"Doğma yurdlarımıza böyük qayıdışı səbrsizliklə gözləyirik" - Qurban Sadıqov Kəlbəcərdə gördüklərini yazır
Ölçü:

Düz 28 il, 5 ay, 9 gün əvvəl, böyük kədər və məğlubiyyət hissi ilə Kəlbəcəri tərk etdiyim yolu indi böyük sevinc, qələbə duyğusu ilə geri dönürdüm...

Bu, haqqın və ədalətin zəfəri idi ki, düz 28 il əvvəl yurdundan didərgin salınan məğlub Azərbaycanın vətəndaşı kimi çıxdığım Vətənimə qüdrətli və qalib Azərbaycanın fəxarətli vətəndaşı kimi qayıdırdım...

Bəli, illər əvvəl məni bu yolla Kəlbəcərdən uzaqlaşdıran Azərbaycanın müvəqqəti məğlubiyyəti olmuşdu.  Bu illər ərzində çox fikirləşirdim ki, ozamankı məğlubiyyətimizin səbəbi nə idi? Və indi fikirləşirəm ki, Zəfərin səbəbi nə oldu?..

Cavab sadə və aydındır: hər şeyi həll edən lider amilidir. O dövrdə Azərbaycanı birləşdirən güclü lider olmadığına və o lider Azərbaycan Ordusuna Ali Baş Komandanlıq edə bilmədiyinə görə, biz Kəlbəcəri məğlub kimi tərk etmişdik. Amma indi Azərbaycana layiqincə rəhbərlik edən, Ulu Öndərin yaratdığı və həmin ordunu təkmilləşdirərək, ona komandanlıq edən böyük liderin sayəsində biz öz torpaqlarımıza qalib vətəndaş kimi geri qayıdırıq...

Düşünürəm ki, bu günləri görəcəyimizə inanaraq ümidlə gözləməyə, bu çətinliklərə, məhrumiyyətlərə sinə gərməyə dəyərdi. Çünki indi bir illiyini sevinc, coşqu ilə qeyd etdiyimiz bu böyük Zəfər, sanki bütün yaralarımıza sığal çəkib, məlhəm qoyub, ağrı-acılarımızı unutdurub. Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində xalqımıza sevinc, torpaqlarımıza azadlıq bəxş edən, yüz minlərlə vətəndaşımızı məcburi köçkünlükdən xilas edən Vətən müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ilə düşmənin belini qıraraq başa çatdı və 30 illik Qarabağ düyünü birdəfəlik çözüldü.

Kəlbəcərin inkişafı ilə bağlı planlar sürətlə reallaşdırılır

25 noyabrda Ali Baş Komandan “Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır! söyləyəndə bütün kəlbəcərlilərin fərəhdən ürəyi dağa döndü. Çox çətin relyefə malik Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən xilas edilməsi, sözün əsl mənasında, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin daha bir nümayişi oldu...

Doğma rayonumun işğaldan azad olduğu gün əvvəldən də arzu etdiyim kimi, ilk öncə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarətə getdim, xalqımızı bu xoşbəxtliyə çatdıran günlərin uğurlu bünövrəsini qoyduğu üçün bir daha uca ruhu qarşısında baş əydim.

İndi biz, bütün keçmiş məcburi köçkünlər səbirsizliklə doğma yurdlarımıza böyük Qayıdışı gözləyirik. Buna görə də, dövlətimizin başçısının qeyd etdiyi kimi, işğaldan azad edilən bütün torpaqlarımızda həyat sürətlə yenidən öz axarına düşür, mənfur düşmən tərəfindən tamamilə viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur sürətlə yenidən qurulur.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bütün işğaldan azad edilən torpaqlarda erməni vandalizminə məruz qalan maddi-mədəni irsimizə məxsus nadir incilər - tarixi-dini abidələrimizin bərpası prosesi aparılır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2021-ci il avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Kəlbəcər rayonunda cənab İlham Əliyev çıxışı zamanı vurğuladı ki, tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq.

Bütün işğaldan azad edilən bölgələrə səfər zamanı olduğu kimi, Prezident İlham Əliyevlə çiyin-çiyinə Kəlbəcərə gedən zamanı Mehriban xanım Əliyeva düşmən vandalizminin izlərini daşıyan dağıntılarla bağlı özü çəkiliş aparırdı. Hər birimiz bu çəkilişləri böyük diqqət və həyəcanla izləyirdik. Mehriban xanımın erməni faşizminin törətdiyi vəhşiliklərlə bağlı bu çəkiliş kadrları bir daha bütün dünyaya nümayiş etdirirdi ki, erməni vandalları təkcə insanlara yox, məzarlıqlara, təbiətə, daşa, qayaya, ağaca da qənim kəsilib.

