Paşinyanın “10 noyabr dalanı”
Ölçü:


Gözlənildiyi kimi də oldu. Rusiya Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirəcəkləri görüşdən əvvəl onları özünün moderatorluğu ilə bir araya gətirəcək. Dünən Kremlin mətbuat xidməti noyabrın 26-da Soçidə V.Putin, İ. Əliyev və N. Paşinyan arasında görüş olacağını açıqladı. Məlumatda qeyd olunur ki, Rusiya rəhbəri hər iki ölkənin lideri ilə ayrı-ayrılıqda da müzakirələr aparmağı planlaşdırır.

İndi hər iki münaqişə tərəfində əsas müzakirə olunan məsələ budur ki, Soçi görüşü Brüsseldə nəzərdə tutulan təmasların əhəmiyyətini azaldırmı? Liderlərin bir araya gəlməsi 10 noyabr razılaşmasının tam icrasına, münasibətlərdəki gərginliyin yumşalmasına səbəb ola bilərmi? Əlbəttə, cəmiyyətlərdə xeyli başqa suallar da dolaşır. Onlara cavab axtarmaq üçün əvvəlcə tərəflərin mövqelərinə diqqət etməyə ehtiyac var.

Rusiya münaqişədə həm əsas vasitəçi, həm sülhməramlı, həm də qeyri-formal olaraq münaqişə iştirakçısıdır. Moskvanın bütün səyləri  regionda öz maraqlarının qorunmasına yönəlib. Azərbaycan və Ermənistan tamamilə ram edilməlidir, Qərb regiona buraxılmamalıdır və Rusiyanın bölgədə əbədi qalmasını şərtləndirəcək əsaslar olmalıdır. Kremlin bu siyasəti bəzi məqamlarda Azərbaycan, bir çox hallarda isə Ermənistanla toqquşur. Soçi görüşünə Ermənistanın məcbur edilməsi Moskva ilə İrəvan arasında ciddi toqquşmaların bariz göstəricisidir.

Paşinyan hökuməti isə çalışır ki, Rusiyanın artan təzyiqlərini Qərbin dəstəyi ilə neytrallaşdırsın. O, danışıqlarda Putinin yeganə moderator olmasını istəmir, Azərbaycanla mübahisələri Minsk Qrupu, Avropa İttifaqı müstəvilərinə daşımağa cəhd edir. Burada onun üçün daha rahatdır, qaldırdığı məsələlər isə təkcə sərhəd, kommunikasiya problemlərini ehtiva eləmir. Paşinyan planlaşdırır ki, Brüsseldə əsirlərin qaytarılması, Minsk Qrupunun yenidən aktivləşməsi, Qarabağın status mövzusunun dirçəldilməsi kimi məsələləri qaldıracaq.

Paşinyan dünən keçirdiyi mətbuat konfransında bu barədə deyib: “Brüsseldə bütün humanitar məsələlər, o cümlədən hərbi əsirlərin məsələsi gündəlikdə olacaq. Bizim ümumi vəziyyətdən doğan rəyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha sıx olmalıdır. Bu ona görə lazımdır ki, müxtəlif situasiyaları həll etmək, həll yolları tapmaq və böhranlardan yayınmaq mümkün olsun”.

Baş nazir həm də beynəlxalq güclər vasitəsi ilə Azərbaycanın bir daha Ermənistana hərbi güc tətbiq etməyəcəyi ilə bağlı öhdəlik götürməsini istəyir. Bu baxımdan, Paşinyanın mətbuat konfransında Azərbaycanı Ermənistana qarşı aşkar ərazi iddiaları irəli sürməkdə ittiham etməsi təsadüfi deyil. O, daha irəli gedərək, beynəlxalq birliyi “Bakının təcavüzkar siyasətinə” reaksiya verməyə çağırıb.

Ermənistanın Baş naziri Soçiyə də “əliboş” getmir. Onun dünənki çıxışında noyabrın 26-da keçiriləcək üçtərəfli görüşdə hansı mövqedən çıxış edəcəyi məlum olub. Baş nazir işarə verib ki, Soçidə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sənədi imzalayacaq: “Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında mümkün imzalanacaq sənəd bu məsələ üzrə işçi komissiyanın yaradılmasına aid olacaq. Möhtəməl, sənəddə qeyd olunacaq ki, Ermənistan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası üzrə işə başlayan komissiya yaradırlar. Sənəddə sərhədin konkret buradan, ya buradan keçdiyi göstərilməyəcək”.

Kommunikasiyaların açılmasına gəlincə, Soçidə belə bir sənədin imzalanacağı mümkün görünmür. Çünki Paşinyanın mövqeyi onun belə bir addımı atacağını istisna edir: “Azərbaycan özünün aqressiv siyasəti ilə nəinki Ermənistanın suveren ərazisinə müdaxilə edir, həm də onun “dövlətçiliyinə, suverenliyinə, müstəqilliyinə və demokratiyasına” qəsd etmiş olur. Azərbaycan aşkar şəkildə Ermənistana qarşı ərazi iddiaları nümayiş etdirir. “Zəngəzur dəhlizi” və ya “Şərqi Zəngəzur” nə deməkdir? Bu terminləri kim uydurub? Bunların mənası nədir və dəhliz məntiqi nə deməkdir? Biz əvvəllər də bəyan etmişik və yenə də bəyan edirik ki, məsələləri dəhliz məntiqində müzakirə etməmişik, etmirik və etməyəcəyik”.

Əlbəttə, Paşinaynın bu ritorikası ilk növbədə Ermənistanın daxili auditoriyasına ünvanlanıb. O , müxalifətin apardığı “satqın”, “xəyanətkar” təbliğatını neytrallaşdırmağa çalışır.

Ermənistanın bu mövqeyinə Rusiyanın və Azərbaycanın münasibətinin necə olacağı maraq doğurur. Bu mərhələdə Paşinyanın “güzəşti” sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı sənədə imza atmasıdır. Ehtimal ki, Moskva və Bakı buna qane olmayacaq. Rusiya ənənəvi metodlarla İrəvana təzyiqlərini davam etdirəcək, daxildə müxalifətin anti-hakimiyyət nümayişlərinin genişlənməsi, sülhməramlıların nəzarət zonasında və sərhədlərdə tez-tez insidentlərin baş verməsi gözləniləndir.

Moskva Azərbaycanın da öz təsir rıçaqlarını işə salmasına növbəti dəfə göz yuma bilər. Bakının mövqeyi belədir ki, 10 noyabr sənədi icra olunmalı, kommunikasiyalar açılmalıdır. Paşinyan bunu danışıqlar yolu ilə həll etməsə, müxtəlif səviyyələrdə güc tətbiqi qaçılmaz olacaq. Çox güman, Soçidə bu mövqe şəxsən Paşinyanın nəzərinə çatdırılacaq.

Yekunda qeyd edək ki, Soçi görüşü Brüsseldə gözlənilən təmasların əhəmiyyətini azaltmır. Ümumiyyətlə, hər iki görüşdən böyük nəticələr gözləmək olmaz. Ermənistan hələ ki, öhdəliklərini yerinə yetirmək istəmir, Paşinyanın bunu etmək imkanları isə reytinqi ilə bərabər günü-gündən azalır. Qarşıda böyük toqquşmalar qaçılmaz görünür…
Pressklub

24.11.2021 17:13:00
Oxuma sayı: 146