Başlıbeli necə bərpa etməli: kəndin ziyalıları deputatla görüşdü - FOTOLAR
Ölçü:


Aprelin 9-da Bakı Mühəndislik Universitetində Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalıların bir qrupu ilə Milli Məclisin deputatı  Aqil Məmmədovun görüşü keçirilib.

Koordinat.az xəbər verir ki, işğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə Kəlbəcər İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehdiyev,  YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov da iştirak edib.

Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta məktəbinin müəllimi Sabir Mirzəyev giriş nitqində toplantının məqsəd və məramları barədə məlumat verib. O qeyd edib ki, 44 günlük Zəfər müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, quruculuq işlərinin sürətləndirilməsi və Qarabağa qayıdış Azərbaycanın ictimai həyatında önəmli hadisəyə çevrilib. Zəfərdən dərhal sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı xüsusi Dövlət Komissiyasının yaradıldığını, prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməlinin qoyulduğunu xatırladan Sabir Mirzəyev erməni zülmündən əziyyət çəkmiş, kütəvi qətliama məruz qalmış Başlıbel camaatının tezliklə öz yurd-yuvasına qayıtmaq istədiyini bildirib.

Görüşdə əhalisinin sayına, işğaldan əvvəlki dövrdə sosial-iqtisadi göstəricilərinə, mədəni inkişaf səviyyəsinə görə Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən sayılan Başlıbel kəndində bərpa və quruculuq işlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Bərpa və yenidənqurma proqramında Kəlbəcərin və ən ucqar kəndi olan Başlıbeli rayon mərkəzi ilə əlaqələndirən yol infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilməsi xahiş olunub. Bildirilib ki, məhz alternativ yolların olmamsına görə işğal zamanı əhalisi mühasirə vəziyyətinə düşən və kütləvi qətliama məruz qalan Başlıbel kəndi rayon mərkəzindən 58 km məsafədə yerləşir. Bərpa və yenidənqurma zamanı rayon mərkəzinin cəmi 16 kilometrliyində yerləşən Qaraçanlı kəndi və “Qoçdaş” yaylağı istiqamətindən Başlıbelə yol çəkməklə bu zonadakı yaşayış məntəqələrinə, o cümlədən Xallanlı, Taxtabaşı və Ağcakəndə  məsafəni ən azı 50 faizə qədər azaltmaq mümkündür. Hesablamalara görə, bu təklif reallaşarsa, rayon mərkəzindən Başlıbelə olan məsafə 58 km-dən 20-22 km-dək qısalacaq. Bu, həm də inşasına başlanmış Kəlbəcər-Laçın magistralınının dairəvi yol kimi əhəmiyyətini artıra bilər. Belə olduqda İstisu qəsəbəsi ilə Qaraçanlı kəndi arasında yerləşən 11 kəndin də Kəlbəcər-Laçın magistralınına çıxışı asanlaşacaq.

Ziyalılar yerli iş adamlarının, təcrübəli mühəndis, konstruktor və texnoloqların Kəlbəcər rayonunda, xüsusilə Başlıbel kəndində həyata keçiriləcək layihələrə dair təkliflərinin nəzərə alınmasının, bərpa proqramlarının icrası mərhələsində onların da iştirakının təmin edilməsinin əhəmiyyətindən danıblar.

Görüşdə qayıdışa qədərki dövrdə həlli vacib olan bəzi məsələlərin həllinə köməklik göstərilməsi xahiş olunub. Buraya aşağıdakılar daxildir:
-Alıbəyli kəndindən (bu yaşayış məntəqəsi keçmişdə Bəylik, 2015-ci ildədək Tirkeşəvənd adlandırılırdı) Başlıbelə qədər olan 11 kilometrlik torpaq yolda cari təmir işləri aparılmaqla avtomobillərin maneəsiz hərəkətinə şərait yaradılması;
- Yaz-yay mövsümündə kənd sakinlərin, xüsusilə yaşlı nəslin nümayəndələrinin, şəhid ailələri və müharibə veteranların öz yurd-yuvasını ziyarət etməsi üçün mövcud qaydalar əsasında səfərlərin təşkil olunması;
- Yol məsafəsinin uzaqlığını nəzərə alaraq Başlıbel kəndinə ziyarətə gedən sakinlərin icazə müddətinin ən azı 2 (iki) sutka müəyyən edilməsi;
-Ziyarətə yollanan kənd sakinlərinin gecələməsi üçün Başlıbel, Alıbəyli və ya Zülfüqarlı kəndlərinin birində modul tipli qonaq evlərinin tikintisi və s.


Görüşdə prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Başlıbel kəndində həyata keçiriləcək quruculuq işlərinin yüksək səviyyətə icra olunacağına əminlik ifadə olunub.

Çıxışlardan sonra millət vəkili Aqil Məmmədov və rayon icra hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev səsləndirilən təkliflərə münasibət bildiriblər. Qeyd olunub ki, Başlıbel kəndinin bərpası ilə bağlı narahatlıq doğuran bütün məsələlər, onların arzu və istəkləri aidiyyəti dövlət orqanlarına çatdırılacaq.

Dörd saat yarım davam edən müzakirələrin sonunda görüş iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

Elxan SALAHOV


10.04.2022 14:38:00
Oxuma sayı: 6922