nazir Türkiyə və Azərbaycanla ilkin şərt olmadan danışıqlar aparmağın vaxtı çatdığını dərk edir: “Keçən ay diqqətəlayiq bir çıxışında o, 2020-ci ildəki “fəlakətli” məğlubiyyətə görə “günah və məsuliyyəti” qəbul etdi. Lakin o, daha sonra dedi ki, onun “əsl günahı” müharibədən əvvəl Ermənistanın Qarabağla bağlı ərazi güzəştlərinə getməli olduğunu deməməsidir. Çünki Ermənistanın dönməz diplomatik mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilmişdir”.

“Azərbaycanla mümkün qədər tez sülh müqaviləsi imzalamaq bizim planlarımızın bir hissəsidir”, - deyə qəzet məqalənin sonunda Paşinyandan sitat gətirib.
11.05.2022 16:41:00
Oxuma sayı: 4855