Hakimlər Eldar Həsənov barədə yekun qərar verməyə niyə tələsir...
Ölçü:

Sabiq baş prokuror və eks-səfir Eldar Həsənovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yanvarın 14-də vəkillərin müdafiə çıxışları ilə davam edib.

Koordinat.az
xəbər verir ki, vəkillər Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev Eldar Həsənova bəraət verilməsini, onun azadlığa buraxılmasını istəyiblər. Müdafiə çıxışlarında qeyd olunub ki, məhkəmə istintaqı zamanı Eldar Həsənova qarşı bütün ittihamların qanunsuz, əsassız, absurd olduğu tam sübuta yetirilib.

Beş saat çəkən iclasın yekununda hakimlər Eldar Həsənova son söz söyləməyi təklif ediblər. O, son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Hakimlər növbəti prosesin yanvarın 17-də keçirilməsinə təkid ediblər.

Eldar Həsənov və vəkilləri belə qısa müddətdə son sözə hazırlaşmağın texniki cəhətdən mümkünsüz olduğunu deyiblər. Bundan sonra növbəti iclasın yanvarın 21-nə təyin olunması qərarı çıxarılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun məhkəməsi 2021-ci il sentyabrın 3-də başlayıb. Prosesi Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev aparır.

2022-ci il yanvarın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini, onun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını təklif edib.

Təklifdə Eldar Həsənova məxsus olduğu iddia edilən bəzi əmlakların (Bakının Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonundakı mənzil, Yasamal rayonundakı mənzil, Nərimanov rayonundakı mağaza, Xətai rayonundakı fərdi yaşayış evi, Abşeron rayonunun Novxanı qəsəbəsindəki torpaq sahəsi, Monteneqrodakı mənzil) müsadirəsi də yer alıb.

Eldar Həsənov 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. 2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənovun ibtidai istintaqını Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Ona 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları qəbul etmir.
14.01.2022 17:33:00
Oxuma sayı: 301