İnternetin sürətinə görə beynəlxalq reytinqi açıqlandı – Azərbaycan geriləyib
Ölçü:

Britaniyann nüfuzlu Cable (cable.co.uk) qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.

Koordinat.az xəbər verir ki, Cable təşkilatı 2020-2021-ci illəri əhatə edən 12 ay ərzində ( 2021-ci ilin iyun ayınadək) 224 ölkə arasında internetin sürətilə bağlı aparılan milyonlarla test nəticəsində əldə olunan statistikaya əsasən Reytinq Cədvəli hazırlayıb. Reytinq Cədvəlində Azərbaycan 167-ci yeri qazanıb. Azərbaycanda əldə olunan orta sürət 6.6 Mbit/s olub.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil. “Bu göstərici qonşu ölkələr içərisində də yetərincə aşağı nəticədir. Düşünmək olar ki, ölkənin əsas provayderləri olan Baktelekom və Aztelekom dövlət şirkətlərinin əksəriyyət müştərilərinin 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub. 2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub".

Osman Gündüz xatırladıb ki, 2019-cu ildə bu qurumun Reytinq Cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri,  2018-ci ildə 135-ci yeri, 2017-ci ildə isə 102-ci yeri tutub. O, deyir ki, son illər bu sektorda inhisarçılığın yüksək həddə çatması, özəllər üçün dövlətə məxsus kabel-kanal infrastrukturundan istifadədə ciddi problemlərin yaşanması, ölkə üzrə keyfiyyətli internet probleminin həllini ötən illərdə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yalnız öz üzərinə götürməsi doğru yanaşma deyil və bu da öz nəticəsini artıq göstrəməkdədir.
15.09.2021 18:11:00
Oxuma sayı: 5911