Uşaqlar arasında yayılan xəstəliyi necə müalicə etməli...
Ölçü:


Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, baş, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılır. Bu xəstəliyin qorxulu fərqi budur ki, sağalma prosesi çox çəkir və demək olar ki, həkimsiz, antibiotiksiz sağalma mümkün olmur. Sağalan uşaqlar isə bir neçə günə, həftəyə yenidən xəstələnə bilirlər.

Koordinat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev " PressKlub"a açıqlamasında  iki ilə yaxındır davam edən karantin tədbirləri sayəsində həm COVID-19, həm də digər virusların yayılmasının əhəmiyyətli dərəcədə qarşısı alınıb: “2021-ci ildən məktəblərin, bağçaların açılması ilə xəstəlik şikayətlərində artım müşahidə olundu. Yayılan xəstəliklərin səbəbi koronavirus, rinovirus, adenovirus, influenza virusu olmaqla müxtəlifdir”.

Nazirliyin ekspert-mütəxəssisi bildirib ki, hazırda yayılan xəstəliyin əsas əlamətlərinin temperatur, burun axması, baş, boğaz ağrısı və öskürəkdir: “Uşaqlarda hər hansı xəstəlik əlamətləri görən valideynlər qısa müddətdə həkimə müraciət etməlidirlər. Xəstə uşaqları bağçaya, məktəbə göndərmək olmaz. Onları göndərməklə başqa uşaqların da xəstəliyə yoluxmasına səbəb ola bilərik”.

Koronavirus pandemiyasının mövcudluğu dövründə isə valideynlər mövcud durumdan daha çox narahatdırlar. Maraqlıdır, valideynlər övladlarının koronavirus olub-olmamasını necə bilə bilərlər?

Həkim-pediatr Günay Rəsulova isə bildirib ki, son günlərdə yayılan virus hər il rast gəlinən adi qrip – influenza virusudur: “Təkcə bir gün ərzində bu virus 6-7 uşaqda pozitiv çıxır. Virusun əlamətlərinə günlərlə davam edən yüksək qızdırma, quru, qıcıqlandırıcı, bezdirici öskürək, boğaz ağrısı və burun axıntısı daxildir”.

G.Rəhimova əlavə edib ki, sözügedən xəstəlik ən çox məktəb və bağçalarda Yeni il şənliklərindən sonra artıb: “İstər influenza, istərsə də digər mövsümi viruslardan qorunmaq üçün uşaqları bu ərəfələrdə toplum içinə, çox adam olan yerlərə çıxarmamaq tövsiyə olunur. Valideynlər mütləq şəkildə həkimdən məsləhət almalı və ondan sonra müalicəyə başlamalıdır. Xəstəliyin təyini üçün isə test vermək mümkündür”.

Maraqlı məqamlardan biri də budur ki, əksər valideynlər uşaqlarını həkimə aparmadan, evdə öz üsulları və ya başqa şəxslərdən eşitdikləri ilə xəstəliyi müalicə etdirməyə çalışırlar. Həkim-pediatr Aytən İsmayılzadə deyib ki, uşaqlarda hərarəti aşağı salmaq üçün kimyəvi dərmanlardan istifadə etmək əvəzinə, valideynlər təbii vasitələrdən istifadə edə bilərlər: “Belə vasitələrdən ən effektlisi ilıq su ilə uşağın boyun ətrafı nahiyələrini, alnını, qol və ayaqlarda olan bükükləri yumaq və ya dəsmalla silməkdir. Bu zaman suya sirkə və spirt damcısı əlavə etmək də mümkündür. Həmçinin uşaqlara tez-tez maye vermək də lazımdır. İshal və qusma zamanı uşaqlarda iştahasızlıq yarana bilər. Bu zaman valideynlər uşaqları məcburi yedirtməməlidirlər. Çünki bu xəstəliyin daha da ağırlaşmasına gətirib çıxara bilər. Buna səbəb isə ishal zamanı mədə-bağırsaqlarda olan infeksiyaların aktivləşməsi ilə bağlıdır. Burada mədə yeməklə yükləndiyi üçün həmin virusların təmizlənməsinin qarşısı alınır”.

Həkim vurğulayıb ki, xəstəliyi valideynlər öz bildikləri dərmanlarla müalicə etməməli, həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməməlidirlər.

05.01.2022 17:24:00
Oxuma sayı: 557