Dövlət başçısının qətiyyətlə söylədiyi kimi, ərazilərimizi dağıdan, ekoloji terror törədən düşmən bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcək.

Prezident Kəlbəcərə möhtəşəm səfəri zamanı burada bir çox açılışlarda iştirak etdi, əhəmiyyətli layihələrin təməlini qoydu. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı müstəsna əhəmiyyətli tunellərin təməlini qoyan İlham Əliyev Lev çayı üzərində tamamilə yenidən qurulan 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasını işə saldı. “İstisuya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir”, - söyləyən cənab Prezident burada uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlandı.

Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün bölgələrimizdə həyata keçirilən genişmiqyaslı işlər onu göstərir ki, Azərbaycan dövlətinin çox güclü iradəsi, əzmi var. Azərbaycan Prezidentinin özünün də vurğuladığı kimi, məhz bu iradə sayəsindədir ki, cəmi 8-9 ay ərzində ərazilərimizin quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib, bütün güclər, texniki imkanlar səfərbər olunub, maliyyə vəsaiti təmin edilib, o cümlədən inşaat sahəsində kadr potensialı formalaşdıran Azərbaycanda hərtərəfli işlər gedir.

Bu yol doğma Kəlbəcərə aparır...

Kəlbəcər işğaldan azad olunduqdan sonra çox istəyirdim ki, doğma torpağımıza gedim, kəndimizə baş çəkim, ata yurdumu görüm. Tale elə gətirdi ki, bu xoşbəxtliyə bu ilin 11 sentyabrında çatdım, doğma Kəlbəcərimə səfər etdim. Onu da deyim ki, dostum, şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif müəllim mənə müraciət edərək oğlunun doğum günü və şəhidlərin Anım günü ərəfəsində Kəlbəcərə səfər edərək, oğlu Anar Əliyevin xatirə lövhəsini quraşdırmaq istəyini bildirmişdi. Vaqif müəllim və Anarın döyüşçü dostu Eldəniz Rüstəmov dedi ki, Kəlbəcərin azadlığında iştirak etmək ən böyük arzusu idi Anarın. O çox istəyirdi ki, Kəlbəcərə də qələbə bayrağını özü sancsın, amma şəhadəti ilə bu arzusu yarımçıq qaldı...

USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcərin Boyaqlı kəndində anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2018-ci ildə Günnüt zəfərində xüsusi fərqlənən Anar Əliyev Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə şəhid olub. Anar Əliyevin rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi xeyli asanlaşdırıb. Qəhrəman şəhidimiz ölümündən sonra Prezidentin sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hələ bir müddət əvvəl, Kəlbəcər rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Anar Əliyevin iştirakı və çıxışı barədə təşəbbüs qaldırmışdım və Nazirlər Kabinetindən Müdafiə Nazirliyinə məktub ünvanlamışdıq. O zaman Anar Əliyev tədbirdə iştirak və çıxış etmiş, vətənpərvərlik hisslərini bölüşmüş, hərbçi qətiyyəti ilə tezliklə bütün Qarabağı, o cümlədən Kəlbəcəri azadlığa qovuşduracaqlarını söyləmişdi...

Beləliklə, 2021-ci ilin sentyabrında Vaqif müəllimim arzusunu gerçəkləşdirmək üçün məzuniyyət götürüb müvafiq qaydalara uyğun olaraq 11 sentyabrda Kəlbəcərə səfər etməyi və 12-si geri qayıtmağı planlaşdırdıq. Amma Kəlbəcərə getməzdən əvvəl əslən Kəlbəcərdən olan, Murov dağının ətəyində yerləşən Göygöl rayonunun Bənövşəli və Çaykənd kəndlərində yaşamış Vətən müharibəsinin şəhidləri İsmayıl Mahir oğlu Məhəmmədlinin, Samir Elxan oğlu Bayramovun, Elbrus Nadir oğlu Hüseynovun və Mirzə Xəlifə oğlu Hüseynovun ailələri ilə görüşdük. Bunu etmədən təbii ki, Kəlbəcərə səfər edə bilməzdik...

