Başlıbel faciəsi: eksqumasiya edilmiş cəsədlər əvvəlki yerində dəfn olundu - FOTOLAR
Ölçü:


Kəlbəcərin işğalı zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə dair daha bir fakt Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Söhbət Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllərdən gedir.

Koordinat.az xəbər verir ki, cinayət işinin istintaqı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində mülki əhaliyə qarşı  xüsusi amansızlıq və qəddarlıq  nümayiş etdirdikləri sübuta yetirilib. Belə ki, Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, bu ilin aprelində eksumasiya edilərək Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT (dezoksiribonuklerin turşusu) analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Dörd ay davam edən istintaqdan sonra eksumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul edilib. Bunun üçün şəhid ailələrinin razılığı da alınıb.

Bakı. Göy məsciddə cənazə namazı

Sentyabrın 2-də eksqumasiya edilmiş cəsədlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqundan çıxarılaraq Göy məscidə gətirilib, burada cənazə namazı qılındıqdan sonra Gəncəyə yola salınıb. Həmin gün axşam Gəncə şəhərindəki Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının qarşısında Başlıbel faciəsinin qurbanları ilə vida mərasimi keçirilib. Ertəsi gün Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində faciə qurbanlarının ailə üzvləri ilə yanaşı qətliama şahidlik etmiş kənd sakinləri, Baş Prokurorluğun əməkdaşları, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.
Gəncədə vidavidalaşma

Xatırladaq ki,  1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Onlardan 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçu olublar.
 
Aprelin 18-də isə Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış bölmələri mülki şəxslərin sığındığı kahaların yerini aşkarlayaraq mağaraları atəşə tutub. Bu zaman silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər kahalarda qətlə yetirilib. Hücum nəticəsində 10-u qadın və uşaq, 4-ü kişi olmaqla 14 nəfər girov götürülüb. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə mayın 12-də qətliamın törədildiyi kahalara yaxınlaşaraq burada qəbirlər qazmaqla şəhidləri paltarlı vəziyyətdə dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar iyulun 22-də gizli yollarla Kəlbəcərdən Daşkəsən rayonuna keçməklə 113 gün davam edən mühasirədən qurtula biliblər.

Xatırladaq ki, ermənilərin Başlıbel kəndində qətlə yetirdiyi digər qurbanların da cəsədlərinin axtarışı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Başlıbel. Üçrəngli bayrağa bükülmüş şəhid cənazələri "Portda"dakı məzarlığa gətirilir.

Elxan SALAHOV

06.09.2021 16:28:00
Oxuma sayı: 1565