Azərbaycanda referendum olacaq?
Ölçü:


Payızda Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyi barədə xəbərlər yayılıb.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlara görə, hakimiyyət proporsional seçki sistemini, yaxud qarşıq sistemi bərpa etməyi, Milli Məclisin say tərkibini artırmağı hədəfləyir. Bundan başqa, hakimiyyət qollarının səlahiyyətlərinə də əl gəzdirilə bilər. Ali icra hakimiyyətinin əsas strukturu olan Nazirlər Kabinetinin ləğv olunaraq vitse-prezidentlik institutu, yerli icra hakimiyyətlərinin isə iqtisadi zonalar üzrə regional idarəçilik sistemi ilə əvəzlənə biləcəyi də deyilir.

Qeyd edək ki, referendum barədə təkliflər yeni deyil, iki il əvvəldən bəzi deputatlar, bir sıra ekspert və siyasətçilər Konstitusiya islahatlarının zəruriiliyi barədə fikirlər səsləndirirdilər. Son illər icra başçılarının ardıcıl həbsi, bu strukturun ictimai rəydə tam nüfuzdan düşməsi yerli idarəçiliyin dərin böhranda olduğunu göstərir. Mərkəzi hökumətin qəbul etdiyi dövlət proqramları, icra etdiyi müxtəlif layihələr aşağılarda korrupsiya sisteminin sabotajına məruz qalır.

Ölkədə siyasi partiya institutunun inkişafına, çoxpartiyalı parlamentin yaradılmasına, həqiqi müxalifətin qanunverici orqanda təmsilçiliyinə də ciddi ehtiyac var.   

Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalə də referendum keçiriləcəyi barədə xəbərlərlə müəyyən mənada səsləşir. Qəzet iddia edir ki, Qərb diplomatları müharibədən sonra Azərbaycan rəhbərliyini siyasi açılıma və islahatlara getməyə çağırırlar. Bu zərurətin rəsmi Bakı tərəfindən də qəbul edildiyi vurgulanır.

Bəs, Azərbaycanda Konstitusiya islahatlarına ehtiyac varmı? Hökumət bu addımı atarsa, hansı sahələrdə dəyişiklilər aparılmalıdır?

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Press Klub”a açıqlamasında bildirib ki, Milli Məclisin deputatlarının sayının 125 nəfərdən 200 nəfərədək qaldırılması və parlamentin tərkibinin yarısının proporsional seçki sistemi, digər yarısının isə majoritar seçki sistemi ilə seçilməsi düzgün addım olardı: “Təbii ki, bu seçkilərin əlverişli hüquqi mühitdə, azad və ədalətli keçirilməsi əsas şərtdir”.

Ekspert hesab edir ki, Konstitusiyada daha fundamental dəyişikliklərə ehtiyac var və bu dəyişikliklər əsasən aşağıdakı məsələləri əhatə etməlidir: “Mövcud Konstitusiya icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında balansı təmin etmir. Hakimiyyət bölgüsü icra hakimiyyətinin xeyrinə əhəmiyyətli dərəcədə pozulub. Xüsusulə Konstitusiyanın prezidentin səlahiyyətlərini müəyyən edən 109-cu maddəsinin 32-ci bəndi bu balansı icra hakimiyyətinin xeyrinə xeyli dərəcədə dəyişir. Həmçinin, ali icra hakimiyyəti orqanında vitse-prezidentlik institutu yaradıldıqdan sonra yuxarı icra hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinin fəaliyyətinə ciddi zərurət yoxdur. Bunlarla yanaşı, yerli idarəetmədə icra hakimiyyətlərinin rolu xeyli azaldılmalı, ümumiyyətlə, ləğv edilməlidir. Yerli idarəetmədə əsas hakimiyyət yerli özünüidarəetmə institutlarına verilməli və bu institutlar dövlət orqanı statusu almalıdır. Bu gün qanunverici və məhkəmə hakimiyyəti müstəqil hakimiyyət orqanları kimi güclü hüquqi təminatlara malik deyil. Konstitusiya qanunverici orqanın büdcənin xərclənməsinə nəzarəti, hökumətin qanunverici orqan qarşısında hesabatlılığı və sair məsələlər üçün real hüquqi təminat yaratmır”.

H.Həsənov qeyd edib ki, məhkəmə hakimiyyətinin qanunların icrasına nəzarət sahəsində funksiyalarına və ədalət mühakiməsi orqanı kimi fəaliyyətinə hüquqi təminatlar zəifdir: “Eyni zamanda, prokurorluq orqanının yeri də onun statusuna uyğun olaraq konkret müəyyənləşməli, hüquqi dövlətin mahiyyətinə və prinsiplərinə uyğun müəyyən edilməlidir. Ona görə də, hesab edirəm ki, dövlət hakimiyyətləri arasında balansın təmin edilməsi baxımından Konstitusiyada icra hakimiyyətinin səlahiyyətlərinin azaldılması, qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması istiqamətində əsaslı dəyişikliklər aparılmalıdr. Bunlarla yanaşı, hesab edirəm ki, əvvəlki referendumlarda Konstitusiyaya gətirilən və hüquqi dövlətin prinsipləri ilə uzlaşmayan normaların da Konstitusiyadan çıxarılmasına ehtiyac var”.
29.07.2021 17:35:00
Oxuma sayı: 745