O qədər həyəcanlı idim ki, səfər öncəsi son iki gecəni yata bilmədim və biz sübh ala-torandan Kəlbəcərə doğru yola düşdük. Yolboyu ətrafı seyr edir, səbirsizlikə doğma yurd-yuvamı görməyə tələsirdim. Toğanalı-Kəlbəcər yolundan Murova qalxdıqca, əvvəlki köhnə, uçuq-sökük yollardan heç bir əsər-əlamət qalmadığını gördüm. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin burada həyata keçirdiyi sürətli tikinti işləri sayəsində Turşsuya qədər yol başdan-başa asfaltlanmış, digər ərazilər isə tamamilə genişləndirilmiş və maşınların gediş-gəlişi üçün yaxşı şərait yaradılmışdı. Qarşıma çıxan daha bir möhtəşəm yenilik isə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunan 11.6 kilometrlik tuneldə işlərin sürətli gedişatı oldu. İşlərin bu cür plan üzrə və sürətli reallaşdırılması onu göstərir ki, bu tunel çox qısa zamanda istifadəyə veriləcək və kəlbəcərlilər Ağdərə yolu açılanadək, qara-qışa baxmadan, ilin bütün fəsillərində rahatlıqla buradan istifadə edəcəklər.

Murovun Göygöl üzündə DİN-in Kəlbəcər Rayon Polis Şobəsinin ilk postunda zabit və hərbçilərlə görüşdükdən sonra Murovun zirvəsində, Ömər aşırımında dayandıq. Hava açıq, dumansız olduğu üçün buradan həm Göygöl, həm də Kəlbəcərin hər tərəfi əliçi kimi aydın görünürdü. Bu uca Ömər aşırımında Vaqif müəllim və Eldənizlə birlikdə şəhidin fotosu ilə şəkil çəkdirdik...

Bir az aşağı enərək yolun kənarındakı “Qiblə” bulağında dayandıq, buradan, Murovun sinəsi ilə qıvrıla-qıvrıla Kəlbəcərə enən yollara baxdıq.

1993-cü ilin o məşum 2 aprel günündə sovet qoşunlarının, erməni hərbi birləşmələrinin və PKK beynəlxalq terrorçu təşkilatlarının köməyi ilə işğal olunan Kəlbəcərdən zorla çıxıb canını qurtaran soydaşlarımız piyada başıaçıq, ayaqyalın, çovğunlu-qarlı, şaxtalı bir havada, bir çoxları isə yük və minik maşınlarında Murovun bu dar cığırlarından aşaraq müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmaq məqsədilə Göygölə pənah gətirmişdi. Həmin gün neçə-neçə kəlbəcərli o şaxtada, qarda donmuş, canını Murovun həmin dar yollarında tapşırmışdı.

İllər sonra bu yolla Kəlbəcərə qayıdanda, sanki yenidən o dəhşətli günləri yaşadım, Kəlbəcərin 1993-cü ilə qədər 5 il ərzində mühasirədə qaldığı o ağır günlər, kəlbəcərlilərin min bir əzab-əziyyəti, Kəlbəcərdən və respublikanın digər bölgələrindən olan şəhidlər, qazilər, hərbçilər gözlərimin önündən keçdi...

Çox ağır, dözülməz təəssüratlar idi...

Möhtərəm Prezidentin də söylədiyi kimi, 1993-cü il aprel ayının əvvəlində Kəlbəcərin işğal altına düşməsinin günahkarı məhz AXC-Müsavat iqtidarı idi. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi və bu xəyanətkar hakimiyyətin qurbanı olan Kəlbəcərin taleyi və kəlbəcərlilərin uzun illər yaşadıqları məşəqqətli həyatı yaddaşımızda ömürböyu silinməyən izlər buraxdı...

Erməni vandalizminin gerçək üzü
 
 Kəlbəcərin Murov istiqamətindən ilk kəndləri olan Zallar və Yanşaq kəndlərinə yaxınlaşdıq. Hələ zirvədən baxdıqda hər iki kənddə sosial obyektlərin, yaşayış evlərinin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdıldığının və onların qalıqlarının qaldığının şahidi olduq.

Səfər yoldaşımız, Yanşaq kəndinin ziyalısı Rasim Verdiyevin də dağıdılmış ata yurduna baş çəkdik. Bu kəndlərdə gördüyüm acınacaqlı vəziyyətlə səfər etdiyimiz bütün bölgələrdə rastlaşdım...

