Deputat nazirliyin korrupsiya ilə bağlı 30 minlik tenderindən danışdı: "Hər şey şəffafdır"
Ölçü:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ISO 37001:2016 - Rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqilə bağlı məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi "Ekvita Consulting" MMC-dir. Nazirlik tərəfindən qalib şirkətə 30 min manat ödəniləcək.

Koordinat.az xəbər verir ki, nazirliyin rüşvətxorluqla mübarizə üçün qalib şirkətə 30 min manat ödəyəcəyi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a açıqlamasında gün ərzində məsələyə münasibət bildiriləcəyini deyib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev isə açıq tenderin qalibi olan şirkətin beynəlxalq məsləhət şirkəti olduğunu diqqətə çatdırıb. O, nazirliyin həmin  şirkətlə işləmək təcrübəsinin olduğunu xatırladaraq qeyd edib ki, burada təəccüblü heç nə yoxdur: “Digər tərəfdən, idarəetmənin təkmilləşməsində, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə, bürokratik əngəllərin aradan qaldırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq treninqlərin keçirilməsi çox vacib məsələdir. Yeniliklərin tətbiqi üçün biz mütləq beynəlxalq təcrübəni öyrənməliyik. Qalib şirkətə ödənilən məbləğ böyük bir məbləğ də deyil. Hesab edirəm ki, bu məsələnin üstündə heç bir manipulyasiya ehtiyac yoxdur. Hər bir şey şəffaf şəkildədir”.

 

M.Quliyev deyib ki, təcrübənin öyrənilməsi üçün belə tenderlər olmalı, müqavilələr də bağlanılmalıdır. O, idarəetmənin təkmilləşdirilməsində bu cür şirkətlərin xidmətlərindən istifadəni vacib hesab edib.

 

25.11.2021 12:21:00
Oxuma sayı: 127