Türkiyəli ekspert: “Birgə təlimin Laçında keçirilməsi tarixi əhəmiyyət daşıyır”
Ölçü:

“Ermənistanın təxribatlarının artdığı və Azərbaycana müxtəlif səviyyədə təzyiqlərin edildiyi bir vaxtda Laçında Azərbaycan və Türkiyənin ordu birləşmələrinin hərbi təlimlər keçirməsi gözlənilən idi”.

Koordinat.az
xəbər verir ki, bunu türkiyəli ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında deyib. Terror və təhlükəsizlik üzrə ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycanın birlikdə təlim keçirməsi düşmənə mesajdır: “Təlimlər üçün Laçın bölgəsinin seçilməs tarixi əhəmiyyət daşıyır. Buna hərbi terminologiyada “dərinliyə hərəkət” deyirik. Burada şəxsi heyət hər iki dövlətin özəl hərəkatçıları və komandolarından təşkil edilib. Bu hərbi birliklər ordunun ən dözümlü və güclü birlikləridir. Bunlar adətən tələ qurma, pusquya salma, dərininə hərəkət, sızma tərzində hərbi əməliyyatların keçirilməsində xüsusi bacarığa sahib olurlar. Əlbəttə, Laçındakı təlimlər düşmənlərimizə göz dağıdır”.
 
Abdullah Ağar vurğulayıb ki, Azərbaycanın müharibədən sonrakı dönəmdə təlimlər keçirməsi təəccüb doğurmamalıdır: “Laçın 44 günlük Vətən müharibəsi nəticəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilib. Azərbaycan və Türkiyənin burada birgə hərbi təlim keçirməsi gözlənilən idi. Həmçinin bölgə həssasdır. Bu hərbi təlim Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinin təzahürü olan strateji müttəfiqliyin və əlaqələrin göstəricisidir. Azərbaycana hazırda Qarabağ məsələsində təzyiqlər edilir. Məğlubiyyətdən doymayan Ermənistan isə həm Qarabağ bölgəsində, həm də sərhəddə təxribatlar törətməyə cəhd edir. Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən  işğal edilən torpaqlarını 44 günlük müharibə nəticəsində azad edib. Hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrdə erməni separatçılarının tör-töküntüləri qalır. Bu məqam Qarabağın Azərbaycanın ərazisi olduğu həqiqətini heç cür dəyişdirə bilməz. Azərbaycan aktiv siyasət və diplomatiya yolu ilə həmin ərazilərdə də nəzarəti tam şəkildə gücləndirəcək”.

Abdullah Ağar onu da vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə çalışması artıq müsbət nəticələr verir: “Qarabağ zəfərinin qazanılmasında Türkiyənin ortaya qoymuş olduğu mənəvi dəstək başda olmaqla böyük işbirliyi ortaya çıxdı. İki qardaşın birliyi böyük zəfərlərə səbəb oldu. Hazırda bizim birlik və bərabərliyimiz yüksək səviyyədə davam edir. Bununla çox yaxşı nəticələr əldə edəcəyik. Türkiyə və Azərbaycanın arasında fitnə sala bilməzlər. Belə hallara icazə verilməli deyil. İki dövlətin iştirakı ilə müharibədən sonra altı ölkənin birləşməsi təklif olundu. Bunlardan biri də Ermənistan idi. Azərbaycan və Türkiyə Ermənistana əllərini uzatdı. Amma Ermənistan bunu anlamadı, hələ də terror həyata keçirir və bölgənin təhlükəsizliyini pozur. Ermənistan bölgə üçün təhdiddir və bunun qarşısını almaq lazımdır. Amma İrəvanın bəzən Türkiyə ilə yaxanlışmaq adı ilə iki ölkənin arasını pozmağa çalışdığını da unutmamaq lazımdır”.
 
Xatırladaq ki, sentyabrın 6-da Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

 

Bundan əlavə, təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

 
08.09.2021 13:42:00
Oxuma sayı: 176