Bütün bunlar məni belə bir qənaətə gətirdi ki, Qarabağı işğal etmək planını qarşısına qoyan Ermənistan, təkcə o əraziləri işğal etməyi yox, həm də yaratdıqları xüsusi vəhşi, dağıdıcı qruplar vasitəsilə orada nə varsa, hamısını Yer üzündən silməyi planlaşdırmışdı və bunu eyni ssenari üzrə bütün işğal altında saxladıqları ərazilərimizdə həyata keçirmişdi...

Yanşaqda hərbçilərimizlə görüşdük. Qələbənin məğrurluğu, Zəfərin sevinci üzlərindən, gözlərindən yağan bu qəhrəman oğullarla görüşmək ürəklərimizi fərəhdən dağa döndərdi. Ümumiyyətlə, səfər müddətində rastlaşıb görüşdüyümüz bütün polis əməkdaşları və hərbçilərin necə qürurla vətəni qorumaları, yüksək nizam-intizamları məni valeh etməyə bilməzdi...

Ermənilər hər nə qədər vandal əməlləri ilə Kəlbəcərə zərər verməyə çalışsalar da, heç cür mənfur istəklərinə nail ola bilməmişdilər. Elə yenə də Kəlbəcərin hər dağı, bulağı, meşəsi, daşı, çayları füsunkar gözəlliyi ilə yerində idi. Qamışlı kəndindən Kəlbəcərə hərəkət edəndə təbiət möcüzəsi olan və görənlərini heyran qoyan “Qaya baş-başa” gələn yerdə dayandıq...

Burada əslən Laçından olan dostum, tələbə yoldaşım Rauf Məmmədovla görüşdük. Deyim ki, biz ötən 28 ildən çox müddətdə və xüsusilə 44 günlük müharibə ərəfəsində daim məlumat və fikir mübadiləsi aparırdıq. Həmişə də Ulu Öndərin dediyi kimi, mütləq torpaqlarımıza, hətta Zəngəzura və Göyçəyə də qayıdacağıq kimi nikbin əhvali-ruhiyyə ilə yaşadığımızı bir daha bölüşdük. Rauf Laçın rayonuna səfərə gedəcəklərini və şəhid qardaşı Elxan Məmmədovun məzarı üzərində onun xatirə lövhəsini quraşdıracaqlarını bildirdi...
Uçuq-sökük pilləkənlə dağıdılmış tavanı, qapısı, bacası olmayan evimizə daxil oldum...

Doğulub boya-başa çatdığım, hər daşına, cığırına bələd olduğum Nadirxanlı kəndinin ərazisinə daxil olduqda bütün uşaqlıq, gənclik illərim kino lenti kimi gözlərimin önündən keçdi. O səsli-küylü, qonaqlı-qaralı, mərd insanları olan kəndimizdən heç bir əsər-əlamət yox idi. Məhəlləmizə yaxınlaşdıqda isə səbrim çatmadığından maşından düşərək tələsik hündür bir zahmanı sıçrayıb keçdim. Yaxınlıqdakı qonşularımız Möhsüm və Sədi əminin məhəllələrinə baş çəkdim. Bu mənzərəyə baxmaq o qədər ağır idi ki... O bağ-bağatlı həyətlərdən, rahat evlərdən heç bir əsər-əlamət qalmayıb...

Daha sonra öz evimizə tərəf addımladım. Atamın, mənim və ailə üzvlərimin min bir əzab-əziyyətlə tikdiyimiz böyük və hər bir şəraiti olan evimizin, yaxınlıqdakı tövlə və hamam binasının yalnız divarlarının qalıqları qalıb. Bütün meyvə ağaclarımız kəsilib, bağ-bərəmiz dağıdılıb, həyətimiz viran qoyulub...

Uçuq-sökük pilləkənlə dağıdılmış tavanı, qapı-bacası olmayan evin girişinə daxil oldum. Hər künc-bucağına nəzər yetirdim, əvvəlki o xoş günlərimizdən bir nişanə, iz tapmaq üçün ətrafa boylandım, tanış bir səs, doğma bir hənir duymaq üçün sakitcə qulaq verdim, amma...

Qəhər məni boğdu və kürəyimi elə o yarımçıq divarlara söykəyib birtəhər toxtaqlıq tapmağa çalışsam da, göz yaşlarımı saxlaya bilmədim...

