İran Ermənistanla Azərbaycan və Türkiyəyə qarşı ittifaq qurur
Ölçü:

Nikol Paşinyan parlament seçkilərində qalib gələrək yenidən baş nazir vəzifəsinə təsdiqləndikdən sonra ilk xarici səfərini qonu İran İslam Respublikasına edib. O, İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılmaq üçün bu ölkəyə səfər etsə də, fürsətdən yararlanıb, Rəisi və ali dini lider, ayətullah Xameneyi ilə görüşlər keçirib. Tərəflər siyasi, iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı konkret mövzular ətrafında müzakirələr aparıblar.

Dini, mədəni fərqliliklərə baxmayaraq, İran-Ermənistan əməkdaşlığı yüksələn dinamika ilə davam edir. Qərbin sanksiyaları altında olan İran və Türkiyə ilə Azərbaycanın təcrid etdiyi Ermənistan bir-birinə ciddi ehtiyac duyur və maraqlarını uzlaşdırmağa çalışırlar. Xüsusən 44 günlük müharibədən sonra İranın rəqibləri – Türkiyə və İsrailin regionda nüfuzunun artması, Ankaranın aktiv siyasəti İranı ciddi narahat edir və bu ölkə strateqləri vəziyyətdən çıxmaq üçün müxtəlif planlar üzərində işləyir.  

Əvvəlcə onu xatırladaq ki, hələ prezident Ruhani dönəmində Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar başlayıb. Bu barədə imzalanan müvəqqəti razılaşma 2019-cu ilin oktyabrından qüvvəyə minib. Hazırda tərəflər arasında yeni – daimi sazişin imzalanması üçün danışıqlar gedir. Azad ticarət zonasının yaradılması ilə bağlı hərtərəfli geniş danışıqların bu ilin sentyabrında keçirilməsi planlaşdırılır. Şübhəsiz ki, bu məsələdə Avrasiya İqtisadi İttifaqının İranla həmsərhəd olan yeganə üzvü kimi Ermənistanın iştirakı və dəstəyi həm Moskva, həm də Tehran üçün önəmlidir.

İkincisi, İran Ermənistandan tranzit kimi istifadə etməklə Gürcüstana, oradan Qara dəniz vasitəsilə Avropaya çıxmağı hədəfləyir. Bunun üçün Ermənistanda yol infrastrukturunun bərpası və genişləndirilməsi sahəsinə investisiya yatırmağı təklif edir. Bu, Paşinyan hökuməti üçün də “göydəndüşmə” dəstəkdir, iqtisadi imkanları zəif olan Ermənistanda ölkədə daxili investisiya potensialı çox məhduddur, ölkənin şimal və qərbini birləşdirən müasir avtomagistrallar yoxdur.

Ermənistan da öz növbəsində İranla iqtisadi-ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır və bundan faydalanır. Ermənistan müstəqillik qazandıqdan bəri iki ölkə arasındakı ticarət dövriyyəsində ən yüksək göstərici məhz Paşinyanın ilk hakimiyyət dövrünə təsadüf edib və 2018-ci ilin yekunları əsasında 364 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb.

Qeyd edək ki, İran müharibədə Azərbaycanın qələbəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdən çox ciddi narahatlıq keçirirdi. Ehtimallar var idi ki, Azərbaycan Türkiyənin dəstrəyi ilə bu dəhlizi də nəzarətə götürə bilər və beləliklə, həm İranın Ermənistanla quru əlaqəsi kəsilər, həm də Türkiyənin Azərbaycan və ümumən türk dünyası ilə birbaşa quru əlaqəsi yaranar. Bu səbəblə İran bölgədə sərhədlərin toxunulmazlığını özünü qırmızı xətti elan edib. Bölgə dedikdə təbii ki, Ermənistan nəzərdə tutulur, çünki Azərbaycan əraziləri işğal olunarkən İrandan belə bir mövqe görmədik.  

Tehranda keçirilən Rəisi-Paşinyan görüşünə gəlincə, İran prezidenti dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına önəm verdiklərini deyib. Paşinyan isə Rəisini prezident seçilməsi münasibətilə təbrik edərək, İranla əlaqələrin inkişafının Ermənistan üçün birinci dərəcəli əhəmiyyət daşıdığını vurğulayıb: “Biz dialoqumuzu davam etdirməyə və ikitərəfli əməkdaşlığın gündəliyini zənginləşdirməyə hazırıq. Bu gün burada olmağım əməkdaşlığı ən yüksək səviyyədə dərinləşdirmək və gücləndirməyə sadiqliyimizi göstərir”.

Ermənistanın baş naziri yerli erməni icmasına və ermənilərin milli kimliyinin qorunmasına lazımi şərait yaratdığına görə İran dövlətinə təşəkkürlərini çatdırıb. O, İranın Şimal-Cənub avtomobil yolunun tikintisinə marağını alqışlayaraq, bu ölkə şirkətlərinin Sisyan-Mehri yolunun tikintisi üzrə tenderdə iştirakını müzakirə etməyə hazır olduqlarını vurğulayıb. Tərəflər enerji sahəsində əməkdaşlığa da toxunublar. Xüsusilə, İran-Ermənistan elektrik xəttinin tikintisindəki irəliləyiş, qaz-elektrik mübadiləsi proqramının uzadılması və genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşün sonunda Paşinyan Rəisini Ermənistana dəvət edib, İran hökumət başçısı dəvəti qəbul edib.

Onu da xatırladaq ki, avqustun 3-də İranın Ermənistandakı səfiri Abbas Zohuri Azərbaycanla sərhədə səfər edib. Bu, həm İranın həmin ərazilərdə atəşkəsin pozulmasından narahatlığını göstərir, həm də Ermənistana siyasi dəstəyin nümayişi sayıla bilər (Pressklub.az).

06.08.2021 12:47:00
Oxuma sayı: 1834