İnformatika ixtisasını seçənlər kimyadan deyil, informatikadan imtahan verəcək
Ölçü:

“Bu il yox, gələn tədris ilində birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı yaradılacaq”.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir: “Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Universitetlərin tələbləri də nəzərə alınaraq, elə şəxslər oxumalıdır ki, coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar”.

Məleykə Abbaszadə digər ixtisas qrupları üzrə məlumatları da diqqətə çatdırıb: “Əvvəlki qəbul imtahanında II qrup üzrə 13 642 yer təklif edilmişdi, amma cəmi 16 min şəxs qeydiyyatdan keçmişdi. Onlardan 8000 nəfər 150 baldan yuxarı nəticə göstərib, müsabiqəyə buraxılmışdı. Yəni, biz artıq yer seçimi elan olunmadan bilirdik ki, II qrupda kifayət qədər boş yer qala bilər. III qrup üzrə isə 12 853 yer təqdim edilmişdi, sənəd verən 21 min adamdan 16 567 nəfər 150 baldan yuxarı nəticə göstərib müsabiqəyə qatılmışdı. Əvvəldən proqnoz etmişdik ki, təxmini 4000 adam qəbul olmayacaq. Subbakalavrlardan cüzi hissə lazımi nəticə əldə edərək qəbul ola bilmişdi”.
27.10.2021 11:54:00
Oxuma sayı: 4938