O yerlər min xəyal eylər!.. - Süleyman Qaradağlı yazır
Ölçü:


Süleyman QARADAĞLI

Heç yadımdan çıxmır...

Nə hindəki toyuqların qapısını açmaq oldu, nə də zəncirdəki iti...

Oturacağına, yük yerinə əlimizə düşən ev əşyaları yığdığımız minik maşınını tərpətmək də mümkün olmadı...

Maşınla çıxmaq üçün həyət darvazasını açmaq istəyəndə artıq tankların səsi eşidilirdi...

Özü də lap yaxından...

Hər anın öz hökmü vardı. Gecikmək olmazdı...

Evimizin sağındakı asfalt yola çıxmaq olmazdı, ora daha açıqlıq idi. Ona görə sol tərəfdə yazdan-yaza sel gələn çayın yatağı ilə - "dərə" adlandırdığımız yerlə getməli olduq. Dərə bitən kimi kolxoz bağına çıxdıq. Ağacların altı  ilə getmək daha rahat idi - hər halda yarpaqlar hər şeyi gizlədirdi. Amma bağa keçən kimi təzəcə aralandığımız evimizin yerində torpağın göyə sovrulduğunu gördüm. Ayaqlarımı saxladım. Dünyaya göz açdığım doğma ev, iməklədiyim, ayaq açdığım, yeriyib-yüyürdüyüm həyət, hər qarışı mənə əziz olan doğma həyət...

Qardaşım "bizim ev deyil, ətrafa düşən mərminin göyə sovurduğu toz-torpaqdır", - dedi. Düz deyirdi, amma mərmilərin düşdüyü ətrafdakı yerlər də doğma idi axı...

Axırıncı çıxan biz deyildik, bizdən arxada da tək-tük gələnlər var idi, amma axırıncılardan biri idik. Erməni quldurlarının tank və zirehli texnika ilə kəndə soxulduğunu eşidən kimi minik maşını olanlar da ailə üzvlərini götürüb çıxdılar. Kəndin təpələrin arxasında  atəş tutmayan hissəsində yaşayanların kiçik vosmoyka avtobusa yığışıb tərpəndiklərini hamımız gördük. Təkcə yaşı 90-ı haqlamış Bayram dayı minməmişdi. "Əşi, erməniyə neyləmişəm, mənə neyləyəcək", - deyib son anda avtobusa minməkdən imtina eləmişdi.

Atam bacımın, qardaşım isə anamın qolundan tutmuşdu. Mən isə onlardan bir neçə addım qabaqda gedirdim. Atılan mərmilər hündür ağacların qol-budağını doğrayıb başımıza tökürdü. Müharibənin başladığı il yarım olsa da, belə bir aqibəti gözləmirdik. Düzdür, atışma, qrad və mərmi səsləri hər gün eşidilir, Milli Ordunun səngərdə növbə çəkən əsgərləri isə onlara cavab verirdi. Bu müddətdə bir-iki dəfə də "erməni saqqallıları" kəndə soxulmağa cəhd göstərmişdilər, ancaq əsgərlər sayıq tərpənərək onları geri oturtmuşdular. Amma dan üzü tezdən belə hücuma keçəcəklərinə heç kəs inanmırdı. Onlar kəndə soxulanda camaatın çoxu hələ yataqdan durmamışdı. Elə bundan istifadə edən quldurlar qonşu kənddə bir ailədən olan  21 nəfəri girov götürmüşdülər.

Bizim dalımızca gələn hərbçilərdən biri  mərmi qəlpəsinə tuş gələrək həlak olmuşdu. Bağın, ağacların arası ilə xeyli irəlilədikdən sonra "Dəyirmanın boynu"ndan qonşu sovxozun tut bağlarına girdik. İyulun əvvəli idi, barama mövsümü başa çatdığından toxmacarlığa su buraxılmışdı. Bəlkə də bir neçə gün idi ki, "Saracıq yeri"ndəki tut bağı acgözcəsinə suyu canına çəkirdi. Çox yerdə su göllənib durmuşdu, ayağını yeri basanda bolluca su içmiş çəkillikdə topuğa qədər suya batırdın.

Atəş səsləri ara vermirdi, elə bil hamı səsini içinə çəkmişdi. Ətrafdakı kəndlərin sakinlərinin bu təhlükədən nə vaxt və necə sovuşub uzaqlaşdıqlarını başa düşmək olmurdu. Yalnız toplar gurlayır, ağacların budaqları qırılıb yerə tökülür, biz isə ailəliklə çəkillərin arasına dolmuş su  gölməçələrinə ayağımızı qoya-qoya gedirdik. Çəkillikdən azca kəndə tərəf olan zoğal ağaclarının arasında ağlayan uşaq səsi gəlirdi. Təxminən 9-10 yaşlarında olan bir qızcığaz ətrafına qaratikan kolu yığılmış zoğal ağacının altında dayanıb sakit səslə ağlayırdı. Görünür, yaxınlıqdakı kənddən hamı canını götürüb qaçanda hansı səbəbdənsə onu unutmuş, qızcığaz isə tək qalıb bağa enmişdi.

