Baş prokuror Türkiyədən gələn nümayəndə heyəti ilə birlikdə Füzuli və Şuşada - FOTOLAR
Ölçü:

Bakıda səfərdə olan İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə birlikdə işğaldan azad edilmiş Füzuli rayonuna gedib.

Baş Prokurorluqdan Koordinat.az-a verilən məlumata görə, qonaqlar İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə tanış olub, türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyəti qeyd edilib. Daha sonra, nümayəndə heyəti “Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılmış şərait barədə geniş məlumat verilib.

Qonaqlar həmçinin, Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olub, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması diqqətə çatdırılıb.

İşğala qədər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqları, salamat tikili saxlamadıqları qeyd edilib. Qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş mədəniyyət beşiyimiz Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müstəsna mənəvi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi qayğı və həssaslıqla yanaşılmış, qısa zaman kəsiyində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində işlər aparılıb.

Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanıb, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan görkəmli sənət xadimləri –  Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.

Daha sonra, qonaqlar iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olublar. Cıdır düzünü ziyarət edən qonaqlara heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

Nümayəndə heyəti sonra bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.

Qonaqlar qısa vaxtda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar.

İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
25.11.2021 12:07:00
Oxuma sayı: 115