Onlayn təhsillə bağlı yenilik
Ölçü:


Ali təhsil haqqında yeni qanun layihəsində məsafədən təhsil mexanizmi ali təhsil səviyyələrində təhsilalma formalarından biri kimi nəzərdə tutulub.

Koordinat.az
xəbər verir ki, “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ali təhsil müəssisəsi ali təhsil proqramlarını həyata keçirmək üçün elektron təlim və məsafədən təhsil texnologiyalarını tətbiq edə bilər.

Ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:
- əyani (full-time (tədrisə tam cəlb olunma), part-time(tədrisə qismən cəlb olunma));
- qiyabi;
- məsafədən;
- eksternat.

Ali təhsil müəssisəsində məsafədən təhsil zamanı təlim prosesi bir tədris ilinin yaz və payız semestrləri ərzində təşkil edilir. Məsafədən təlim prosesi sinxron, asinxron və ya sinxron və asinxron təlimin qarışıq və hibrid formasında həyata keçirilə bilər.

Məsafədən təhsil ali təhsilin dövlət standartları əsasında ali təhsil proqramlarının həyata keçirilməsini və  ali təhsilin əlçatanlığını təmin edir.

Məsafədən təhsilin təşkilini və tətbiqini təmin etmək məqsədi ilə ali təhsil müəssisəsində “Rəqəmsal tədris”, “Elektron imtahan mərkəzi” və rəqəmsal təhsilə dəstək üçün elektron təlim platformaları yaradılır.

Tələbənin məsafədən təhsil nəticəsində əldə etdiyi biliyin  qiymətləndirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Tələbələrin yerləşməsindən asılı olmayaraq, məsafədən təhsil fəaliyyətinin həyata keçirildiyi yer təhsil müəssisəsinin yerləşdiyi yerdir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanıb. Sənədin işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
29.10.2021 13:14:00
Oxuma sayı: 817