Digər qonşularımız Bəxtiyar və Fikrət əminin həyətlərinə də baş çəkdik. Burada da eyni məşum mənzərə hökm sürürdü, sadəcə, fərq ondan ibarət idi ki, ermənilər Bəxtiyar əminin evində son vaxtlara qədər yaşamış, evin üzərinə 10 nömrəsi yazmış, lakin tərk edərkən öz mənfur xüsusiyyətlərinə xas davranaraq bu evi yandırıblar.

Ermənilər vaxtilə məhəlləmizə çəkdiyimiz su xəttinin yerini dəyişdirərək mərkəzləşmiş sistem yaradıblar və digər qonşuların evlərində məskunlaşan ermənilər üçün də su xətti çəkiblər.

Ümumiyyətlə, onlar istər Zallar, Çəpli, istərsə də İstisudan təxminən diametri 1,5 metrdən çox olan su boruları vasitəsilə çay sularının yığılması və Su Elektrik Stansiyalarının yaradılması, eyni zamanda, ermənilərin digər yaşadıqları ərazilərə də su çatdırılması məqsədilə layihələrin həyata keçirildiyinin, Basarkeçərdən Ağdərəyədək müasir avtomobil yolunun və yüksəkgərginlikli elektrik xətlərinin çəkildiyinin də şahidi olduq.

Nadirxanlı kənd qəbiristanlığını da barbarlar darmadağın ediblər...

Kənddə olarkən qərara gəldik ki, Nadirxanlıdan olan altı şəhidimizin, Xalid Əli oğlu Hümbətovun, Natiq Siyavuş oğlu Məlikovun, Qahir İsgəndər oğlu Bəxtiyarovun, Mürvət İzzət oğlu Hacıyevin, Müşviq Dilqəm oğlu Abbasovun, İsmayıl Mahir oğlu Məhəmmədlinin ruhunu əbədiləşdirmək üçün yaxın gələcəkdə burada bir xatirə lövhəsi quraşdıraq.

Kəlbəcərin girəcəyində şəhidlərimizə abidə ucaldılacaq


Tərtər çayı boyunca Kəlbəcər şəhərinə üz tutduq. Yolboyu ötüb keçdiyimiz yaşayış məntəqələrinin hamısında eyni ürəkdağlayan mənzərənin şahidi olduq. Nə bir salamat yaşayış yeri var, nə də hansısa bir tikili...

Kəlbəcər şəhərinin girəcəyində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış və ermənilər tərəfindən viran qoyulmuş abidə ilə üzbəüz erməni separatçıları tərəfindən quraşdırılmış abidə kompleksinin yerinə baxış keçirdik. Var olsun igid əsgərlərimiz ki, bu qondarma abidəni layiq olduğu kimi darmadağın ediblər. Biz qərara gəldik ki, gələcəkdə məhz həmin bu yerdə bütün Azərbaycan şəhidlərinin ruhuna bir abidə ucaldılsın. Məsləhətləşdikdən sonra qəhrəman şəhidimiz Anar Əliyevin xatirə lövhəsini həmin yerdə quraşdırdıq. Anarın hərbçi yoldaşları, Xüsusi Təyinatlılar, Kəlbəcər Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işdə bizə yaxından dəstək oldular, anım tədbirində iştirak etdilər.

Zənnimcə, həmin gün şəhid Anar Əliyevin xatirə lövhəsini ucaltmaqla, həm də rəmzi olaraq Birinci və İkinci Qarabağ müharibəsində canından keçən bütün şəhidlərimizi bir daha yad etdik, əziz ruhları qarşısında baş əydik, qazilərimizə və igid hərbçilərimizə dua etdik...

Mən və Vaqif müəllim çıxış edərək Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifəsini yazan və bizi bu gün bu torpağa qovuşduran, bu xoşbəxt hissləri yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun hər bir döyüşçüsünə bir daha sonsuz təşəkkürlərimizi bildirdik. Bu böyük qələbəni bizə yaşatdığı üçün Azərbaycan xalqı hər zaman Ulu Öndərin ruhuna, cənab Prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və qəhrəman hərbçilərimizə dünya durduqca borclu olacaq.

