Ermənilər təlaş içində: Ordu Zəngəzurdan çıxarıla bilər
Ölçü:


Noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüş öncəsi Ermənistanda siyasi gərginlik və qeyri-müəyyənlik mühiti hökm sürməkdədir. Ermənistanın siyasi dairələrində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin müzakirə edəcəyi mövzularla bağlı müxtəlif mülahizələr səsləndirilir, hətta bəzi mətbu orqanlar və politoloqlar konkret sənədlərin imzalanacağını iddia edirlər. Ümumilikdə isə erməni cəmiyyətində pessimizm o həddə çatıb ki, bu prosesdə Ermənistanın xeyrinə olan hansısa məqamın yer alacağına inananların sayı olduqca azdır.

Ermənistanda Nikol Paşinyan hökumətinə müxalif olan qüvvələrin birləşdiyi “Azadlıq hərəkatı” sabahkı görüşlə bağlı “həyəcan təbili” çalıb.

Koordinat.az xəbər verir ki, təşkilatı təmsil edən sabiq deputat, qatı millətçi baxışlarıyla tanınan Sofya Ovsepyan sabahkı üçtərəfli görüşün Ermənistanın təkcə müasir tarixi deyil, bütünlükdə erməni tarixi üçün həlledici gün ola biləcəyini deyib: “Baş nazir onun özünə məqbul olan sənədi razılaşdırmaq üçün görüşəcək. Hansı ki, bu sənəd Ermənistanın Tavuş, Ararat, Sünik, Vaydazor vilayətləri və Qarabağ üçün nekroloq olacaq.”

Ermənistanın aparıcı mətbu orqanlarından olan “Hraparak” qəzeti sabahkı danışıqlarla bağlı maraqlı iddia ilə çıxış edib. Qəzet hökumətdəki mənbələrinə istinadla yazıb ki, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı Ermənistanın qarşısına qoyulan şərtlərdən biri də erməni qoşunlarının Zəngəzurdan çıxarılmasıdır: “Demarkasiya və delimitasiyaya başlanması üçün ilkin şərt Sünikdən (Zəngəzur-red.) ordunun çıxarılmasıdır. Baş nazir Nikol Paşinyan imzalanacaq sənədin sadəcə demarkasiya və delimitasiya ilə bağlı komissiyanın yaradılmasına aid olacağını söyləsə də, artıq bəzi dairələr sənədin bir sıra bəndlərinin detallarını müzakirə edirlər”.
25.11.2021 15:52:00
Oxuma sayı: 833