Natiq Cəfərli: "Azərbaycan və Ermənistanın təkbaşına razılığa gələ bilər"
Ölçü:


Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş keçiriləcək.

Koordinat.az xəbər verir ki, REAL hərəkatının icraçı katibi Natiq Cəfərli Soçi görüşünün önəminə diqqət çəkib. O deyib ki, Putinin Brüssel görüşündən öncə danışıqları təşkil etmək cəhdi anlaşılandır: “Moskva nə Azərbaycana, nə də Ermənistana güvənir. Düşünür ki, hər iki ölkə Kremldən kənar hansısa sənəd imzalaya bilər və bu da Rusiyanın tək, əsas moderator olması funksiyasını zədələyə bilər”.

O düşünür ki, bu gün böyük sülh sazişi imzalanmayacaq: “Amma çox güman, iki ayrı sənəd, və ya bir sənəddə 2 ayrı bənd imzalana bilər. Birincisi, kommunikasiyaların açılması ilə bağlı ümumi razılıqdır. Söhbət tək Zəngəzur koridorundan getmir, ümumiyyətlə Azərbaycanla Ermənistan arasında yolların açılması ilə bağlı niyyət bəyanı olacaq. Zəngəzur koridorunun açılmasında Rusiya çox maraqlıdır. Ermənistanla Rusiyanın quru yolu tək Gürcüstan üzərindəndir, yollar isə köhnədir, hava durumundan və Moskva ilə Tiflis arasında münasibətlərin gərginliyindən asılıdır. Yollar açılsa, Rusiya Azərbaycan üzərindən Ermənistana rahat və ucuz dəmir yolu və avtomobil yolu açılacaq.

İkinci sənəd sərhədlərin dəqiqləşdirilməsinin başlanması haqqında niyyət bəyanı ola bilər. Moskvanın moderatorluğu ilə sırf sərhəd məsələlərinin həllinə dair üçtərəfli komissiyanın qurulması elan edilə bilər”.

N.Cəfərli qeyd edib ki, Ermənistan Zəngəzur yoluna “koridor” deyilməsinin, özəl status verilməsinin əleyhinədir, amma yolların açılmasını istəyir: “Azərbaycan Zəngəzur koridorunun açılmasına çalışır, bu bizim strateji maraqlarımız çərçivəsindədir, amma əgər Zəngəzur yolu ilə bağlı status olmaycaqsa, “Laçın koridoru” anlayışı birdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalı, Laçın yolunun girişində Azərbaycanın sərhəd-keçid və gömrük məntəqəsi yaradılmalıdır. Rəsmi Bakı bu məsələdə israr etməlidir. Rusiya üçün isə həmin yolun necə adlandırılmasının o qədər də əhəmiyyəti yoxdur. Azərbaycandan Ermənistan ərazisinə keçidə, bütün yola və Naxçıvana girişə zatən Rusiya nəzarət edəcək və Rusiyanın sərhədçiləri yolla bağlı bütün qərarların verilməsində son söz sahibi olacaq”.

N.Cəfərli vurğulayıb ki, biz birdəfəlik böyük sülh sazişinin bağlanmasında maraqlıyıq: “Bütün məsələlərin, o cümlədən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyasının başlanması ilə bağlı müddəaların da yer alacağı böyük saziş bizim marağımıza tam uyğundur. Amma obyektiv reallıqlar da var: Addım-addım bu yöndə, böyük sülh sazişi yolunda irəliləməliyik.

Soçidən sonra Brüsseldə baş tutacaq görüşdə xalqlar və icmalararası dialoq məsələsi önə çıxmalı, Azərbaycan Avropa Birliyi ilə yeni saziş imzalamalıdır ki, Rusiyanın təkbaşına moderator olması basqısını mümkün qədər neytrallaşdıra bilək. Ermənistan da Moskvanın təkbaşına moderator olmasından məmnun deyil. Nə qədər qəribə səslənsə də, bu məsələdə İrəvanla birgə işləməyə imkanlar var. Bu imkanlardan maksimum istifadə etməliyik”.
26.11.2021 12:24:00
Oxuma sayı: 890