Dağıdılmış yurdumuzda bərpa işləri

Kəlbəcər şəhərində olarkən, ilk öncə, möhtərəm Prezident İlham Əliyevin rayona səfəri zamanı ucaltdığı Dövlət bayrağını ziyarət etdik. Kəlbəcər Rayon Polis Şöbəsinin, DTX-nin Kəlbəcər rayon şöbəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçi qrupu üçün nəzərdə tutulan ofis və yaşayış məntəqəsinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 8 nömrəli Yol İstismar İdarəsinin, çörək zavodunun fəaliyyətə başlamasını görmək çox qürurverici idi. Ümumiyyətlə, rayonun bütün istiqamətləri üzrə yeni çəkilən yollarda ən yüksək səviyyəli texnikaların işlədiyinin şahidi olduq.

Sonra Kəlbəcərin Yellicə kəndinin ziyalısı Əjdər Sarıyevin doğulduğu kəndə yola düşdük. Yolboyu yenə də ən müasir texnikalarla ta Ermənistanla sərhədə qədər geniş yolların çəkildiyini gördük. Doğma kəlbəcərlilər tərəfindən bu əzəmətli dağ zirvəsindəki kənddə hətta nəqliyyat vasitələrinin hərəkət etmək imkanı olmayan yerlərdə belə tikilmiş və ermənilərin viran qoyduğu evlərin mənzərəsini görmək olduqca dözülməz idi...

Bu kənddən ayrılıb yolumuzu Kiçik İstisuya və Böyük İstisuya saldıq. Zirvədən Kəlbəcər şəhəri və ətraf kəndlər çox aydın görünür. Yenə də mənzərə eynidir, dağıdılmış, viran qoyulmuş şəhər və kəndlər...

28 ildən çox müddətdən sonra bu müalicəvi ecazkar sudan elə yerindəcə dadmaq bizim üçün böyük xoşbəxtlik oldu. Böyük İstisudan Laçın rayonunun Minkənd kəndinə və Sarıyerə, Alagöllərə yüksəksəviyyəli yolların çəkilişi isə ikiqat sevincimə səbəb oldu.

Bundan sonra Vəng kəndində yerləşən Xudavəng Monastırına baş çəkməyi qərara aldıq. Yolboyu keçdiyimiz bütün yaşayış məntəqələrində erməni vəhşiliyinin davam etdiyini gördük.

Qamışlıçay-Tunel istiqamətində hərəkət edərkən Kəlbəcər-Laçın avtomobil yolu üzərində möhtərəm Prezident İlham Əliyevin rayona səfəri zamanı təməlini qoyduğu 3.4 kilometrlik uzunluğundakı tunelin yerləşdiyi ərazi də olduqca qürurverici idi.

Xudavəngə yaxınlaşanda burada monastırla 50 metr məsafədə yerləşən Eldar dayı və Bahar xalamgilin dağıdılmış evinə ürəkağrısı ilə baxdım. Uşaqlıq illərimdə bu yerlərdə çox olmuşdum. Hətta uşaqlarla monastırın həyətində “gizlənqaç”, voleybol oynadığımız da xatirimdədir... Xudavəng məbədi ərazisində rayonun işğalınadək heç kim bir nəfər də olsa ermənini orada görməmişdi.

Tarixən Kəlbəcər rayonu ərazisində heç bir erməni ailəsi yaşamamış, erməni yaşayış məntəqəsi mövcud olmamışdır. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 13 oktyabr tarixli qərarı ilə Ağdərə rayonu (keçmiş Mardakert) ləğv olunmuş, onun 23 kəndi və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun inzibati ərazisinə birləşdirilmişdir.

...Sonra biz Vəngdən ayrılıb tuneldən keçərək Zülfüqarlıdakı İstisuya gəldik. Əsrik kənd xəstəxanasının yaxınlığındakı məşhur “Turşsu” bulağından su içdik. Burada olarkən öz arı təsərrüfatı ilə yaylağa köçən və Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı möhtərəm dövlət başçısı ilə görüşmək xoşbəxtliyinə nail olan Sabir Mustafayevlə görüşdük.

Söyüdlü-Zod qızıl yatağının yerləşdiyi əraziyə də baş çəkdik. Söyüdlü yaylağında heyvandarlıq təsərrüfatı ilə məşğul olan İlham və Mehman Həsənov qardaşları ilə görüşüb söhbət etdik. Onların hazırladığı dadlı xörək və ürək açıqlığı ilə açdıqları süfrə məni əvvəlki illərə qaytardı. Arıçılarımızla, heyvandarlarımızla yenidən öz yurdumuz Kəlbəcərdə qarşılaşmağın fəxarət hissini yaşadım.

