Zəngəzur dəhlizi: Qafan, Mehri, Qarakilsə...
Ölçü:


"Hava məkanı ilə Zəngəzur dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi".

Koordinat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinə, sadəcə olaraq, dəmir yolu kimi baxmır: "Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var... Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var".

Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradıldığını xatırladan Prezident bildirib ki, bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib: "Çünki Ermənistan tərəfi ilkin mərhələdə qeyd edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Halbuki biz bilirik ki, bu, mümkündür və sovet vaxtında belə bir layihə var idi. Sovet vaxtında Ermənistan bu layihəyə etiraz edirdi və qeyd edirdi ki, bu, mümkünsüzdür. O vaxt Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini idi. Məhz onun göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi – birinci katib və hökumətin rəhbəri məcbur olub bu layihəyə icazə verdilər. Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış oldular və bunu artıq plana salmışdılar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Yəni, bu imkanlar var. Bu gün bu işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yoluna elə bil ki, razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, təsdiqləndi. Hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur, haradan keçəcək. Bizim əsas şərtimiz ondan ibarətdir ki, ən qısa marşrut olmalıdır və ilin bütün fəsillərində bu marşrutdan istifadə etmək mümkün olsun. Çünki orada həm hava şəraiti bəzi yerlərdə əlverişsizdir, həm relyef. Bax belə. Bu dəhlizlə bağlı məsələ bu yerdədir".
13.01.2022 12:47:00
Oxuma sayı: 3737