SOCAR dənizdə çalışan 82 əməkdaşı təxliyyə edib
Ölçü:

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Koordinat.az xəbər verir ki, bunu  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report"a bildirib. Onun sözlərinə görə, dənizdə çalışan 82 əməkdaşımız təxliyyə olunub: “Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə və gündüz 1-3° isti olacaq.  Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.

14.01.2022 09:53:00
Oxuma sayı: 145