Bütün bunlar onu göstərir ki, dövlət başçımız Kəlbəcərdə böyükmiqyaslı işlər reallaşdırmaqla yanaşı, burada elə məsələləri və adətləri də bərpa edir ki, bütün bunlar kəlbəcərlilərin ürəyinə yağ kimi yayılır. Məlum olduğu kimi,  kəlbəcərlilər arı təsərrüfatları, qoyun sürüləri ilə səfalı Kəlbəcər yaylaqlarına köçürülmüşdülər. Şübhəsiz, o sürülər kənar yerlərdə də otladıla, o arı təsərrüfatları başqa bölgələrimizdə də qurula bilərdi, amma İlham Əliyev həm də bütün kəlbəcərlilərə o mesajı verdi ki, doğma Kəlbəcəri azad etmişəm və ən kiçik təsərrüfat işlərindən tutmuş, ən böyük infrastruktura qədər hər bir işi onların ixtiyarına verirəm və bütün bu imkanlardan ürək rahatlığı ilə istifadə etsinlər...

Onu da deyim ki, müharibəyədək Lev, Tərtər, Tutqunçay boyunca ermənilərin balıq tutmaları, fantanda, Zülfüqarlı suyunda çimmələri və bu görüntüləri sosial şəbəkələrdə yerləşdirmələri təbii ki, ürəyimizə dağ çəkmişdi. Çox şükür ki, həmin o şərəfsizlərin ayağı bu torpaqlardan kəsildi. İndi o çaylarda balıq tutanlar da, İstisuda çimənlər də Azərbaycanın öz vətəndaşlarıdırlar...

Şükür, bu ziyarətimizə! Ulu Öndər Heydər Əliyevin illər öncə dediyi kimi, öz doğma dağlarımızı, bulaqlarımızı, çaylarımızı da, ata-babalarımızın qəbirlərini də gördük. Sadəcə ürəyimizdə bir hüzn də var idi və hər birimizin qəlbindən keçirdi ki, kaş, Vətən torpağına qayıtmağa ömrü vəfa etməyən bütün məcburi köçkünlər, həmçinin kəlbəcərlilər bu xoşbəxt günləri görə biləydi... Allah vətən həsrəti ilə yaşayıb dünyasını dəyişənlərə rəhmət eləsin.

Sovet hökumətinin 70 ildə görmədiyi işlər 8-9 aya gerçəkləşir

Daha Kəlbəcərin 30 illik zülmət günləri sona çatıb və yeni uğurlu həyata qədəm qoyub. Cənab İlham Əliyevin də vurğuladığı kimi, Kəlbəcər çox çətin relyefli ərazidə yerləşir. Kəlbəcərdə doğulan, illərlə burada yaşayan və məcburi köçkün düşmüş biri kimi deyirəm ki, səfər müddətində şahidi oldum ki, hətta bu rayonda 70 il ərzində sovet dövründə görülməyən mühüm işləri belə, cəmi 8-9 ay ərzində Azərbaycan Prezidenti sürətlə gerçəkləşdirir.

Məsələn, ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından və Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunellərin tikintisinin həyata keçirilməsinin özü möhtəşəm və möcüzəvi layihədir. Bu tunelin çəkilməsi hələ sovet dövründən arzumuz idi, təəssüf ki, ona çatmadıq. Amma bunu indi İlham Əliyev həyata keçirir...

Kəlbəcərin işğala qədərki son illərində ermənilər elektrik enerjimizi kəsmişdi, illərlə qaranlıqda yaşamışdıq. İlham Əliyevin burada gerçəkləşdirdiyi və yaratdığı yüksəksəviyyəli enerji infrastrukturu sayəsində indi Kəlbəcərin işıqları da gur yanır. “Azərenerji” ASC və “Azərişıq” ASC rayona çəkilən yeni elektrik xəttini, Kəlbəcər rayonunun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. Hazırda da Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün əsaslı işlər görülür.

Kəlbəcərdə doğulmuş insanlar, 5 ildən sonra burada qurulmuş ən müasir infrastrukturlu yaşayış məntəqələrində, özlüyündə cənab Prezidentin siyasətini əks etdirən və dünya miqyasında yeni-yeni tətbiq edilməyə başlayan “ağıllı şəhər”, “ağıllı kənd”lərdə öz həyatlarını yüksək səviyyədə davam etdirəcəklər.

