İran özünü regionun şiri hesab edirmiş...
Ölçü:


Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən qıcıqlanan İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib. SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlər üçün silah və texnika daşınıb.

Koordinat.az xəbər verir ki, İranın ali dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili də cümə xütbəsində Azərbaycanı hədələyən çıxış edib. O, Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən, Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.

Politoloq Zərdüşt Əlizadə İran-Azərbaycan arasında ziddiyyətlərin olduğunu təsdiqləyib. O, Modern.az-a deyib ki, İran öz addımlarına, Azərbaycan isə ayrılıqda öz siyasətinə bəraət qazandırmağa çalışır: “Tərəflər arasında həqiqətən ziddiyyətlər var. Amma bu, düşündüyümüz qədər də dərin deyil. İran-Azərbaycan gərginliyinin hər hansı münaqişəyə və ya ciddi toqquşmalara səbəb olacağını düşünmürəm. Yaşananlar adi diplomatik anlaşılmazlıq, itələşmədir. Bunun yavaş-yavaş yoluna düşəcəyi istisna deyil”.

Zərdüşt Əlizadə əlavə edib ki, Azərbaycan-İran əlaqələri ölkəmizin Ermənistanla münasibətlərindən asılı deyil: “Rəsmi Tehran və Bakı arasındakı münasibətlərə Azərbaycanın çoxşaxəli siyasəti təsir edir. Ona görə belə düşünmək olar ki, əsas təhlükə sovuşub. Yeni gerçəklik və yeni mənzərə yaranana qədər dalğalar davam edəcək”.
20.09.2021 17:24:00
Oxuma sayı: 699