Hansı üstündür: “Şuşa Bəyannaməsi”, yoxsa Rusiya ilə... - deputatın şərhi
Ölçü:


“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri növbəti mərhələyə qədəm qoyur. Moskva bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: “Dünyada ciddi proseslər gedir, dünya nizamı yenidən qurulur. Rusiya-Qərb münasibətləri özünün ən gərgin dövrlərini yaşayır. Heç şübhəsiz ki, əlaqələrin gərginləşməsi keçmiş Sovet məkanına da təsirsiz ötüşmür. Rusiya ilə münasibətlərin pozulmasının bir sıra keçmiş Sovet respublikaları üçün hansı problemlər yaratdığının acı nümunələri göz qabağındadır. Unutmamalıyıq ki, Rusiya güclü və böyük dövlətdir, onun bölgədə tarix boyu marağı olub olacaq. Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Azərbaycanın dövlət maraqlarına uyğun deyil".

Deputat deyib ki, Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Rusiya öz üzərinə götürüb: "Azərbaycan uzun müddətdir müxtəlif beynəlxalq qurumlar vasitəsilə münaqişənin həllinə çalışdı, ancaq heç bir nəticə olmadı. Bu gün Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə xeyli məsafə qət etmişik. Hazırda Rusiyanın iştirakı olmadan problemin tam həlli mümkün deyil”

Bəyannamənin əhəmiyyətinə gəlincə, Ceyhun Məmmədov deyib ki, sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb: “Ən mühüm məsələlərdən biri də dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin sənəddə əksini tapmasıdır. Bu sənədin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq, qarşılıqlı əlaqələr daha da inkişaf edəcək".

Ceyhun Məmmov Rusiya ilə Bəyannamənin “Şuşa Bəyannaməsinə” təsirini belə şərh edib: “Sənədlərin hər ikisi Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması məqsədilə imzalanıb. Azərbaycan bir çox addımları Türkiyə ilə koordinasiyalı şəkildə atır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bir sıra beynəlxalq və regional layihələrdə hər iki ölkə sıx əməkdaşlıq edir”. 
23.02.2022 11:49:00
Oxuma sayı: 7533