İstifadə etmədiyimiz «İstisu»ya görə hər il 5-6 milyard itiririk - BDU-nun professorları Kəlbəcərin sərvətindən yazdı
Ölçü:

1996-cı il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşərək giriş nitqində üzaqgörənliklə, müdrikliklə demişdir: «Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar».

Ulu Öndər Heydər Əliyevin üzaqgörən arzu və istəyi 24 il altı aydan sonra öz həllini tapdı. 25 noyabr 2020-ci ildə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir yumruğu, qətiyyəti, apardığı dərin məzmunlu siyasətin nəticəsi olaraq 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanata əsasən 28 ildən sonra Ermənıstan silahlı birləsmələri və həmin ərazilərdə qeyri-qanuni məskunlaşmış ermənilər məcburi şəkildə Kəlbəcər rayonunu müharibəsiz tərk etdi, Azərbaycanın Silahlı Qüvvələri rayona daxil olub nəzarəti ələ aldı. Amma çarəsiz qalıb məğlubiyyətlə barışa bilməyən erməni ordusu və əhalisi bölgədə Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini yenə də acgözlük və həyasızlıqla davam etdirərək ekoloji terror həyata keçirmiş, evlərlə yanaşı meşələri də yandırmış, yenə də qisasçılıq hisslərini davam etdirərək müxtəlif ərazilərdə, o cümlədən hətta insanların ən çox ziyarət yeri olan qəbiristanlıqlarda piyada və tank əleyhinə küllü miqdarda minalar basdırmışlar. Bu günlərdə iki jurnalistin və bir vətəndaşımızın minaya düşərək faciəli şəkildə şəhid olmaları bütün dünya insanlarını hiddətləndirir.

Qədim Azərbaycan torpağı olan Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuş, Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdə durur. Rayonda 3 aprel 1993-cü ildə Ermənistan qəsbkarları tərəfindən işğal olunana qədər, mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 qəsəbə, 147 yaşayış məntəqəsi olmuşdur. İşğal zamanı Kəlbəcərdən 53,3 min nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və ya itkin düşmüşdür. Rayon əhalisi erməni işğalından sonra Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində 10 noyabr 2020-ci ilə qədər qaçqınlıq şəraitində yaşamışdır. Hazırda Kəlbəcər rayonunun ərazisi 3054 kvadrat km, əhalisinin sayı 77 min nəfər, o cümlədən şəhər əhalisi – 11 766 nəfər, kənd əhalisi – 65 237 nəfərdir (2020). Rayon kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayının hövzəsində yerləşib, qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Kəlbəcər rayonu resurs potensialına görə Azərbaycanın ən zəngin rayonu hesab edilir. Əhalinin sağlamlığının və onların istirahətinin təşkil edilməsi üçün bu rayona dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3 093 kubmetr olan termal və mineral su yataqları mövcuddur. Keçmiş Sovetlər dövründə göstərilən sanatoriya kompleksində hər il keçmiş SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa edirmişlər.

Əziz oxucu! Siz özünüz hesablayın və görün ki, Azərbaycan hər il xarici ölkələrdən hər bir litr suyu 1,5 AZN-ə alırsa, onda hər il istifadə edə bilmədiyimiz «İstisu»ya görə 5-6 milyard AZN itiririk. Onu da qeyd edək ki. «İstisu»yun Tərtər çayı ilə axan hissəsı çay boyu yerləşən rayonların əkin sahələrini şoranlaşdırır və gələcəkdə bunun da qarşısını almaq üçün Dövlət tədbirlər görməlidir. Həm də hədər yerə axidılan «İstisu»dan ayrilan duzlardan xammal mənbəyi kimi xalq təsərrüfatının müxtəlif sahələrində istifadə etmək olar.

Neron Babaxanov, İsmayıl Əliyev,
Bakı Dövlət Universitetinin professorları

29.06.2021 10:28:00
Oxuma sayı: 19716