MİQ imtahanlarının müddəti 90 dəqiqədən 120 dəqiqəyədək artırıla bilər - RƏSMİ
Ölçü:

“Sertifikasiya imtahanı ilə bağlı işçi qrupları tərəfindən hazırlıq işləri aparılır. Bunun icrası daha öncə planlaşdırılsa da pandemiya şəraiti imkan vermədi”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. Ölkədə pandemiya şəraitinin nəzərə alındığını qeyd edən mərkəz direktoru bildirib ki, şərait imkan verəcəyi təqdirdə məsələ ilə bağlı namizədlərə öncədən məlumat veriləcək.

Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə ötən həftə başa çatan imtahanlarla bağlı bəzi iradlar, o cümlədən sualların cavablandırılması üçün ayrılan vaxtın azlığı barədə narazılıqlara da aydınlıq gətirib. O, bildirib ki, imtahanların keçirildiyi səkkiz il müddətində imtahan vaxtı 90 dəqiqə müəyyənləşdirilib: “Burada növbəti məqam ondan ibarətdir ki, 2020/2021-ci ildə müəllimlərin işə qəbul imtahanında məntiq bloku yığışdırıldı. Müəllimlərin bir şikayəti də ondan ibarət idi ki, "mən humanitar ixtisaslarda müəllim olacağam, nəyə görə məntiq suallarına cavab verməliyəm?" Bilirsiniz ki, təhsil verənlərin sertifikatlaşdırılması qaydaları tərtib olunub. O qaydalarda məntiq bloku yığışdırılıb və müəllimlərin işə qəbulu üzrə müsabiqə sertifikasiya imtahanına bərabər tutulduğu üçün 2020 və 2021-ci illərdə keçirilmiş müsabiqələrdə məntiq bloku artıq yoxdur.

Cənab nazir (Təhsil naziri Emin Əmrullayev -red) də öz çıxışında bildirdiyi kimi, burada namizədlərin bir hissəsi imtahanların müddətinin 120 dəqiqə olmasını istəyirdi. Biz sertifikasiya prosesinə hələlik başlamamışıq. Sertifikasiya prosesinə başladıqdan sonra ehtimal olunur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin məhz 120 dəqiqə davam etməsi artıq aktuallaşsın və proses bundan sonrakı müddətdə 120 dəqiqə ərzində təşkil olunsun”.


10.08.2021 12:57:00
Oxuma sayı: 15615