Prezidentə təşəkkür məktubları: Kəlbəcərə tarixi səfərə görə...
Ölçü:

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevnın Kəlbəcərə səfəri gündəmin əsas mövzusu olaraq qalır.

Koordinat.az xəbər verir ki, dövlət başçısının 28 ildən sonra işğaldan azad edilmiş Kəlbəcərə səfəri ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır. Xüsusilə Kəlbəcərdən olan məcburi köçkünlər Ali Baş Komandanın bu səfəri ilə Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə xalqımıza qazandırdığı qələbənin sevincini yenidən yaşayır. Bunu dövlət başçısına ünvanlanan minnətdarlıq məktublarından da görmək olar.

Bakının Binəqədi rayonunda yaşayan Natəvan Quliyeva dövlət başçısına ünvanladığı minnətdarlıq məktubunda yazır:

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin və Mehriban xanımın doğulub boya-başa çatdığım Kəlbəcər rayonuna səfəriniz məndə böyük sevinc və fərəh hissi doğurdu. Mənfur düşmənin dağıtdığı evimizin yanında vüqarlı duruşunuzu, erməniləri və onların havadarlarını lərzəyə salan çıxışınızı sevinc göz yaşları ilə izlədim. Biz çox xoşbəxtik ki, Sizin kimi xalqına böyük Zəfər bəxş edən Ali Baş Komandanımız, qüdrətli sərkərdəmiz, yenilməz, rəşadətli ordumuz var.

Əziz Prezident, hazırda mənim ən böyük arzum doğma Kəlbəcərimizə qayıtmaq və bir həkim kimi insanlara xidmət etməkdir. Sizin sayənizdə torpaqlarımız işğaldan azad olundu və artıq mənim bu arzum reallaşır. Sizə bütün kəlbəcərlilərin adından dərin minnətdarlığımı bildirirəm.

Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Yaşasın Azərbaycan!

Hörmətlə,
Natəvan Quliyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu".

Göründüyü kimi, dövlət başçısının Kəlbəcər rayonuna tarixi səfərindən bir neçə gün keçməsinə baxmayaraq, Şərqi Zəngəzur bölgəsinin gələcək inkişafı naminə atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə Prezidentin ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir.

18.08.2021 22:38:00
Oxuma sayı: 393