Kəlbəcər və Laçında 4 istiqamətdə yol çəkilir: "Toğanalıdan Kəlbəcərə, Zülfüqarlıdan keçməklə Laçının Qorçu kəndinə hətta “Ferrari” ilə getmək olar"
Ölçü:

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçın və Kəlbəcər rayonlarında da avtomobil yollarının bərpası və yeni yolların salınması sürətlə davam edir.

Məlumatı olanlar bilir ki, bu iki rayon sovet dövründə ən bərbad yol infrastrukturu olan rayonlar idi. Bəlkə də bunda da bir müəmma var: hər iki rayonun mərkəzinə yalnız o vaxtkı DQMV-dən keçib getmək mümkün idi. Qonşu olan bu iki rayon arasında ilboyu istifadəsi mümkün olan bir dənə də yol yox idi (məlumat üçün bildirim ki, Kəlbəcərdən Laçına gedəndə yoldakı 200 metr uzunluqda məlum tunel bu iki rayonu birləşdirmək üçn deyil, rayon mərkəzi olan Kəlbəcər şəhərini rayonun Zülfüqarlı kəndi və Tutqun çayi hövzəsindəki digər kəndlərlə birləşdirmək üçün tikilib).

Elə məhz bu yolsuzluq I Qarabağ müharibəsində hər iki rayon üçün bəlaya çevrildi. 1988-ci ildə separatçı vandallar baş qaldıranda onların hər ikisi faktiki blokadaya düşdü. Ən faciəlisi o idi ki, bu iki rayonu digər qonşuları ilə - Laçını Qubadlı ilə, Kəlbəcəri Göygöl və Daşkəsənlə birləşdirən normal yol da yox idi. Laçından cənuba, yəni Qubadlı istiqamətinə yol bir az babat idi, amma bu yol da əslində kənd yolu idi, Laçın şəhərini Güləbird kəndi və rayonun digər cənub kəndləri ilə birləşdirmək üçün çəkilmişdi. Asfalt örtüyü yox idi, trası da çox çətin idi: sərt döngələr, sərt eniş-yoxuş, bəzi yerlərdə iki maşın qabaqlaşanda keçmək olmurdu və s.

Kəlbəcəri Göygöl (o vaxt - Xanlar) və Daşkəsənlə birləşdirən yollara isə yol demək əslində düz deyil, çünki onlar sadəcə yaylaq vaxtı köç yolu olmuşdu, ilin digər vaxtı istifadəsi mümkün deyildi.

I Qarabağ müharibəsi başlayan kimi separatçılar hər iki rayona gedən və hər iki rayonda asfalt örtüyü olan yeganə yolları – Tərtər-Kəlbəcər və Ağdam-Şuşa-Laçın yolunu bağladılar. Bundan sonra Qubadlı-Laçın-Kəlbəcər-Gəncə istiqamətində yolları normal vəziyyətə gətirmək üçün ciddi cəhdlər oldu. Amma təəssüf ki, o vaxtkı imkan və resurslarla çox iş görmək mümkün olmadı. Sonrası da hər kəsə məlumdur: ard-arda hər iki rayon işğal edildi. Bu işğalda yolsuzluq çox mühüm rol oynadı…

44 günlük müharibədən sonra təəssüf ki, hər iki şəhərə aparan sovet dövrünün asfalt yolu sülhməramlıların nəzarəti altındadır. Bütün imkanlarımızdan istifadə etməklə həmin yollara tam suveren nəzarəti bərpa etmək, şübhəsiz ki, yaxın gələcək üçün dövlətimizin əsas hədəflərindəndir.

Lakin şükürlər olsun ki, sovet dövründə buraxdığımız ciddi səhvləri düzəltməyə başlamışıq. Hazırda Laçın və Kəlbəcərdə çox yüksək templə aşağıdakı vacib əhəmiyyətli yollar çəkilir:

1. Toğanalı-Kəlbəcər-İstisu yolu
2. İstisu (Kəlbəcər) – Minkənd (Laçın) yolu
3. Kəlbərər-Laçın yolu
4. Xudafərin - Laçın yolu

Bunlardan başqa, hazırkı Laçın dəhlizinə alternativ yol da layihələndirilməkdədir.

Daha bir maraqlı layihə Güləbird kəndindən və ümumiyyətlə cənubdan Laçın şəhərinə yolu qısaldacaq və trası yaxşılaşdıracaq yoldur. Söhbət təxminən 10 gün əvvəl barəsində danışılan, özü də düzgün və detallı danışılmadığına görə bəzi adamlarda sual yaradan 23 km-lik yoldan gedir. Həmin yeni yol həm Laçın şəhərinə yolu qısaldacaq (Güləbirddən Laçın şəhərinə olan məsəfə 15-20 km qısalacaq), həm Zabuxa və oradan Minkəndə, daha sonra Kəlbəcər İstisuyuna qısa marşrutla getməyə imkan verəcək (Güləbirddən Zabuxa olan məsəfə -25-30 km qısalacaq), həm də sərt eniş-yoxuş və döngələr olmayacaq. Bu yeni yol təxminən Qayğı qəsəbəsi bərabərindən başlamaqla hər yerdə Həkəri çayı qırağı ilə gedərək indiki asfalt yola (Laçın-Zabux yoluna) birləşəcək.

Laçın və Kəlbəcərdə çoxlu kəndarası, yollar, habelə Qərbi Zəngəzurla sərhədə doğru yollar tikilir (məsələn, Laçında Bozludan başlayıb Mirikdən keçməklə Qara gölə qəşəng bir yol çəkilir).

Yollarda xeyli işlər artıq görülüb. Məsələn, Toğanalı- Kəlbəcər-İstisu-Minkənd yolunun və Kəlbəcər-Laçın yolunun Qorçuya qədər olan hissəsinin yatağı tam hazırdır, kipləşmə və narın çınqılla bərkitmə işləri görülüb, yalnız asfalt ötrük qalır. Yolun asfaltı olmasa da, çox hamar və rahatdır: bu dəqiqə Toğanalıdan Kəlbəcərə, daha sonra oradan İstisuya və Minkəndə, yaxud Zülfüqarlıdan keçməklə Laçının Qorçu kəndinə nəinki "CİP"lə, hətta “Ferrari” ilə getmək olar. (1992-1993-cü illərdə bu yolları yalnız tam ötürücülü yük avtomobilləri ilə gedə bilirdik). Murovun hər iki tərəfində yolun trası da xeyli yaxşılaşdırılıb.

Şükürlər olsun ki, qalan yollarda və qeyd etdiyim istiqamətlərin davamında (Qorçudan Laçın şəhərinə tərəf, Minkənddən Zabuxa tərəf) da işlər eyni sürətlə davam edir. Çünki həm ordumuzun operativ yerdəyişmələri, yüksək səviyyədə logistikası, həm də yaxın gələcəkdə böyük qayıdış üçün yollar çox önəmlidir.


Nə isə… Hər şey gözəl olacaq.
Xalqımıza və Ordumuza eşq olsun!

Ərşad Hüseynov
17.08.2021 21:55:00
Oxuma sayı: 260