Kəlbəcər rayonu həm strateji bölgə olaraq, həm dağları, çayları, meşələri, bulaqları zəngin təbiəti və təbii sərvətləri, flora və faunası, həm də turizm imkanları baxımından Azərbaycanın ən füsunkar bölgələrindən biridir. İnanırıq ki, möhtərəm Prezidentin göstərişləri əsasında yaxın gələcəkdə, Kəlbəcər rayonu ərazisində də, İstisu sanatoriyasının yaxınlığındakı Taxtadüzü, ya da Qaraçanlı-Başlıbel kəndləri arasındakı Ağcaqız-Qoçdaş yaylaqları, Keştək və Zar düzənlikləri, “Ceyran” bulağından Sarıyerə gedən yolda Qaraarxacdakı “Məşədi Tavat” bulağına tərəf olan böyük düz, Bəzirxana yaylağından Ağduzdağa olan istiqamət və s. kimi çoxlu əlverişli yerlərin birində xarici turistlərin də cəlb olunması üçün müvafiq tutumlu təyyarələr üçün beynəlxalq hava limanı tikiləcək. Bunun üçün Kəlbəcərdə kifayət qədər düzənliklər mövcuddur.

Onu da qeyd edim ki, Taxta düzünün yaxınlığında Qobustan qayalıqlarından da böyük olan ərazidə beş mindən çox qayaüstü təsviri olan abidələrlə dolu ərazi mövcuddur.

Bildirim ki, Kəlbəcərdə Beynəlxalq Hava Limanının tikintisi hələ 82 il əvvəl planlaşdırılmışdı. Bununla bağlı, 1939-cu ildə “Kommunist” qəzetinin 14 may tarixli sayında qeyd olunub ki, Azərbaycan Xalq Səhiyyə Komissarlığının Baş Kurort İdarəsi bu il Bakı-İstisu arasında hava yolunu işə salmaq fikrindədir.

İlkin tikinti işləri üçün hazırlıq görülsə də, təəssüf ki, o zaman ermənilərin səyləri nəticəsində bu layihə kağız üzərində qaldı.

Əminik ki, çox yaxın vaxtlarda Kəlbəcərdə erməni barbarları tərəfindən viran qoyulmuş İstisu sanatoriyalarının yerində ən müasir sanatoriya kompleksləri, mineral sudoldurma zavodları inşa olunacaq. Həmçinin ən müasir hotellər, kanat yolları, müasir ictimai-iaşə obyektləri, istehsalat müəssisələri yaradılacaq, böyük Qayıdış nəticəsində öz yurd-yuvasına dönən hər bir ailə üçün yaşayış şəraiti yaradılacaq, onlar müxtəlif sahələr üzrə işlə təmin olunacaqlar. Kənd təsərrüfatı sahəsində bütün istiqamətlər üzrə geniş layihələr həyata keçiriləcək. Zod qızıl yatağı, civə və digər təbii sərvətlər öz istifadəmizdə olacaq.

Bizim üzərimizə düşən isə o olacaq ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışında fəal iştirak edək, açıq səma altında təbiət muzeyi olan Kəlbəcəri, onun flora və faunasını, ucsuz-bucaqsız meşələrini, yaylaqlarını, bulaqlarını, çaylarını, göllərini ekoloji təmizliyini göz bəbəyimiz kimi qoruyaq...

Doğma Kəlbəcərə səfərimiz yekunlaşırdı. Böyük qürur hissi ilə Murov yolu ilə Ömər aşırımına doğru qalxırdıq, o yüksəklikdən uzaqdan sayrışan Kəlbəcərin işıqlarına baxır, tezliklə bu yurdlara əbədi dönəcəyimizin bəxtəvərlik, cənab Prezidentimizə, şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə minnətdarlıq hissi ilə Vətəndən əsən doğma ətri ciyərlərimizə çəkib, düz 28 illik ağrı-acıdan sonra dərindən, ürəkdən rahat bir nəfəs alırdıq...

Bir sözlə, cənab İlham Əliyev özünün də dediyi kimi, Kəlbəcəri cənnətə çevirir...

Qurban SADIQOV,
Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının məsul işçisi
07.10.2021 11:32:00
Oxuma sayı: 401