Rusiyada Qarabağda ölən ermənilərə abidə qoydular - FOTO
Ölçü:

Ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı “abidə” ucaldıblar.

Koordinat.az
xəbər verir ki, məlumatı Milli Məclisin deputatı Razi Nurullayev ictimailəşdirib. Onun sözlərinə göprə, Samarada yaşayan azərbaycanlıların nümayəndələri, diaspor təşkilatları “abidəyə” etiraz ediblər.

Soydaşlarımızın bununla bağlı Samara şəhərinin müvafiq qurumlarına göndərdikləri məktuba gələn rəsmi cavab belə olub ki, “abidəni” şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur: “Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib. Rusiyaya səslənirəm ki, bu xoşunuza gələr?”.

Deputat deyib ki, Rusiyadakı Azərbaycan səfirliyi və Diaspora Komitəsi bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir: “Mən Milli Məclisin deputatı və Milli Cəbhə Partiyasının rəhbəri kimi kəskin etirazımı bildirir və Rusiya tərəfindən o yaramaz “abidənin” götürülməsini tələb edirəm”.
16.09.2021 15:10:00
Oxuma sayı: 270