Tural Abbaslı ildırımsürətli anti-terror əməliyyatlarının mesajını verdi
Ölçü:

Azərbaycan və Türkiyə Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimlərinə başladı. Araz çayı üzərində bayraq dəyişdirmə mərasimi də gerçəkləşdi. Rəsmi Bakı və Ankara bildirir ki, təlim iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən baş tutur.

İndi sual olunur: Birincisi, bu hərbi təlimlər kimlərə siyasi ismarışdır? İkincisi, ötən il olduğu kimi, bu il də təlimlərin davamı hərbi və ya anti-terror əməliyyatları ilə nəticələnə bilərmi?

Koordinat.az
xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı "Publika"ya açıqlamasında bütün hərbi təlimlərin siyasi məna daşıdığını deyib. Onun fikrincə, heç bir dövlət milyonlarla pul xərcləyib görüntü xatirinə hərbi təlim keçirməz: "Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin birgə gerçəkləşdirdiyi hərbi təlimlər də birmənalı olaraq kimlərəsə güc göstərişi və mövqe sərgiləməsi xarakteri daşıyır. İstənilən halda bütün hərbi təlimlər ilk olaraq siyasi aksiyadır. Son dönəmlər Türkiyə və Pakistanla birlikdə qardaş ölkədə, Laçın dəhlizində, Naxçıvanda həyata keçirdiyimiz hərbi təlimlərin də siyasi ismarışları var. Hərbi təlimlərin yeri və zamanı, onu kiminlə keçirməyin özü, hansı hərbi qüvvələrin iştirakı ilə baş tutması, hətta təlimlərə rəhbərlik edən komandirlərin, generalların kimliyi belə, mesaj xarakterli addımlardır. Yəni hərbi təlimlərin hər bir nüansı siyasi xarakterlidir. Son zamanlar keçirdiyimiz təlimlərin hamısı Azərbaycanın dostlarına və dostu olmayan ölkələrə bir mesajdır”.

Tural Abbaslının sözlərinə görə, bu təlimlər Ukrayna, İsrail kimi müttəfiq dövlətlərə xoşməramlı ismarışdır: “Mən bu hərbi təlimlərin qonşularımızın və regionda marağı olan ölkələrin yeni reallıqları başa düşənə qədər davam etdirilməsinin tərəfdarıyam. İstər ölkənin cənubunda, istər şimalında, istərsə də Xəzər dənizində bu təlimlər keçirilməlidir. Artıq regionda marağı olan ölkələr, güclər, ciddi siyasi-iqtisadi qüvvələr regionda yaranmış yeni siyasi gücü qavrasınlar və qəbul etsinlər. Eyni zamanda həmin qüvvələr yeni yaranmış bu güclə hesablaşmalıdırlar”.

Tural Abbaslının “Bu hərbi təlimlər real döyüş əməliyyatlarına çevrilə bilərmi?” sualına cavabı da birmənalı olub: “Təbii, real döyüş əməliyyatlarına çevrilə bilər. Xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsi öncəsi də Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri oldu. Bundan sonra 44 günlük müharibə başladı. Qeyd etdiyim kimi, bu təlimlərin birinci hissəsi siyasi ismarışlardan ibarətdir. İkinci hissəsi isə hərbi birləşmələrin manevr qabiliyyətinin, peşəkarlığın artırılmasına hesablanıb. Bu təlimlərlə hərbi qüvvələrin müxtəlif qolları öz aralarında koordinasiyanı həyata keçirirlər, onu daha da mükəmməlləşdirirlər. Eyni zamanda relyefin öyrənilməsi kimi müxtəlif hərbi məqsədləri də var. Bu da onu deməyə əsas verir ki, hərbi əməliyyatların nə zamansa real hərbi əməliyyatlara keçməsi mümkündür. İndiki halda söhbət hərbi əməliyyatlardan daha çox anti-terror əməliyyatlarından gedə bilər”.

Ağ Partiya sədrinin fikrincə, görünən odur ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan bəyannaməyə əməl etmir: “Ermənistan hələ də Xankəndində, Ağdərədə öz terrorçularını saxlayır. İlkin mərhələdə qısamüddətli və ildırımsürətli, əzici anti-terror əməliyyatlarını keçirmək olar. Mən belə düşünürəm ki, bu cür anti-terror əməliyyatlarının gerçəkləşməsi mümkündür”.
21.09.2021 11:56:00
Oxuma sayı: 105