İki ixtisas II qrupdan III qrupa keçirildi
Ölçü:

Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qeyd edilib ki, bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq, III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.

Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
27.10.2021 09:58:00
Oxuma sayı: 4746