Murov yolunda təhlükəsiz hərəkəti necə təmin etməli? - ekspert rəyi
Ölçü:

Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Kəlbəcəri Göygöl rayonu ilə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr yüksəklikdə yerləşir. Bu yolda nəqliyyat vasitələrinin hərəkəti heç də asan deyil. Son vaxtlar burada həm hərbi, həm də mülki nəqliyyat vasitələrinin qəzaya düşməsi halları qeydə alınır.

Koordinat.az xəbər verir ki, hazırda Göygöldən Ömər aşırımı ilə Kəlbəcərə yol çəkilişinin yataq-bərkimə işlərinin Qamışlı kəndinə qədər olan hissəsi başa çatıb.  Qarşıdan qış fəslinin gəldiyini nəzərə alsaq, sözügedən yolda hərəkətin çətinləşəcəyi gözlənilir. Bu isə ağır qəzalara səbəb ola bilər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, bu yoldan istifadə edən sürücülər təcrübəli olmalıdır. Onun sözlərinə görə, həmin ərazidə iş aparan qurumların, təşkilatların hamısı öz nəqliyyat vasitələrinin sürücülərinə belə şəraitdə avtomobil idarə etməklə bağlı yaxşı təlim keçməlidir: "Murov dağı elə yerdir ki, orada iki gündən bir duman olur. Qışda hətta həftələrlə duman müşahidə edilir. Bu şəraitə bələd olan, sərt eniş və yoxuşda nəqliyyat vasitəsinin idarə edə bilən, avtomobilin yüklənməsini, texniki vəziyyətini bilən və ona uyğun davranan sürücülər lazımdır. Hər sürücünü ora buraxmaq olmaz. Yol dəniz səviyyəsində 3300 metrə qədər hündürlüyə qalxır, sonra enir, sərt döngələr və s. var. Xeyli yerdə sərt döngə nişanları qoyulub, asfalt örtüyü yoxdur deyə, hərəkətin təşkili tam ideal deyil. Bu da təbiidir.

Hazırda tikinti işləri davam edir. Sərt döngələr, enişlər və yoxuşlarla bağlı nişanlar qoyulub. Tikintinin davam etdiyi indiki mərhələdə bu qənaətbəxşdir. Yaxşı olar ki, bəzi nöqtələrdə uçurum olan yerlərin kənarına qoruyucu sədlər qoyulsun. Söhbət ən təhlükəli yerlərdən gedir. Adətən bunu asflat örtüyü vurulandan sonra qoyurlar. Məndə olan məlumata görə, asflat vurulması hələ bu il baş tutmayacaq.

Tövsiyə edərdim ki, ən təhlükəli uçurumların kənarına qoruyucu sədlər qoyulsun. Bir müddət sonra həmin ərazilərdə şaxta, qar olacaq. Sürücünün səhvindən avtomobil sürüşüb, dərəyə gedə bilər. Belə nöqtələrdə beton sədlər qoyula bilər".

Ekspert, həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Ömər aşırımında çox möhtəşəm işlər görülür: "Həmin ərazilərdə heç zaman olmayan yollar çəkilir. Birinci Qarabağ veteranıyam. Kəlbəcərdə, Laçının şimal hissəsində, Ağdərədə döyüşlərdə olmuşam. 1992-ci ildə döyüşlərdə dəfələrlə Ömər aşırımından istifadə etmişik. O zamanlar ora maşın yolu deyil, at cığırı idi. Aşırımdan keçmək dəhşət idi. İndi isə düzəldilib, hələ ki asfalt örtüyü vurulmayıb. Amma yolun yatağı çox yaxşı hazırlanıb. O vaxtla müqayisədə indiki durum daha yaxşıdır".

 


09.09.2021 13:09:00
Oxuma sayı: 194