Prezidentə təşəkkür borcu
Ölçü:

Elxan SALAHOV

Kəlbəcəri itirəndən, yurdsuz-yuvasız məcburi köçkün həyatına məhkum olandan bu cür qürurlanmamışdım. Prezident İlham Əliyevin işğaldan azad olunmuş Kəlbəcər rayonuna bir neçə gün əvvəlki səfəri xoşbəxt və firəvan gələcəyə inamın təntənəsi idi. Belə bir hissi heç vaxt yaşamamışdım. Hətta ötən il noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması xəbərini eşidəndə də. Baxmayaraq ki, həmin gün sevincimdən ağlamışdım, ermənilərin Kəlbəcəri birdəfəlik tərk edəcəyini hələ 15 gün əvvəl bildiyimiz halda, Ali Baş Komandanın xalqa müraciətinə baxarkən, az qala, televizoru qucaqlayacaqdım...

Prezidentin Kəlbəcərə tarixi səfəri zamanı gördüklərimiz, eşitdiklərimiz və duyduqlarımız isə başqa bir hissdir. Bu səfərin 28 ildir doğma yurduna qayıdacağı günü həsrətlə gözləyən kəlbəcərlilər üçün özgə anlamı var. Kəlbəcərə qayıdışın bünövrəsi, doğma yurdlarımızda aparılacaq quruculuq işləri, rahat və firəvan həyatın bərpası məhz bu səfərdən başlayır. Hələ işğaldan əvvəl, sovet hökumətinin planlı iqtisadiyyatının güclü vaxtlarından gözdən-könüldən uzaq olan, yolsuzluqdan, şəraitsizlikdən, bütövlükdə mərkəzi hakimiyyətin ögey münasibətindən əziyyət çəkən Kəlbəcərə bundan sonra fərqli yanaşma olacaq. Murovun altından Kəlbəcərə tunel çəkilməsi də, Laçın-Kəlbəcər, İstisu-Minkənd yolunun qurulması da buna işarədir. Planda rayonun ən iri və ən ucqar yaşayış məntəqələrindən olan Başlıbel kəndini rayon mərkəzi ilə birləşdirən yeni yolun tikintisi, Tutqun çayı zonasındakı 50-dək kəndi əlaqələndirən Tunel-Başlıbel sossesinə alternativ yol infrastrukturunun qurulması da var.

Kəlbəcərə səfəri ilə Kəlbəcərə hörmət gətirən Prezidentə bir təşəkkür borcum var. Həm də Kəlbəcərin işğalı zamanı ermənilərin Başlıbel kəndində törətdiyi kütləvi qətliamla bağlı həqiqətlərin, dəlil və sübutların dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi diqqətə, qayğıya və dəstəyə görə. Dövlət başçısı  bu unudulmaz səfəri ilə Kəlbəcərin işğaldan əvvəlki problemlərini dövlət siyasətinin üst qatına çıxardı.

Dövlət başçısının Kəlbəcərdən işğalçılara və onun havadarlarına, dünya ictimaiyyətinə ünvanlanladığı mesaj və bəyanatları, Azərbaycan xalqına, kəlbəcərlilərə yönəlik çağırışları da Böyük Qayıdışın möhtəşəm olacağından xəbər verir. Bu çağırış və mesajlar təkcə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması deyil, həm də əzəli torpaqlarımızda suverenliyimizin möhkəmləndirilməsi, ata-baba yurdlarımızda təhlükəsiz, xoşbəxt və firəvan yaşayışımızın təminatının müjdəsidir.

Kəsəsi, heç vaxt unudulmayacaq, dövlətimizin gücünə güc qatacaq, xalqımıza, xüsusilə kəlbəcərlilərə qürur yaşadacaq bir səfər!

Bu qüruru bizlərə yaşatdığınıza görə xüsusi təşəkkürlər, cənab Ali Baş Komandan!


20.08.2021 16:51:00
Oxuma sayı: 13342