Çörək haqqı - Süleyman Qaradağlı yazır
Ölçü:

Süleyman QARADAĞLI

Hər şeydən qiymətli

Tanrı heç kəsi çörəklə imtahana çəkməsin...

Bundan gözəl, bundan müqəddəs dua varmı?

Səni çörək tutsun!..

Bəlkə də, bu qarğış qədər təsirli və kəsərlisini tapmaq çətindir.

Niyə belə deyiblər? Ulularımız, dünyagörmüş müdrik qocalarımız niyə belə arzulayıblar, nədən onu hər şeydən üstün və uca hesab ediblər? Çörəyin bir tikəsi yerə düşəndə onu götürərək öpüb gözlərinin üstünə qoyublar, heç vaxt çörək süfrəsinin üstündən adlayıb keçməyiblər. Çörək ən müqəddəs and yerimiz sayılıb.

Çünki kitablar içərisində ən qiymətlisi "Quran", nemətlər içərisində isə çörəkdir.

Hardan başlanır... çörək

Ana torpağın qapqara şumlanmış sinəsinə toxum düşür. Əkinçi əllərinin hərarəti, alın təri ilə aylarla onun nazını çəkir, gübrəsini verir,  malasını çəkir, suvarmasını aparır. Torpaq qar yorğanını başından atan kimi tarla nəhəng bir səməni boşqabını xatırladır.

Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir. Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun  və heç də asan olmayan bir yol keçir.

Süfrənin şahı

Onu süfrələrin şahı, müqəddəs nemət adlandırırlar. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin dəyərini lazımınca bilirikmi?
Əlbəttə, heç də həmişə yox...

Əgər bilsəydik, hər gün mağazalardan alınan çörəkləri kif atandan, quruyandan sonra zənbil-zənbil yığıb zibil yeşiklərinin kənarından asmazdıq, mərasim və məclislərdə, ələlxüsus toy şənliklərində kiloqramlarla çörəyi israf etməzdik.

Çörək mövzusu təkcə taxılın, unun qiyməti bahalaşanda, piştaxtada çörəyin qiyməti qalxanda yada düşməməlidir. Bu, indiyədək bəşəriyyətin istehsal etdiyi ən yüksək dəyərə malik və heç nə ilə əvəz olunmayan bir nemətdir. Bu gün bağçaya gedən uşaq da, məktəbə gedən şagird də, ali məktəbə üz tutan tələbə də  onun necə ağır və məşəqqətli bir kəndli əməyi hesabına süfrənin üstünə gəlib çıxdığını bütün incəliyi ilə bilməlidir.  
Çox da ki, onlar özləri yaşda uşaqların cütboyun öküzlərin boynuna mindirilərək cüt əkildiyini, tarlada qalan bir dəstə sümbüldən, xırmana daşınan arabadan yerə tökülən bir xışma buğdadan ötəri kolxoz sədrinin şallağının kürəklərdə göyməyən qırmancının yerini görməyiblər. Çox da ki, onlar   aclıq-qıtlıq vaxtı bir loğma çörək üçün körpələrin səhərədək zar-zar ağladığından, günlərlə ac qalan adamların qədimi çəki tərəzisinin üstündə tökülüb qalan un tozunu dilləri ilə yaladıqlarından xəbərsizdirlər,  talonla çörək satılan Böyük Vətən  müharibəsi günlərini, ötən əsrin 90-cı illərinin uzun çörək növbələrini yaşamayıblar.

Çox da ki, indi mağaza piştaxtalarında  çörəyin çeşidi çox genişdir: ağ çörək, Borodino çörəyi, İvanovka çörəyi, baton çörək, dənli çörək, zavod çörəyi, təndir çörəyi, kəpəkli çörək, çovdar çörəyi, çəltik çörəyi, qarğıdalı çörəyi, qara çörək, lavaş, qozlu çörək,  südlü çörək, fətir, fəsəli, yuxa...

Bir az da statistika...

Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur.  Ölkənin buğda ilə özünü təminat səviyyəsi 57,1 faizə çatır. Onu da qeyd edək ki, müstəqilliyin ilk illərində bu faiz nisbəti 30 faizə bərabər idi. Ölkədə orta hesabla hər il 650 min hektar sahədə buğda əkilir. Məhsuldarlıq təxminən 31,4 sentnerə bərabərdir. Son illərdə zəmilərdən hər mövsüm 3 milyon tona qədər taxıl biçilsə də, bunun 2 milyon tona yaxını buğdadır. Hər il 1,3-1,4 milyon ton həcmində buğda idxalına ehtiyac yaranır, başqa sözlə desək, ölkənin buğda idxalının səviyyəsi 42,9 faiz nisbətindədir. İdxal edilən buğdanın böyük həcmi un istehsalında istifadə edilən  ərzaqlıq buğdadır. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır.

2021-ci ildə 1 milyon hektara yaxın sahədə taxıl əkilib və onun 572 mini buğda sahəsidir. Həmin sahədən 1 milyon 885 min ton buğda istehsal olunub.

Statistik göstəricilərə əsasən, 2020-ci ilin 11 ayı ərzində 262 milyon 497 min ABŞ dolları dəyərində 1 milyon 225 min 586 ton həcmində buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 214 ABŞ dollarına bərabər olub. 2021-ci ilin 11 ayında isə 287 milyon 557 min ABŞ dolları dəyərində 1 milyon 17 min 503 ton buğda alınıb.  1 ton buğdanın orta idxal qiyməti 283 ABŞ dolları təşkil edib. Beləliklə, son bir ildə buğdanın  idxal qiymətində təxminən 70 dollarlıq artım olub.  

Çörək qədri

Qədim bir rəvayətdə deyilir ki, evində çörəyi yığıb-yığışdıra bilməyən bir  ailə başçısı Allah-təalanın yanına gedərək onun çörəyini bir az azaltmağı xahiş edir.  Allah-təala ona deyir ki, get, evdə yuxa bişirt.

Ailə başçısı evə gələrək həyat yoldaşına evdə külfətin hər bir üzvü üçün bir önlük tikməyi tapşırır. Önlüklər tikilib hazır olandan sonra həyat yoldaşı sacda yuxa bişirir. Uşaqlara da tapşırır ki, yuxanı yeyəndə önlüyü qarşınıza tutun ki,  ovulub tökülənlər oraya yığılsın, sonra ovulub tökülən yuxa qırıntılarını də ovuclayıb yeyin. Elə edin ki, yuxadan bir qram da itkiyə getməsin, qəhr olmasın.

Belə də edirlər, evdə hamı yuxanı yeyəndən sonra ovuntusunu önlüyün arasından yığıb yeyir, qəhr olmasına imkan vermirlər. Ailə başçısı baxır ki, evdə un dolu kisələr, təhnədə çörək aşıb daşır. Evdə çörək azalmır ki, artır.

Yenidən Allah-təalanın yanına gedib ona üz tutur. Böyük Yaradan ona deyir ki, ağsaqqal, sənin çörəyin heç vaxt azalmayacaq, həmişə bol olacaq. Çünki sən çörək qədri bilən kişisən.

Kaş bu müqəddəs nemətə qarşı hər kəsin qəlbində evində  yuxa bişirtdirən həmin o külfət sahibi  qədər  hörmət və ehtiram olaydı...

Onda əlbəttə ki, təndirimiz bərəkətdən düşməzdi...

Təhnəmiz çörəklə bol, süfrəmiz ruzulu olardı...

Çörəklə imtahana çəkilməzdik...
11.01.2022 17:23:00
Oxuma sayı: 16531