Bu il neftin orta qiyməti 70 dollar olacaq - PROQNOZ
Ölçü:

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Koordinat.az xəbər verir ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a bildirib ki, ötən gün “OPEC+” çərçivəsində hasilatın əvvəlki ənənəvi qaydada olaraq, 400 min barel artırılmasını bazar iştirakçıları reallıq kimi qəbul etmədilər. Onun sözlərinə görə, bu səbəbdən dünəndən neftin qiyməti 80 dollar həddini aşıb: “Çünki hesab edirdilər ki, neftin qiyməti ötən ilin sonlarında yüksək səviyyədə idi. İndi OPEC əvvəllki kimi 400 min barel yox, bazara daha çox neft çıxarmalıdır ki, qiymət ədalətli həddə, yəni 60 dollar səviyyəsinə qədər ucuzlaşsın. Ancaq “OPEC+” ölkələri bunu etmədi. Onların bununla bağlı baxışları bu cür idi ki, bazarda dəyişkənlik kifayət qədər yüksəkdir. Bilinmir ki, cari ilin birinci rübündə iqtisadiyyatın inkişaf tempi, o cümlədən, COVID-19 pandemiyası ilə bağlı məsələlər özünü necə aparacaq. Ona görə də konservativ yanaşmanı saxladılar. İndi biz bir neçə gün bu emosional yanaşma tərzində bazarda qiymətlərin 80 dollar ətrafında olmasını gözləsək belə, hesan etmirəm ki, yanvar ayı ərzində neft qiymətləri 75 dollardan aşağı həddən düşmə tempi nümayiş etdirsin”.

İ.Şaban bildirib ki, neft qiymətlərinin artımına həm dünya bazarında qaz qiymətlərinin yüksək olması, 1100 dollar ətrafında ticarət etməsi, həm də siyasi gərginlik təsir  edir: “Rusiya ilə Avropa arasında, Rusiya ilə ABŞ, o cümlədən Çinlə ABŞ arasında siyasi gərginlik neft bazarı iştirakçılarına gələcək neft qiymətlərində, yəni sonrakı dövrlər üçün o riskləri nəzərə almaqla, qiymətlərə bu cür yüksək göstəricilər əlavə etmək üçün imkanlar yaradır”.

“Hesab edirəm 2022-ci ildə neftin qiymətləri 70 dollar ətrafında orta qiymətə ticarət ediləcək” , - deyə sonda o, qeyd edib.
06.01.2022 10:21:00
Oxuma sayı: 547