Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradıldı
Ölçü:

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” ölkə Prezidentinin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb. Hazırda Baş İdarənin strukturunun formalaşdırılması, onun işçi qüvvəsinin planlaşdırılması, fəaliyyətinin təşkili ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır.

Komitədən Koordinat.az-a verilən məlumata görə, strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də İdarənin fəaliyyətinin dəstəklənməsi məqsədilə digər təminedici struktur vahidlərindən ibarət olması nəzərdə tutulub.

Baş İdarənin statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabərdir və Komitənin strukturuna daxil olan qurumdur. Bununla əlaqədar olaraq, Baş İdarədə dövlət qulluğu vəzifələrinə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan müsabiqə əsasında həyata keçiriləcək.

Ətraflı məlumat üçün office@arxkom.gov.az elektron poçt ünvanına və ya (+994 12) 595 13 50 və 493 34 67 (daxili 137 və 144) əlaqə nömrələrinə müraciət etmək mümkündür.

14.09.2021 16:50:00
Oxuma sayı: 266