Allahşükür Paşazadə İranın  “şirin quyruğu ilə oynamayın” hədəsinə cavab verəcəkmi?
Ölçü:

"Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota verdi, nəticəsi olmadı, yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarına daşındı. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağa girişlərinin qarşısını alaq. İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, Azərbaycanın İranla əlaqəli məsələlərdə atdığı son addımlar doğrudur, sadəcə Tehran rəsmi Bakıdan bu qədər cəsarətli addımlar gözləmirdi: "Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar. Alınmadı. Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumu almayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amuli səviyyəsində qorxutmağa çalışırlar. Ona da Azərbaycanla bağlı saxta informasiya əsasında mətn verib oxutdurublar".

Politoloq hesab edir ki, Amuliyə cavabı Qafqaz Müsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axundu versəydi yaxşı olardı: "Din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin, Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılmaları, şəhidlərimizin ruhlarına dualar oxumaları nə qədər vacib idisə, Azərbaycanı hədələyən axunda layiqli cavab vermələri bir o qədər əhəmiyyətlidir. Cəsarətli axunda ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amulinin diliylə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi".

Xatırladaq ki, İranın ali dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamı ayətullah Seyid Həsən Amuli cümə xütbəsində Azərbaycanı hədələyən çıxış edib. O, Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb.
20.09.2021 20:26:00
Oxuma sayı: 751