Qaratikan kollarını aralayıb qızı qucağıma götürən kimi səsini kəsdi. Hiss olunurdu ki, qorxub, heç nə danışmırdı.  Bir az gedəndən sonra onu boynuma mindirdim. Yer palçıq olduğundan yerimək rahat deyildi. Arxadan gələn  anam: "Uşağı yerə qoy, əlindən tut, özü yeriyəcək" dedi. Yorulduğumdan uşağı yerə qoydum. Əlindən tutan kimi özü yeriməyə başladı. Deyəsən, bayaqkı qorxusu da yavaş-yavaş çəkilirdi.

Tut bağının içi ilə xeyli getdikdən sonra ən yaxın Saracıq kəndinə çatdıq. Kənddə hamı təpələrin üstünə, yollara çıxıb yuxarı kənddən gələnləri qarşılayır, yardım göstərir, evlərinə aparırdı. Bizimlə gələn qız bağdan açıqlığa çıxan kimi öz kəndlərindən olan qadınları tanıdı və onlara tərəf getdi. Biz kəndin baş tərəfindəki təpəyə qalxıb Gorazıllı kəndində yanan evləri, kəndin arasında dolaşan tankları  müşahidə etdik. Hamı təlaş, həyəcan içində idi.

Uzaqda, xeyli uzaqda kəndimizin qayanın döşündə yerləşən evlərinin izləri görünürdü. İyulun 2-si bizim Qaradağlı kəndində son günümüz oldu...

...O vaxtdan nə az, nə çox, 10 min 300 günə yaxın vaxt keçib. Bu günün hər saatı, hər dəqiqəsi Vətən, yurd  həsrəti ilə yaşanıb. Aradan ötən bu illər ərzində kəndimizin neçə-neçə sakini son nəfəsində "Yarğan" bulağının bir ovuc suyunun dadını, bir udum dağ havası, bir ovuc torpağın ətrini hiss etmək həsrəti ilə əbədiyyətə qovuşub. Hər gecə  kəndimizi görmək arzusu ilə yuxuya getmişik, gündüzlər onun xəyalı, xatirəsi ilə yaşamışıq.

Amma kimin ağlına gələrdi ki... Ötən ilin payızında Azərbaycan Milli Ordusunun qəhrəman əsgər və zabitləri inanılmazı gerçək, mümkünsüzü mümkün etdilər. 28 il əvvəl bir gündə boşaldılan torpaqlar onların canı və qanı bahasına addım-addım, qarış-qarış, səngər-səngər  geri qaytarıldı. Bu, həqiqətən də çox böyük hadisə və çox böyük qələbə idi. Məhz bu qələbə sayəsində uzun illərdən bəri yurd həsrəti ilə qovrulan insanlar öz doğma ocaqlarına qayıtmaq imkanı qazanıblar.

Mənfur düşmən o yerləri nə günə salıb? Hər cığırı, hər kolu-kosu bizə doğma olan o yerlərin sinəsinə dağ çəkib, minbir əziyyət, zəhmətlə başa gələn evləri vird-viran eləyib, bulaqları qurudub, bağları, meşələri sonuncu kötüyünədək məhv edib. Axar-baxarlı, gəlib-gedənləri, yolu düşənləri öz gözəlliyi ilə  məftun edən kənd tanınmaz hala düşüb.

Mənə çox əziz olan evimiz, həyətimiz də heç təsəvvürə gəlməyən bir xarabalığa çevrilib. Babamın əlləri ilə əkdiyi alça, alma,  ərik, şaftalı, gilas, əncir ağaclarından ağaclarının, yay və qış armudlarının biri də qalmayıb. Uşaqlığımın ən əziz xatirəsini özündə yaşadan, kölgəsində oynadığımız, budağından yüyrüyümüz asılan tut ağacı, qardaşımla futbol oynadığımız kiçik meydança,  yayda Bakıdan bizə gələn  bibim uşaqlarının səs-küyünün, hay-harayının ətrafı başına götürdüyü  həyətdən əsər-əlamət qalmayıb. 28 metr dərinlikdən çıxan quyunun diş donduran soyuq suyu, nənəmin çörək bişirdiyi təndir, çəpərimizin kənarı boyu uzanan üzüm şəlləri... Elə bil heç yerli-dibli olmayıb.

Dəyişib, çox şey dəyişib.  Hər qarışına uşaqlığımın, gəncliyimin xatirələri səpələnmiş nə  o ev var, nə də o həyət. Bizi o evə bağlayan, bizə o evi doğmalaşdıran ata-anam da yoxdur. Barı görən o böyük həyətdə onların xatirəsini, nəm-nişanını  yaşadan bircə daş, bir ağac, bir kol tapmaq olarmı? Bizi o yurda bağlayan ata ocağından hansısa bir iz qalıbmı?

...Füzulidən Hadruta gedən yolun üstündə sonuncu bir kənd var. Ərgünəş dağının ətəklərində,  bir əli ilə Cəfər qayasına söykənən,  ayağını Qozluçayın suları yuyan bir kənd...

O kənd bizim kəndimizdir!..
19.10.2021 16:13:00
Oxuma sayı: 1076