Qulu Məhərrəmli: "Soçi görüşündə heç bir sənəd imzalanmasa, Rusiyanın nüfuzuna ciddi zərbə dəyəcək"
Ölçü:


"Soçidə Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü ərəfəsində müxtəlif proqnozların verilməsi və rəylərin söylənilməsi çox təbiidir".

Koordinat.az xəbər verir ki, bunu siyasi şərhçi, professor Qulu Məhərrəmli noyabrın 26-da prezident İlham Əliyevlə Nikol Paşinyanın Soçidə Rusiya prezidenti ilə görüşündə əsas müzakirə predmetlərinin nədən ibarət olacağını şərh edərkən deyib. Onun sözlərinə görə, müxtəlif suallar da var, həmin suallardan ən başlıcası bundan ibarətdir ki, bu görüşdə tərəflər arasında hansısa sənədin imzalanması mümkündürmü və realdırmı? Bununla bağlı nələr gözlənilir?

"Düşüncəmə görə proseslərin elə bir məqamıdır ki, iki prinsipial məsələ öndə dayanır. Bunun birincisi sərhədlərin delimentasiya və demarkasiyasıdır. İkinci isə Ermənistan və Azərbaycan arasında komunikasiyaların açılması, bizim Zəngəzur dəhlizi adlandırdığımız xəttin işə düşməsi və buna razılıq verilməsi, bununla bağlı tərəflər arasında müəyyən bir razılığa gəlinməsi əlbəttə ki, aktualdır. Bu da daha çox sərhədlərin delimitasiyası ilə bağlı sənədin imzalanması və yaxud bu barədə hər hansı razılığa gəlinməsi ilə bağlı 10 noyabr birgə bəyannaməsinə uyğun bir sənəd qəbul oluna bilər" - deyə Qulu Məhərrəmli əlavə edib.

Professor görüş ərəfəsində Paşinyanın verdiyi bəyanata diqqət çəkir: "Bəyanatda Paşinyan göstərir ki, biz faktiki olaraq MDB-yə daxil olanda, 1991-ci ildə Azərbaycanla qarşılıqlı olaraq sərhədlərimizi tanımışıq. Əlavə edir ki, Dağlıq Qarabağ ərazi məsələsi deyil, hüquq məsələsidir. Bunun açması ondan ibarətdir ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sənəd imzalanacağı təqdirdə Paşinyan öz əleyhdarlarına belə bir mesaj verir ki,  Qarabağın statusu ilə bağlı məsələ Ermənistan üçün bitməyib. Bu bəyanata görə ehtimal edirəm ki, sərhədlərin qarşılıqlı tanınması, delimitasiyası ilə bağlı hansısa bir sənədin imzalanması mümkündür. Çox güman ki, komunikasiyaların açılması ilə bağlı xoş niyyəti ifadə edən hansısa bir protokol imzalana bilər. Əgər Soçi görüşündə heç bir sənəd imzalanmasa, hesab edirəm ki, bu Rusiyanın indi iddia etdiyi regionda liderlik, yaxud da tərəflər arasında vasitəçilik, moderatorluq etmə iddiasına çox ciddi zərbə vuracaq. Çünki Soçi görüşü Brüssel görüşü ərəfəsində keçirilir. Həmin görüşdə Qərbin diplomatik imkanlarını məhdudlaşdırmaq, onu sadəcə görüş halına gətirmək üçün Rusiya mütləq belə bir sənədin imzalanmasına nail olacaq".

25.11.2021 10:05:00
Oxuma sayı: 119