Rusiya sülhməramlıları ermənilərin özbaşınalığının qarşısını almalıdır - Politoloq
Ölçü:

"Sülhməramlıların nəzarət etdiyi hissədə ermənilərin özbaşınalığı ilə bağlı Rusiya tərəfi addım atmalıdır".

Koordinat.az xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanın bununla bağlı Rusiya rəhbərliyinə müraciət etmək, addım atılmasını tələb etmək haqqı var: "Həmin ərazilərdə hüquqi, əməli, hərbi nəzarət Rusiyanın öhdəliyindədir. Rusiya hakimiyyəti göndərdiyi sülhməramlılara əmr verməli, onlar isə ermənilərlə bağlı tədbir görməlidir. Bizdən asılı heç nə yoxdur".

Z.Əlizadə vurğulayıb ki, Qarabağda fəaliyyət göstərən monitorinq qrupunun sadəcə müşahidə aparmaq səlahiyyəti var: “Onlar gördüklərini öz komandanlıqlarına məruzə edirlər. Türk tərəfi Türkiyə komandanlığına, ruslar isə Rusiya komandanlığına vəziyyət barədə məlumat verirlər. Monitorinq qrupu addım atmalı deyil. Qeyd etdiyim kimi, ermənilərin qarşısının alınması, vəziyyətə nəzarət olunması tapşırığını Rusiya rəhbərliyi sülhməramlılara verməlidir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, pilotsuz uçan aparatlar yalnız həmin ərazilərdə fəaliyyət göstərən monitorinq qrupunun icazəsi ilə qaldırıla bilər: “Əks halda PUA-ların havaya qaldırılması, Azərbaycan Ordusunun nəzarətində olan hissələrə ötürülməsi tamamilə qanunsuzdur. Həmin aparatlar dərhal ordumuz tərəfindən ələ keçirilir, zərərsizləşdirilir. Azərbaycan əsgərləri sülhməramlılara yaxın yaxın hissələrdə ayıq-sayıqlığı yüksək səviyyədə saxlayır. Orada baş verən hər hansı qanunsuz fəaliyyətin ordumuzun bölmələri tərəfindən dərhal qarşısı alınır. Ermənilərin son dəfə havaya qaldırdığı pilotsuz uçan aparat elə böyük imkanlara malik deyil. Lakin buna baxmayaraq, ərazilərimizdə qanunsuz yerləşən erməni birləşmələrinin fəaliyyəti dərhal dayandırılmalıdır. Birinci hal deyil və hesab edirəm ki, ermənilərin təxribatları ilə bağlı sülhməramlılar hərəkətə keçməlidir”.

 
15.10.2021 14:59:00
Oxuma sayı: 725