Müstəntiq 4 milyondan 1,4 milyon yeyintini necə hesablayıb? - Eldar Həsənov onun işini istintaq edənləri məhkəməyə çağırdı
Ölçü:

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilən sabiq  Baş prokuror və səfir Eldar Həsənov səfir olduğu ölkədə Azərbaycan hökumətinin səfirlik üçün aldığı binalarla bağlı ittihamlara aydınlıq gətirib.

Koordinat.az xəbər verir ki, Eldar Həsənov bu gün keçirilən məhkəmə prosesində səfirlik üçün binaların alınması zamanı milyonlarla büdcə vəsaitinin yeyintisi barədə ittihamları qətiyyətlə rədd edib. O, bildirib ki, binaların seçilməsi və alınması prosesininə səfirliyə heç bir aidiyyəti olmayıb: “Bu işləri Bakıdan gələn komissiya həll edib. Komissiyanın sədri də Xarici İşlər nazirinin müavini olub. Belqradda 6 bina təklif olunmuşdu, gəlib özləri baxmışdılar, 4-nü bəyənmişdilər. Həmin 4 bina arasından necə seçim edilib, necə alınıb – mən o proseslərdə iştirak eləməmişəm. Aktda da nə mənim, nə də səfirlik əməkdaşlarının imzası var. Əmlak sahibi də ifadəsində təsdiqləyib ki, prosesdə mənim rolum olmayıb”.
 
Eldar Həsənov binaların alınmasında dövlət vəsaitinin mənimsənilməsi barədə iddialara dair mühüm bir arqumenti də dilə gətirib: "Elə hallar olurdu ki, əmlak sahibi pulun bir hissəsini nağd şəkildə almaq istəyirdi. Belqradda alınan binanın sahibi də ifadəsində etiraf edib ki, vergini çox ödəməmək üçün pulun bir hissəsini nağd alıb. Monteneqrodakı binanın sahibi iki qardaş olub. Onlardan biri pulu nağd istəyib, digəri isə bank hesabına köçürülməsini tələb edib. Çox mötəbər şəxsin köməkçisi ilə əlaqə saxlayıb, məlumat verdim ki, belə bir problem var. Onlar problemi özləri həll elədilər. Qardaşın birinə pulu nağd ödədilər, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, binanı 3 milyona istədilər, vermədim. Bina 4 milyona alınıb. Əgər adam öz diliylə deyirsə ki, 3 milyona verməmişəm, müstəntiq 4 milyondan 1.4 milyon yeyintini necə çıxarıb? 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm…”
 
Bosniya və Herseqovinadakı səfirlik binası haqda danışan Həsənov bildirib ki, Sarayevo küçəsindəki evin alınmasıyla bağlı İqtisadiyyat Nazirliyinin rəhbərliyilə komissiya yaradılıb: "Beş nəfərdən ibarət komissiya gəlib, seçim edib. O binanın da pulunun bir hissəsi nağd ödənilib. Bir hissəsini isə “Scana” şirkətinə köçürüblər. Bu şirkətin hesabı da Aşur adlı azərbaycanlının adına olub. Müstəntiq bunu araşdırmır ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş həmin ofşor şirkət kimin olub. Sahibi də bəllidir. Aşur isə ortada vasitəçidir, sadəcə, pul onun hesabına köçürülür. Ona da bu köçürməyə görə bir neçə yüz dollar pul verilir”.

Əlli cildlik iş materiallarında heç bir sübutun, lazımi sənədlərin olmadığını deyən sabiq Baş prokurorun sözlərinə görə, ona humanitar layihələrlə bağlı da ittiham verilib. Amma səfir və səfirlik əməkdaşlarının həmin layihələrə, vəsaitin xərclənməsinə heç bir aidiyyəti olmayıb. “Bu qədər qanunsuzluq, qəddarlıq olarmı?! Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözümü çəkinmədən deyən insan olmuşam, kimsənin arxasınca danışmıram. Arzu edərdim ki, istintaqı aparan burada olsun, onun üzünə deyim bunları. Deyirlər ki, danışdıqların prokurorluğun adına xələl gətirir. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbaran edildiyi, silahlı hücumlar olduğu vaxtda sinəmi qabağa vermişəm…”
 
Prokuror təqsirləndirilən şəxsin ittihamın mahiyyətindən kənara çıxdığını iddia edib. Bu zaman dövlət ittihamçısı ilə Eldar Həsənov arasında mübahisə yaranıb.

“Mən elə ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, başa düşdün? Yerini, həddini bil…” - deyə, sabiq Baş prokuror bildirib.
 
Bu mübahisədən sonra Eldar Həsənovun durumu pisləşib və o, müvazinətini saxlaya bilməyib. Bu üzdən məhkəməyə təcili yardım çağrılıb.

İş üzrə növbəti məhkəmə iclası sentyabrın 17-nə təyin edilib. (Gununsesi.info)
13.09.2021 20:58:00
Oxuma sayı: 347